20:39 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
TƏHLİL
Qısa URL
49

Energetika məsələləri üzrə icmalçı Sergey Savçuk Ukrayna dövləti ətrafında baş verən son prosesləri nəzərdən keçirib.

BAKI, 8 iyun — Sputnik. Dünən axşam Co Bayden axır ki, lütf eləyib ukraynalı həmkarı ilə telefonda danışdı. Son günlər Vladimir Zelenskinin Ağ Evin sahibi ilə onun Vladimir Putinlə görüşündən əvvəl şəxsən əlaqə yaratmaq üçün etmədiyi rüsvayçılıq qalmadı.

Düzdür, Amerika tərəfinin şərhinə əsasən, söhbət Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən rəsmi ifadələrdən kənara çıxmayıb. Aydındır ki, Kiyev üçün ən vacib və ağrılı məsələdə də heç bir dəyişiklik baş verməyib.

"Şimal axını-2" qaz kəmərinin inşasının finişə yaxınlaşması barədə xəbər layihənin lap əvvəlindən onu istənilən yolla ləngitməyə çalışan Ukraynadan da yan keçmədi.

Kiyev sözügedən boru kəmərinin Ukrayna Qaz Nəqli Sisteminin (bundan sonra - UQNS) mövcudluğunu mənasız hala gətirəcəyini və ölkəni mavi yanacağın tranzitindən əldə etdiyi illik bir neçə milyard dollardan məhrum edəcəyini əsas gətirərək kollektiv Qərbi sonsuza qədər daha sərt sanksiyalar tətbiq etməyə çağırdı və indi də buna davam edir.

Bu məsələdə nəyin həqiqət, nəyin siyasi manipulyasiya olduğunu aydınlaşdırmağa ehtiyac var.

İşə UQNS-nin 2014-cü il dövlət çevrilişindən və ardınca baş vermiş bütün hadisələrdən sonra sistematik şəkildə öz əhəmiyyətini və dəyərini itirməsindən başlayaq. Üstəlik, yeni hökumət büdcənin zəmanətli valyuta mənbələrindən birinin qəsdən axırına çıxdı.

"Qazprom"-la "Naftoqaz"-ın 2019-cu ilin dekabrında bağladıqları sazişə əsasən, Rusiya keçən il bu kəmərlə 65 milyard, 2021-2024-cü illər arasında isə illik 40 milyard kubmetrə qədər mavi yanacaq ötürməli idi. Ukrayna həmin vaxt qələbəsini səs-küylə qeyd eləmişdi, çünki müqaviləyə "Ya ödə, ya da ötür" məcburi şərtini artırmağa nail olmuşdu. Bu şərt onu nəzərdə tuturdu ki, "Gazprom" hətta fiziki cəhətdən daha az mavi yanacaq nəql etsə belə, tranzit haqqını tam ödəməli idi.

2020-ci ildə Ukrayna ərazisindən cəmi 55,8 milyard kubmetr qaz ötürüldü. Bu son 30 ilin mütləq antirekordudur. Müqayisə üçün: 2009-cu ildə Ukraynadan keçməklə Avropa İttifaqına 120 milyard kubmetr mavi yanacaq ötürülmüşdü. Başqa sözlə, layihə gücü 140 milyard kubmetr olan UQNS hazırda boru kəməri və kompressor gücünün üçdə ikisi qədər geri qalır. Lakin bu mürəkkəblikdəki və uzunluqdakı texniki obyekt elə-belə dayandırıla bilməz, daimi qulluq, planlı profilaktik təmir və maddi vəsait tələb edir.

Və biz burada ikinci hissəyə keçid edirik. 2014-cü ildə "Naftoqaz"-ın rəhbəri Andrey Kobolyev UQNS-nin dəyərini 25-35 milyard dollar həcmində qiymətləndirdi. Həmin vaxt Kiyev var gücü ilə Avropa profil şirkətlərini səhm bloklarını satın alaraq pay əldə etməyə çağırdı.

Maraqlı tərəflər qismində Polşanın "PGNiG", İsveçrənin "AOT Energy", İtaliyanın "Snam S.p.A", Slovakiyanın "Eustream" və başqa şirkətlərin adları hallanırdı. Ancaq gözlənildiyi kimi Kiyev hakimiyyəti bu məsələdə də hamını aldatmağa cəhd göstərdi.

