Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə əməkdaşlığında yeni mərhələ başladı

© Official website of President of Azerbaijan RepublicИльхам Алиев и Реджеп Эрдоган подписали Шушинскую декларацию о союзнических отношениях Азербайджана и Турции
Ильхам Алиев и Реджеп Эрдоган подписали Шушинскую декларацию о союзнических отношениях Азербайджана и Турции - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
Əliyev və Ərdoğan Şuşa müttəfiqlik bəyannaməsinə imza atdılar. Analitiklərin fikrincə, sənəd bütün regiona pozitiv təsir edəcək. Sənədin mahiyyəti nədir və nələr gözləmək lazımdır - Sputnik Azərbaycan-ın siyasi icmalçısı Aleksandra Zuyevanın materialında.

BAKI, 17 iyun — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də ilk dəfə Qarabağa səfər etdi. O, Şuşada oldu və azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar apardı.

Şuşa Bəyannaməsi

Liderlərin görüşünün yekunlarına əsasən, müdafiə sahəsində qarşılıqlı yardım məsələləri də daxil olmaqla, iki ölkə arasında bütün əməkdaşlıq sahələrini əhatə edən Şuşa Bəyannaməsi imzalanıb. Bununla belə, Əliyevin sözlərinə görə, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı qəti müddəalar da öz əksini tapıb.

"Bu gün biz Türkiyəni və Azərbaycanı dəmiryolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq", – deyə dövlət başçısı vurğulayıb.

Əməli işlərə, Ərdoğanın da artıq vurğuladığı kimi bir sıra məqamları aid etmək olar. Məsələn, Türkiyənin Qarabağın bərpasında Azərbaycana yardım göstərməsi, Şuşada Türkiyənin baş konsulluğunun açılması kimi.

Bundan başqa, Bakı ilə Ankaranın üçüncü ölkələrdə neft və qaz layihələrinə ortaq sərmayə qoyma ehtimalı, həmçinin tərəflərin 2023-cü ilə qədər qarşılıqlı ticarətin həcmini 15 milyard dollara çatdırmaq yolunda addım-addım irəliləməsini müzakirə etdikləri açıqlandı.

Analitiklərin əvvəlcədən proqnozlaşdırdıqları kimi, Ərdoğan altıtərəfli –Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və İranın iştirakı ilə – platformanın yaradılması təşəbbüsünü də diqqətdən kənarda qoymadı. Türkiyə liderinin sözlərinə görə, bu platforma bölgənin inkişafına gətirib çıxaracaq. Türkiyə, Azərbaycan və Rusiya bu məsələdə qətiyyətli mövqe nümayiş etdirir.

"Mən Yerevanı da altıtərəfli platforma çərçivəsində regionda əməkdaşlıq imkanlarından yararlanmağa çağırıram", – deyə o vurğulayaraq qeyd edib ki, Türkiyə öz tərəfindən Ermənistanla münasibətlərin normallaşması üçün əlindən gələni edəcək.

Yüksək müttəfiqlik səviyyəsi

Azərbaycanlı analitiklər artıq Şuşa Bəyannaməsini tarixi sənəd adlandırır və bunun Azərbaycanla Türkiyə münasibətlərində yeni bir mərhələyə çevriləcəyinə əmin olduqlarını bildirirlər. Xüsusən də Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov əmindir ki, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldəcək. Faktiki olaraq, iki ölkə arasındakı münasibətlər bu sənəd çərçivəsində müzakirə olunur.

Ekspertin fikrincə, bu, hərbi-siyasi ittifaqın gücləndirilməsini də əhatə edir. Faktiki olaraq, iki ölkənin hərbi-sənaye kompleksinin birləşməsindən söhbət gedir. Bundan başqa, sözügedən sənəd kadr hazırlığı, kosmik texnologiyalar da daxil olmaqla, ən yeni hərbi texnologiyaların əldə edilməsini nəzərdə tutur.

"Təbii ki, bəyannamə çərçivəsində Qarabağın bərpası, eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı irimiqyaslı layihələr də gerçəkləşdiriləcək", – deyə o vurğulayıb.

Hüseynov belə hesab edir ki, prezident Əliyevin öz çıxışında Şuşa Bəyannaməsinin yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinin bir növ davamı olduğunu xüsusi qeyd etməsi mühüm məqam idi.

"Bu çox maraqlı məqamdır və rəmzi xarakter daşıyır, çünki məhz Qars müqaviləsi Türkiyə, Rusiya və Cənubi Qafqaz ölkələri arasındakı münasibətləri həll etmişdi.

Ekspertin fikrincə, prezidentin sözügedən müqaviləyə istinad etməsi ondan xəbər verir ki, Azərbaycan hüquqi cəhətdən Cənubi Qafqaz dövlətləri arasındakı sərhədləri müəyyənləşdirən bu vacib sənədə də əsaslanacaq.

