19:07 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
TƏHLİL
Qısa URL
168440

Dörddəbir final görüşlərinin nəticələri ədalətli idi və bu qitə birinciliyində real qüvvələr nisbətini əks etdirdi.

Hörmətli futbol pərəstişkarları, biz sizinlə son iki gün ərzində futbol üzrə on altıncı Avropa çempionatının gərgin 1/4 final oyunlarının şahidi olduq. Bu görüşlər qitənin dörd ən güclüsünü müəyyən etdi. Biz əsasən çox həyəcanlı atmosferdə keçmiş və komandaların hazırda nəyə qadir olduqlarını göstərməyə çalışdıqları bu oyunları diqqətlə izlədik. Qeyd etməliyəm ki, 1/4 finalın nəticələri ümumilikdə komandaların imkanlarına uyğun idi və gəlin birlikdə bu görüşləri yada salıb təhlil edək…

İsveçrə – İspaniya – 1:1 (penaltidən 1:3)

İsveçrəlilərin əzmkarlığına heyran oldum. Bu yığma hazırkı dünya çempionu Fransanı yarışdan kənarlaşdırdı və bir neçə dəfə Avropa, bir dəfə isə dünya çempionu olmuş ispanları da məğlub etməyə yaxın idi. İsveçrəlilərin məşqçisi Vladimir Petkoviç mübariz komanda yarada bilib və onlar öz oyunları ilə növbəti dünya çempionatında ststist olmayacaqlarını göstərirlər.  Komanda ispanlarla oyunda da əzmkarlıqla oynadı, lakin penaltilərdən məğlub oldu.

Lakin mənə elə gəılir ki, bu qanunauyğundur. Bəli ispanlar artıq əvvəlki deyillər: onların heyətində rəqibi qorxuya salan və təkbaşına oyunun taleyini həll edə bilən superoyunçular yoxdur. Lakin öz proqnozumda qeyd etdiyim ki, İspaniya hətt bu heyətlə səviyyəcə isveçrəlilərdən güclüdür. Pireneylilərin "bankirlər" üzrrində əsas vaxtda qələbə qazanmamasının səbəbi artıq isveçrəlilərin böyük uğurudur.

Əsas vaxtda qolları ancaq "bankirlər" vururdular. Oyunun 8-ci dəqiqəsində Zakariya avtoqolla fərqləndi və ispanlar hesabda irəli çıxdılar. Lakin isveçrəlilər ruhdan düşmədilər. İkinci hissədə "bankirlər"in kapitanı və "Liverpul"un yarımmmüdafiəçisi Cerdan Şakiri hesabı bərabərləşdirdi. İspanlar irəli çıxmağa cəhd edirlər. İsveçrəlilər yorğun görünürlər: onların fransıalarla gərgin oyunu öz sözünü deyir, üstəlik 77-ci dəqiqədə, Froylerin kobud oyuna görə meydançadan çıxarılmasından sonra "bankirlər" azlıqda qalırlar. İspanlar hücum edirlər, lakin qapıçı Yan Zommer əla oynayır. İspan hücumçuları əlavə vaxtda da rəqib qapısına yol tapa bilmirlər.

Penalti seriyasının vaxtı çatdı. Burada pireneylilər daha dəqiq oldular. Niyə hesabın qanunauyğun olduğunu hesab edirəm? Çünki penalti vuranda yarımfinala çıxmaq imkanının olduğunu hiss edərək (bu isə onlardan ötrü fantastik nəticə idi) çox həyəcanlanmağa başladılar və bunu sezmək mümkün idi. İspanlar da səhv edirdilər, lakin qapıçıları Unai Simonun uğurlu oyunu və "bankirlərin" səhvləri onlarda qələbəyə inam yaratdı.

Bütün dünyada futbol həvəskarlarının rəğbətini qazanmış İsveçrə yığması öz turnir yolunu ləyaqətlə başa vurur, ispanlar isə yarımfinala çıxırlar.

İtaliya - Belçika 2:1

Bu oyun aşkar şəkildə göstərdi ki, italyanlar qitənin ən güclü komandası adına əsas namizəddirlər. Roberto Mançini avstriyalılarla oyunda italyanların səhvlərini nəzərə alaraq Belçika yığmasının ulduz heyətinə qarşı optimal taktiki sxemi seçə bildi. Sonuncularda Eden Azar oynamırdı, o isə bilindiyi kimi hazırda özünün ən yaxşı formasında deyil. Lakin oyuna Kevin de Bryuyne çıxıb. O, Romelu Lukaku və digərləri ilə birlikdə Belçika yığmasını qitə birinciliyinin növbəti mərhələsinə çıxarmaq əzmində idi. Lakin italyanlar bunu etməyə imkan vermədilər. Apenninlilərin sürətli hücumları dünyanın ən güclü qapıçılarından olan Tibo Kurtuanı oyunun əvvəlindən çox narahat edirdi.

Oyunun əvvəlindən məlum olurdu ki, italyanlar mütləq vurmalıdırlar: bu 31-ci dəqiqədə baş verdi. Marko Verattnin ötürməsindən sonra Nikolo Barella qol vurdu. İtalyanlar hücumlarını davam etdirirlər və 44-cü dəqiqədə yığmanın və "Napoli" klubunun forvardı Lorenso İnsinye uzaqdan möhtəşəm  zərbə ilə topu Tibo Kurtuanın qoruduğu qapının yuxarı küncünə yönəldir. Sanki iş artıq bitmişdi, lakin… Birinci hissəyə əlavə olunmuş vaxtda italyanlar qaydaları pozurlar və VAR göstərir ki, bu cərimə meydançasında baş verib. Penalti təyin olunur və onu Romelu Lukaku dəqiq yerinə yetirir.