Avropalı oyunçular prinsipcə, UQNS-ni satın almağa və Rusiya qazının tranzitinin etibarlılığı məsələsinə birdəfəlik son qoymağa hazır idilər, lakin Kiyev təklif payını 49 faizlə məhdudlaşdıraraq nəzarət payını satmaqdan imtina etdi. Nəticədə, alıcıların tam şəkildə iştirak etməməsi səbəbindən bütün tenderlər uğursuzluğa düçar oldu.

Vaxt isə heç də UQNS-nin xeyrinə işləmirdi. 2018-ci ildə yenə həmin Kobolev milli qaz nəqliyyatı sisteminin dəyərini artıq 14 milyard dollar olaraq qiymətləndirdi. 2019-cu ildə tranzitin uzadılması məsələsi bıçaq kimi sümüyə dirənəndə isə ana şirkətin bölünməsi nəticəsində yaranan və yalnız tranzitdən məsul olan layihə operatoru "Ukrtransgaz"-ın dəyəri cəmi 1,45 milyard təşkil edirdi. Bu rəqəm təsadüfən ortaya çıxmadı. Kiyev Böyük Britaniyanın "Ernst & Young" konsaltinq şirkətini məxsusi olaraq audit və qiymətləndirmə aparmaq üçün dəvət etmişdi.

Köhnə qaydanın açıq şəkildə nümayişi: "Bir məhsulun qiyməti müştərinin onun üçün ödəməyə hazır olduğu qədərdir".

Kiyevin mövcud vəziyyəti və gələcək perspektivləri anlamadığını düşünmək lazım deyil. Vladimir Putinin qaz kəmərinin ilk qolunun döşənməsinin başa çatmaq üzrə olduğunu elan etməsindən bircə gün sonra Ukrayna prezidenti informasiya nəhəngi HBO-nun strukturuna daxil olan "Axios"-un jurnalistinə müsahibə verdi. Bu müsahibədə Vladimir Zelenski ABŞ-ın Moskvaya tətbiq etdiyi sanksiya təzyiqindən imtina etdiyindən, UQNS-yə pul yatırmadığından və ümumilikdə bunun Ukraynanın təhlükəsizliyi və mənafeyinə birbaşa təhdid olduğundan şikayətləndi.

Bundan başqa, cənab Zelenski sələfi ilə birlikdə Ukraynanı qəsdən sürüklədikləri girdabın dərinliyini anlayaraq praktiki olaraq NATO-dan Ukraynanı dərhal öz quruluşuna qəbul etməsini tələb etdi. Zelenskinin nitqinin təfsiri üçün onun diplomatik korpusu tərəfindən hazırlanan bütün bəlağətli ifadələrə baxmayaraq, faktiki olaraq bu, Rusiya ilə təməl qarşıdurmada tam fiyaskonun etirafı idi. Küçə dili ilə desək, Qərb tərəfdaşları Ukraynaya "atdılar".

Vladimir Zelenski mövcud vəziyyətin ilkin şərtləri və ən əsası, bundan sonra nə olacağı barədə susur. Onun sükutu başa düşüləndir: ikinci müddətə yenidən seçilmək istəyir.

Açıq danışa bilərik axı...

Moskva ilə Kiyev arasındakı münasibətlər ABŞ tərəfindən ilham verilən və maliyyələşdirilən axırıncı Maydan hadisələrindən sonra kəskin şəkildə pisləşdi.

ABŞ mediasının qiymətləndirməsinə görə, bundan sonra yaşanan xaos dövründə hakimiyyətdəki demokratlar ən azı 6 milyard dolları Ukrayna vasitəsilə "yudular". Elə həmin vaxt "Burisma" qaz şirkətinin həvalə olunduğu gələcək demokrat-prezidentin oğlu Hanter Bayden orada peyda oldu.

Baydenlə (oğul) yanaşı, Kiyevə məsləhətçilərin effektli hücum qüvvəsi də gəldi ki, onlar da Ukrayna hakimiyyətinin praktiki olaraq bütün səviyyələrinə nüfuz etməyə başladılar.

Amerikalı mütəxəssislər enerji sektoruna və Avropaya qaz tranziti məsələlərinə xüsusi diqqət yetirirlər.

