22:40 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
TƏHLİL
Qısa URL
42 0 0

Almaniyada belə hesab edirlər ki, inflyasiya problemi yaxın bir neçə ildə də qalacaq və bəlkə də artıq 2023-cü ildə böhrana gətirib çıxaracaq.

BAKI, 21 iyun — Sputnik. 2008-ci ilin qlobal maliyyə böhranından üzü bu yana ABŞ-da belə inflyasiya baş verməmişdi. Ancaq tənzimləyici qurum pul siyasətini sərtləşdirməkdən imtina edir. "Deutsche Bank" isə artıq xəbərdarlıq edib: hərəkətsizlik yaxşı heç nəyə gətirib çıxarmayacaq. Bu, ləng işə düşən bomba kimi bütün dünya iqtisadiyyatını təhdid edir.

İnflyasiyanı sürətləndirmək

May ayında ABŞ-da illik inflyasiya beş faizə kimi yüksəldi. Enerji və qida kimi qiyməti tez-tez dəyişən əmtəələrin daxil olmadığı istehlak qiymətlərinin baza indeksi isə keçən illə müqayisədə 3,8 faiz artdı ki, bu da 1992-ci ilin iyun ayından bu günə kimi ən yüksək göstəricidir. Hər şey bahalaşdı: avtomobil, texnika, mebel, aviabiletlər, geyim, ərzaq...

Dünya Bankının iqtisadçıları əmin edirlər ki, inflyasiya hədəfləməsini tətbiq edən ölkələrin əksəriyyəti (o cümlədən, Rusiya) narahat olmaya bilər: göstərici hədəf diapazonuna yaxın olacaq.

Ancaq ABŞ-da vəziyyət bir qədər fərqlidir. Bu ölkənin Federal Ehtiyat Sistemi (FED) işləmir. Hələ mart ayında FED rəhbəri Cerom Pauell bəyan etmişdi ki, inflyasiya hədəfinin müvəqqəti olaraq 2 faizə qədər artırılmasında heç bir problem görmür. İstehlak qiymətlərinin artırılmasının səbəbi aydındır. Amerika hakimiyyəti pandemiyanın əvvəlindən bu yana böhran əleyhinə tədbirlərə 6-9 trilyon dollar vəsait xərcləməli olub, pul kəsən maşınlar var gücü ilə işləyib. Co Baydenin hakimiyyətə gəlməsindən sonra isə iqtisadiyyat daha iki trilyon alıb. Bu, xüsusən, sosial məsələlərlə bağlı nəhəng təşviq paketidir.

Böyük borc və zəif dollar

Bu vəziyyət ABŞ dövlət borcunun təxminən ¼ qədər artmasına səbəb olub. İndi ABŞ-ın dövlət borcu 28 trilyon dollara (təxminən illik Ümumi Daxili Məhsulun 130 faizi qədər) çatıb. İqtisadçılar xəbərdarlıq ediblər ki, iqtisadiyyata yeni vəsaitlərin cəlb edilməsinin bir faydası olmayacaq. Müvafiq istehsal artımı olmadan dövriyyədəki əsginasların sayının artması büdcə yükünü çoxaldacaq və qiymətlər qalxacaq. Amerikalı istehlakçılar pandemiya vaxtı yığdıqları 1,6 trilyon dolları indi xərcləməyə başlayacaqlar.

Yeni çap olunmuş əskinasların güclü axını Amerika valyutasını vurdu. Dollar ucuzlaşaraq sərmayədarlar üçün cazibəsini itirir. 2020-ci il ərzində dollar avroya nisbətdə 0,8934-dən 0,8149-a qədər, təxminən 9 faiz dəyərdən düşüb. 2021-ci ildə daha 5-7 faiz ucuzlaşa bilər.

Daha bir amil büdcəyə görünməmiş dərəcədə təzyiqlə bağlıdır. 2020-ci maliyyə ilində büdcə kəsiri 16,1 faizə (3,1 trilyon dollara) çatıb ki, bu da ABŞ hakimiyyətinin irimiqyaslı hərbi əməliyyatlara böyük həcmdə vəsait ayırdığı 1945-ci ildən bu yana qeydə alınmış maksimum göstəricidir.

Sabun qovuğunu şişirtdilər

Bununla belə, FED əmək bazarının bərpası kimi iqtisadi hədəflərə çatmaq üçün "əhəmiyyətli irəliləyiş" görənə qədər faiz dərəcələrini artırmaq və aktiv satın alma proqramını azaltmaq niyyətində deyil. Tənzimləyici qurumun belə özünəinamı və hərəkətsizliyi sual doğurur.

"Dəqiq mübarizə planı lazımdır. Büdcə-vergi siyasətini müəyyənləşdirən şəxslər onların bu qərarından kimin ziyan görəcəyini anlamalıdırlar. Artıq amerikalıların 87 faizi qiymətlərin qalxmasından narahatdır. Cənab Pauell inflyasiyanın kəskin sıçrayışını etiraf etməli və bu ciddi problemə müvəqqəti çətinlik kimi yanaşmaqdan çəkinməlidir", – deyə senator Rik Skott bəyan edib.

