11:36 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
11901

Səhiyyə Nazirliyi: "Uşaq Bərpa Müalicə Mərkəzi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Mərkəzdə qısa müddətdə yenidənqurma işləri aparılıb, beynəlxalq standartlara cavab verən, əsaslı təmir işləri görülüb"

BAKI, 14 mart — Sputnik. Uşaq Bərpa Müalicə Mərkəzi 1988-ci ildən fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Mərkəz uşaqların tam və ətraflı müayinəsini, yüksək dərəcəli ixtisaslaşdırılmış coxprofilli bərpa müalicəsini həyata keçirir, xəstə uşaqların fiziki və psixoloji reabilitasiyası üçün səylər göstərir, dispanser müşahidə üsulunun həcmini genişləndirir və təkmilləşdirir, erkən uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və erkən müdaxiləsini təşkil edir, bununla da əlilliyin qarşısının erkən alınması üçün tədbirlər görür.

"Bu gün mərkəz özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Möhtərəm prezidentimizin, səhiyyə nazirinin daimi qayğısı nəticəsində səhiyyə sistemində inqilabi dəyişikliklər baş verib. Belə ki, səhiyyənin maddi — texniki bazası inkişaf etdirilib, kadr potensialı gücləndirilib, səhiyyənin infrastrukturunun yenilənməsi sahəsində əsaslı işlər görülüb. Uşaq Bərpa Müalicə Mərkəzi bu dəyişikliklərin bariz nümunəsidir. Mərkəzdə qısa müddətdə yenidənqurma işləri aparılıb, beynəlxalq standartlara cavab verən, əsaslı təmir işləri görülüb. Mərkəz Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ən müasir cihaz və avadanlıqlarla təmin edilib", —deyə nazirlikdən bildirilib.

Məlumata görə, bu gün mərkəzdə İtaliya, Almaniya və digər ölkələrin aparıcı istehsalçılarının tibb cihazları, reabilitasiya avadanlığı, diaqnostik cihazları (USM, EKQ) fəaliyyət göstərir: "Bu cihaz və avadanlıqlardan təcrübəli mütəxəssislərimiz öz fəaliyyətində geniş istifadə edir, xəstə uşaqlara ən yüksək səviyyədə tibb xidməti göstərirlər. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb".

Qeyd olunur ki, Uşaq Bərpa Müalicə Mərkəzinə xəstələr sahə uşaq poliklinikalarından göndərilir: "Mərkəzimizə müraciət edən uşaqların hər biri üçün fərdi müalicə planı tərtib edilir və xəstələr il ərzində 3-5 dəfə müalicə kursu keçirlər. Bunun üçün mərkəzdə sağlamlıq imkanları məhdud olan xəstələr (uşaq serebral iflici, əzələ distrofiyası, hərəkət sisteminin pozulmaları, pleksidlər) üçün müalicə bədən tərbiyəsi zalları, massaj, su terapiyası, qalvanik vannalar, istilik terapiyası, parafin, naftalan otaqları, elektroterapiya, trenajor otağı, artterapiya, fitoterapiya otağı fəaliyyət göstərir. Eyni zamanda loqoped və surdoloqoped kabinetləri mövcuddur. Mərkəzdə dünya reabilitasiyasında geniş istifadə olunan və innovasion üsul sayılan kostyum terapiyası tətbiq edilir".

Mərkəzdə valideynlərlə də fəal iş aparılır: "Belə ki, müalicə tədbirlərində, o cümlədən bədən tərbiyəsi, aktiv terapiya, artterapiya və başqa terapiya prosedurlarında valideynlər də iştirak edir və maariflənirlər. Mütəxəssislərimiz valideynləri məlumatlandırır, müalicəni ev şəraitində davam etdirmək üçün onlara tapşırıqlar verirlər. Mərkəzdə vaxtaşırı "valideynlər günü" keçirilir, valideynlərin təklif və arzuları dinlənilir".