Xatırladaq ki, Vladimir Zelenskinin andiçmə mərasimində ABŞ-ı o zamankı energetika naziri Pik Perri təmsil edirdi. Bu gün ABŞ-ın yeni demokrat-prezidenti var və Ukrayna üçün yeddi il bundan əvvəl yazılmış ssenari gözümüzün qarşısındaca reallaşdırılmağa davam edir. Bunu görmək üçün yalnız yaxşı yaddaşa malik olmaq və faktları yerinə qoymağı bacarmaq kifayətdir.

UQNS hələ də amerikalıların marağındadır. Yalnız bir sadə səbəbdən ki, "Şimal axını-2" tam gücü ilə işləməyə başlayanda Ukrayna tranzit kəməri öz əhəmiyyətini və aktuallığını itirməsin.

Hollandiya tərəfinin verdiyi rəsmi məlumata görə, artıq bu ilin yay aylarında Qroninhen hövzəsi daxilində təbii qaz istehsalı tamamilə dayandırılacaq, başqa sözlə, Avropa bir dəfə əlini yelləməklə Hollandiyanın şimalından tədarük olunan 25 milyard kubmetr qaz əldən çıxacaq.

Belə böyük qaz həcmini yalnız bir şərtlə əvəzləmək mümkündür - Ukrayna tranziti də daxil olmaqla, Rusiyadan qaz tədarükünü saxlamaq və artırmaqla. Vaşinqtondan təsirlənən Kiyev Avropa operatorlarının boru kəmərinə daxil olmasına icazə vermədi, eyni zamanda, Rusiya ilə bağlı bütün məsələlərdə danışıq aparmaq üçün yararsız olduğunu inandırıcı şəkildə sübut etdi.

2021-ci ilin iyun ayındayıq, anomal temperaturun müşahidə olunmadığı adi yay fəslidir. Bununla belə, Avropada təbii qazın qiyməti sabit şəkildə min kubmetr üçün 300 dollardan aşağı düşmür. Bu rekord olmasa da, kifayət qədər yüksək rəqəmdir. Oktyabrın 15-də Avropada növbəti istilik mövsümü başlayanda mavi yanacağın qiymətinin nə qədər olacağını proqnozlaşdırmağa heç kim cəsarət eləmir, ancaq mütəxəssislər bu fikirdədirlər ki, dünya iqtisadiyyatının pandemiyadan sonrakı bərpa ilində qiymətlər kifayət qədər yüksək olacaq.

İndi isə sadəcə hadisələri sıra ilə düzək: Kiyevdəki çevriliş, Ukrayna prezidentinin andiçmə mərasimində enerji nazirinin iştirakı, bütün səviyyələrdə amerikalı məsləhətçilər, avropalı oyunçuların Ukrayna tranzitinə buraxılmaması, UQNS-nin tədricən dəyərini itirməsi Co Baydenin Rusiyanın ildırım sürəti ilə inşasını başa çatdırmağa çalışdığı "Şimal axını-2"-yə qarşı yeni sanksiyalardan imtina etməsi...

İyunun 16-da Cenevrədə Rusiya və Amerika prezidentlərinin görüşü keçiriləcək. Heç şübhəsiz ki, görüşdə Ukrayna və Avropaya qaz tədarükü məsələlərinə də toxunulacaq. Gəlin, belə mülahizə yürüdək ki, Baydenin sanksiyalarla bağlı tərəddüdü çox güman, dialoqa dəvət xarakteri daşıyır.

Əgər ABŞ Ukrayna tranziti məsələsini sxemdən çıxarsa və qaz tədarükünə bilavasitə nəzarəti ələ alsa, onda Vaşinqton nəinki Avropa İttifaqının siyasətinə birbaşa nəzarət edə biləcək, həm də kifayət qədər gəlir əldə edəcək.

Əlbəttə ki, bu, yalnız bir fərziyyədir, lakin belə bir sxem hamıya tamamilə sərf edir. Rusiya üçün ona görə əlverişlidir ki, Avropa bazarına giriş üçün maneələr aradan qaldırılar. Avropa İttifaqı üçün ona görə sərfəlidir ki, "Qroninhen"-in bağlanması fonunda öz fabrik və qazanxanalarını yanacaqla təmin edə bilər. Və ABŞ-a ona görə əl verir ki, layihəni tamamilə batıra bilməsə də, diplomatik balanslaşdırma hərəkəti sayəsində yaxşı maliyyə və geosiyasi dividentlər qazanar.

Bu strategiyanın reallaşmasında Ukrayna yalnız itirən tərəf olacaq. Ancaq bu, onun şüurlu tarixi seçimidir.

Əsas mövzular