İqtisadçılar bir məsələyə də diqqəti cəlb edirlər: FED daha həyəcan doğuran tendensiyanı – fond birjasında qlobal qovuğun yarandığını inkar edir. FED həddən artıq aşağı faiz dərəcələrini qoruyaraq və səhmlərin qiymətlərinin tarixi maksimuma çatdığı bir vaxtda balansı ayda 120 milyard dollar artırmağa davam edərək bazarı daha da qızışdırmaq riskinə gedir.

"Tənzimləyici qurum yalnız sərt iqtisadi eniş şansını artırır, amma son nəticədə inflyasiya hədəfinə çatmaq üçün pul siyasətini sərtləşdirmək məcburiyyətində qalacaq", – deyə Amerika Sahibkarlıq İnstitutunun analitiki Desmond Lahman qeyd edir.

Zəiflər zərər görür

Özü də bu, yalnız amerikalılara deyil, bütün dünyaya problem yaradacaq, deyə "Deutsche Bank"ın analitikləri xəbərdarlıq edirlər. "ABŞ-da inflyasiyaya məhəl qoyulmaması dünya iqtisadiyyatını ləng işə düşən bomba üzərində saxlayır. Bunun nəticələri çox dağıdıcı ola bilər, xüsusən də cəmiyyətin ən həssas təbəqələri üçün", – deyə bankın baş iqtisadçısı Folkerts-Landau vəziyyəti izah edir.

Almaniyada belə hesab edirlər ki, inflyasiya problemi yaxın bir neçə ildə də qalacaq və bəlkə də artıq 2023-cü ildə böhrana gətirib çıxaracaq. Və ekspertin də təsdiqlədiyi kimi, bundan ilk növbədə inkişaf etməkdə olan ölkələr zərər görəcəklər.

Aparıcı iqtisadiyyatlardakı pulun dəyərdən düşməsi investorların faiz artımı gözləntilərini gücləndirir. Bu, dövlət qiymətli kağızlarının gəlir gətirmək qabiliyyətini artırır ki, nəticədə borc almaq get-gedə daha baha başa gəlir.

Beləliklə, iqtisadçılar pandemiyadan sonra qlobal bərpa dövrünün başlanğıcının inkişaf etməkdə olan bazarlar üçün müsbət amildən təhdidə çevrildiyini bildirirlər: məsələn, Cənubi Afrika və Braziliyada borc dəyəri təhlükəli həddə yaxınlaşır. Özü də həmin ölkələrdə dövlət maliyyə sistemi onsuz da sabit deyil.

"Bu ölkələrin özlərindəkindən çox, ABŞ-dakı inflyasiyadan narahat olmaları üçün əsas var", – "S&P Global Ratings"in mütəxəssisləri belə deyirlər.

Zəngin dövlətlər inkişaf etməkdə olan ölkələrdən fərqli olaraq, pandemiya dövründə çox aşağı faiz dərəcələri ilə borc götürüblər. Belə ki, Misir bu il borcunu ÜDM-in 38%-i, kredit xidmətinin dəyərini isə 12,1%-i qədər vəsaitlə yenidən maliyyələşdirməlidir. Qana üçün bu göstərici daha yüksəkdir – 15 faiz. Eyni problem Mərkəzi Bankın qiymət təzyiqini azaltmaq üçün yanvar ayından bəri faizləri iki dəfə artırdığı Braziliyada da hökm sürür.

"Capital Economics"dən Uilyam Ceksonun sözlərinə görə, Braziliya inflyasiya və artan məhsuldarlığın iqtisadi sabitliyi necə təhdid etdiyinə ən yaxşı nümunədir.

"Bu, dövlət maliyyəsinin azalmasına və Mərkəzi Bank tərəfindən faiz dərəcələrinin yüksəldilməsinə, eləcə də kredit xidməti xərclərinin artırmasına səbəb olub", – deyə analitik vurğulayır.

Vəziyyəti daha çox, məsələn, Braziliya, Cənubi Afrika və Hindistanın xarici kreditorlardansa daxili kreditorlara güvənmələri xilas edir. Bu, kapital axınlarına qarşı həssaslığı azaldır.

Bu durumda Rusiya daha dayanıqlı vəziyyətdədir: federal kredit istiqrazlarında qeyri-rezidentlərin payı çox azdır. Mərkəzi Bankın məlumatına əsasən, may ayında bu rəqəm on faiz (apreldə 19,7 faiz) təşkil edib.

Federal Borc İstiqrazlarının sahiblərinin 80%-i yerli sərmayədarlar, ilk növbədə banklar və pensiya fondlarıdır. Qeyri-rezidentlər isə iri yerli bankların xarici törəmə təşkilatlarıdır. Bu durum həm sanksiyalar, həm də inflyasiya ilə bağlı riskləri sığortalayır.

Əsas mövzular