Deməli, Azərbaycan "Ermənistanla sərhədlərin delimitasiyası məsələsində Sovet dövründə qanunsuz olaraq Ermənistana verilən Azərbaycan ərazilərinin nəzərə alınmasında" da təkid edə bilər.

Ankara Yerevanla konstruktiv münasibətlərə hazırdır

Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutu Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin isə öz növbəsində, sözügedən bəyannamənin Türkiyənin Azərbaycana dair müttəfiqlik statusunu xeyli gücləndirdiyini düşünür. Onun sözlərinə görə, Ankara üçün Cənubi Qafqazda tutduğu mövqeyin nəzərə alınması onun beynəlxalq aləmdə mühüm oyunçu kimi qəbul olunması baxımından vacibdir.

Zəngəzur dəhlizinə gəlincə, siyasi analitikin fikrincə, bu məsələ, əsasən, Ermənistanın Qarabağla bağlı üçtərəfli bəyanatın icrası çərçivəsində açılması planlaşdırılan Cənub Nəqliyyat Xətti ilə əlaqədar əndişələrini müəyyən dərəcədə aradan qaldırmağa yönəlib. Bundan başqa, Pritçinin fikrincə, Türkiyə bu yolla bölgədə sülhün bərqərar olmasına və inkişafına töhfə vermək üçün Ermənistanla konstruktiv münasibətlərə hazır olduğunu göstərməyə cəhd edir.

Qarabağa səfər etmiş ilk xarici lider

Türkiyəli politoloq Engin Özer də oxşar mövqeyi bölüşür. O da belə hesab edir ki, bəyannamənin imzalandığı andan Türkiyə və Azərbaycan hüquqi baxımdan müttəfiq dövlətlərdir.

"Əgər əvvəllər iki ölkə arasındakı münasibətləri qardaşlıq, dostluq adlandırmaq mümkün idisə, indi artıq Türkiyə Azərbaycanın rəsmi müttəfiqidir", – deyə o vurğulayıb.

Bununla yanaşı, politoloq xatırladıb ki, Ərdoğan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etmiş ilk xarici liderdir.

"Bu türk xalqı üçün da xoşdur. Üstəlik səfərin Azərbaycan üçün mühüm bir gündə, Milli Qurtuluş Günündə gerçəkləşməsi də rəmzi xarakter daşıyır", – politoloq vurğulayıb.

Özer onu da qeyd edib ki, Azərbaycan, Rusiya və Türkiyənin Qarabağla bağlı gələcək qarşılıqlı münasibətləri Bakı, Moskva və Yerevanın imzaladığı üçtərəfli bəyanat çərçivəsində davam etdiriləcək.

Cənubi Qafqazın gələcəyi

Müasir Dövlət Quruculuğu İnstitutunun direktoru Dmitri Solonnikov Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsini Cənubi Qafqazda yeni düzənin qurulmasında mühüm mərhələ adlandırıb.

Onun sözlərinə görə, müharibədən sonrakı dünya hazırda institusional əhəmiyyət qazanmağa başlayıb, imzalanmış bəyannamə və tərəflərin Zəngəzur dəhlizinin açılmasına yönəlmələri Cənubi Qafqazın bundan sonra necə inkişaf edəcəyini göstərir.

"Burada söhbət yalnız iki ölkə arasındakı dostluqdan deyil, həm də bütün bölgədə tətbiq olunacaq logistika və texnologiyalarla bağlı qərarlardan gedir ", – deyə politoloq vurğulayıb.

"Zəngəzur dəhlizinin Şimal-Cənub kommunikasiya sisteminin ən vacib elementi olacağı və yeni infrastrukturların məhz onun ətrafında qurulacağı barədə söylənilənlər təkcə Azərbaycan və Türkiyə üçün deyil, Ermənistan üçün də müharibədən sonrakı dönəmdə mühüm əhəmiyyət kəsb edir. Və iki liderin Şuşa görüşü onun qurulmasının nə qədər ciddi bir addım olduğunu təsdiqləyir", – deyə politoloq vurğulayıb.

Bu məsələdə Rusiyanın roluna gəlincə, Solonnikovun sözlərinə görə, Moskva da Zəngəzur dəhlizindən istifadə edəcək beynəlxalq subyektlərdən biridir.

"Rusiyanın burada birbaşa iqtisadi və siyasi maraqları var. Ona görə də Rusiya yəqin ki, öz təsir gücündən istifadə edəcək. Böyük ehtimalla Ermənistanda keçiriləcək parlament seçkisindən sonra Moskva, Bakı və Yerevan arasında bu məsələ ilə bağlı təmaslar olacaq", – deyə o mülahizə yürüdür.

Şuşa Bəyannaməsinin Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə necə rol oynayacağını zaman göstərəcək. Sputnik Azərbaycan hadisələrin gedişatını izləyərək sizi bu barədə məlumatlandıracaq.

Xəbər lenti
0