Futbol həvəskarları səbrsizliklə ikinci hissənin başlamasını gösləyirlər və gərgin möhtəşəm oyuna ümid edirlər. Lakin Roberto Mançini adaşı, Belçikanın baş məşqçisi ispan Roberto Martinesi üstələyə bildi. İtalyanlar belçikalılara öz oyunlarını "sırıya bilirlər", rəqiblərinə hücumlarını tam realizə etməyə imkan vermirlər. Bu məsələ onlarda alınır və italyanlar görüşü qələbə ilə başa vuraraq Avropa çempionatının yarımfinalına çıxırlar.

Belçika yığmasına gəldikdə, hazırkı ulduz oyunçular əbədi deyillər: onlar daha da yaşlanırlar, lakin ölkələri üçün hansısa fəxri titul qazana bilmirlər. Fikrimcə, növbəti dünya çempionatı möhtəşəm belçikalı oyunçular üçün öz azarkeşlərinin xatirində əcnəbi klubların parlaq ulduzları kimi yox, milli komandanın heyəti kimi yadda qalmaq baxımından sonuncu şans olacaq.

Çexiya - Danimarka 1:2

Bu oyun barədə mülahizələrimdə qeyd etmişdim ki, əgər oyun başlanandan danimarkalılara ruh yüksəkliyi əldə etməyə imkan verməsə, Çexiyanın uğur qazanmaq şansı var. Düşünmürəm ki, bu vacib faktı çexlərin baş məşqçisi Yaroslav Şilqava başa düşmürdü. Yəqin ki, onun oyunçuları məşqçi qərargahının tapşırılqlarına dəqiq əməl etmədilər. Oyunun əvvəlindən çexlər danimarkalılarla açıq futbol oynamağa başladılar ki, bunu etmək olmazdı. Danimarkalılar isə baş məşqçiləri Kasper Yulmandın ənənəvi göstərişlərini yerinə yetirərək ilk dəqiqələrdən Tomaş Vaslikin qapısına hücuma keçdilər. Onların əzmi 5-ci dəqiqədə qolla nəticələndi: Dileyni gözəl qol vurdu.

Bu topdan sonra çexlər başa düşdülər ki, danimarkalılarla başqa futbol oynamaq lazımdır. Lakin artıq gec idi. Skandinavlar 42-ci dəqiqədə Dolberqin köməyilə hesabı 2:0-a çatdırdılar. Bu artıq qələbənin ayaq səsləri idi və çexlər irəli atıldılar. Onların əlindən ancaq ikinci hissənin əvvəlində bir qol vurmaq gəldi. Bunu bu çempionatda əla oynamış Patrik Şik etdi. Əminəm ki, bu oyunçu aparıcı Avropa klublarını ciddi maraqlandırır. Lakin onun yığması turnirlə vidalaşır, yarımfinala isə öz arzusuna 1992-ci il uğurunu, yəni, Avropa çempionluğunu təkrar etməyə bir addım da yaxınlaşmış Danimarka yığması çıxır.

İngiltərə - Ukrayna 4:0

Mənim Ukrayna yığmasına olan rəğbətimə baxmayaraq, ədalət naminə etiraf etmək lazımdır: ingilislər dəfələrlə güclü idilər. Ukraynalılar heç nə edə bilmədilər və ən əsası görünürdü ki, ingilislər var gücləri ilə oynamırlar. Mən artıq "Qaret Sautgeyt komandasını elə hazırlaşdırıb ki, ingilislər oyundan-oyuna güclənəcəklər" deyən mütəxəssislərə inanmağa başlayıram. Hər halda, biz görürük ki, bu mütəxəssislər haqlıdırlar və ən əsası Sautgeyt bunu bacarıb. Oyun barədə demək olar ki, o ingilislərin tam üstünlüyü ilə keçdi. Harvi Keyn bu oyunda iki top vurdu. Bu böyük forvardın oyunu alınanda bu, istənilən rəqib üçün təhlükəlidir! Digər iki topu Maquayr və Henderson vurdular. İngiltərə yığması yarımfinaldadır və bu çox ədalətlidir. Məncə, ingilislər çempionatda qələbəyə ciddi kökləniblər və buna nail olmaq üçün hər şeyi edəcəkıər.

Ukrayna millisinə gəldikdə, əminəm ki, Andrey Şevçenkonun komandasının gələcəyi var. Əgər məşqçi komanda ilə ağıllı işləməyə davam etsə və oyunçuların Avropa çempionatının dörddəbir finalından daha böyük nəticəyə nail olmaq həvəsi sönməsə, ukraynalıların gələcəkdə daha yüksək uğurlara imza atacağına ümid etmək olar.

Bizi isə sizinlə, hörmətli futbol həvəskarları, qitə birinciliyinin yarımfinal görüşləri gözləyir. Bütün futbol dünyası onları böyük maraqla gözləyir. Avropanın futbol üzrə on altıncı çempionatı davam edir…

 

Əsas mövzular