Mərkəzə müraciət edən xəstələrin 40%-dan çoxu nevroloji uşaqlar təşkil edir. Bu uşaqlar əsasən uşaq serebral iflici, bazu kələfinin doğuş travması, müxtəlif səbəblərdən inkişaf çətinlikləri olan uşaqlardır. UBMM-ə müraciət edən uşaqlarda sinir sistemi xəstəliklərilə yanaşı digər somatik xəstəliklər də müşahidə edilir. Mərkəzdə yanaşı gedən xəstəliklərin müalicəsi üçün də lazımi şərait yaradılıb.

"Mərkəzin dar ixtisaslı mütəxəssisləri yanaşı gedən xəstəliklərin müalicə olunmasında fəal iştirak edirlər. Bu xəstəliklərin müalicəsində müasir fizioterapiya cihazları, aerozol terapiyası, süni duzlaq şaxtası və digər üsullar geniş istifadə edilir. Sinir sistemi xəstəlikləri olan uşaqlarda eşitmə pozulmaları və nitq qüsurları müşahidə olunur. Bu problemləri həll etmək üçün loqoped və surdoloqoped köməyimizə gəlir", —deyə məlumatda bildirilir.

UBMM-in həkimləri və orta tibb işçilərinin peşə səviyyəsinin və ixtisas dərəcəsinin yüksəldilməsi daim diqqət mərkəzindədir: "Bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir. Mütəxəssislərimiz mütəmadi kurslara göndərilir, seminar, təlim və konfranslarda iştirak edirlər. Mərkəzdə son iki il ərzində dörd təlim keçirilmişdir. Təlimi Türkiyənin Ankara Universitetinin "Pediatriya" fakültəsinin mütəxəssisləri və UBMM-nin həkimləri keçirib. Təlimdə Bakının poliklinika və xəstəxanalarından 80 həkim iştirak etmişdir. Bununla yanaşı UBMM-nin həkimləri 19.10 — 30.11.2015-ci il tarixlərində Səhiyyə Nazirliyinin təşkil etdiyi monitorinqlərdə iştirak ediblər. Monitorinqə Bakı şəhərinin 15 poliklinikası cəlb olunmuşdu. Mərkəzimiz respublika mütəxəssislərilə yanaşı bir sıra ölkələrin reabilitasiya mərkəzlərilə elmi — praktiki əlaqələr yaradıblar. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin "Bonum" elmi mərkəzilə, İstanbulun Sabançı Mərkəzi ilə sıx əlaqə yaradıb. Mərkəzin dörd əməkdaşı Səhiyyə Nazirliyinin və BMT-nin Uşaq Fondunun dəstəyilə 2-5 dekabr 2015-ci il tarixində İstanbul şəhərində keçirilən Ümumdünya Pediatrik Konqresində iştirak edib".

Mərkəzdə Səhiyyə Nazirliyinin dəstəyi və Paraolimpiya Komitəsinin təklifilə sağlamlıq imkanları məhdud uşaqlar üçün "Boçça" oyunu üzrə dərnək təşkil olunub: "Fərəhli haldır ki, I Milli Uşaq Paraolimpiya oyunların UBMM-in uşaqları layiqli yerlər qazanmışlar. Mərkəzdə hər il sağlamlıq imkanları məhdud uşaqlar üçün şənlikləri keçirilir. Bu şənliklərin keşirilməsində məqsəd sağlamlıq imkanları məhdud olan uşaqlarla sağlam uşaqlar arasında inteqrasiya yaratmaqdır. Bu xəstə uşaqlarda özünə inam hissini artırır və sosial adaptasiyaya kömək edir. Bir sözlə, UBMM-in mütəxəssisləri və bütün kollektivi sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və cəmiyyətə sosial inteqrasiyası üçün bütün səyləri göstərirlər".

Əlaqədar

Kasıb uşaqların ali məktəbə yolu biryolluq bağlana bilər
Azərbaycanda uşaqlara şəxsiyyət vəsiqəsi 2020-ci ilədək veriləcək
Bakıda uşaq sanatoriyasında yanğın baş verdi
Nazirlər Kabineti: Daha uşaqlara gülməli adlar qoymurlar
Uşaqlar deyir atamızı verin!
Teqlər:
müalicə, Uşaq Bərpa Müalicə Mərkəzi, Səhiyyə Nazirliyi, uşaq

Əsas mövzular