10:32 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
TƏHLİL
Qısa URL
448 0 0

ABŞ administrasiyası Rusiya və Çini qlobal iqlim dəyişmələri ilə bağlı sammitə dəvət etməklə həmin ölkələrin hakim dairələrini hər baxımdan məğlub vəziyyətə salmağa çalışır.

BAKI, 29 mart — Sputnik, İrina Alksnis. ABŞ prezidenti demək olar ki, eyni vaxtda həm Çinə qarşı yeni sanksiyalar tətbiq edir, həm də Vladimir Putinlə bu ölkənin lideri Si Tsinpini aprelin 22-23-də keçirilməsi nəzərdə tutulan qlobal iqlim dəyişmələri ilə bağlı virtual sammitdə iştiraka çağırır. Qırx dünya liderinin qatılacağı bu tədbir canlı yayımlanacaq.

Vaşinqtonun yeni rəhbərliyinə haqq qazandırmaq mümkündür: belə bir tədbirin keçirilməsi ağıllı fikirdir, çünki bir daşla iki deyil, lap on quş vurmaq olar. İqlim məsələsinə fokuslanmaq demokratlara imkan verir ki, ətraf mühit məsələlərinə laqeyd yanaşdığını hər fürsətdə nümayiş etdirən əvvəlki prezidentin siyasətinə son qoyulduğunu vurğulasın. ABŞ Trampın çıxdığı Paris İqlim Sazişinə qayıdandan sonra Co Bayden sammitdə həm də Vaşinqtonun bu məsələdə bir daha dünya lideri rolunu oynamağa hazır olduğunu nümayiş etdirmək fürsəti əldə edəcək.

Bununla yanaşı, iqlim problemləri artıq xeyli müddətdir ki, amerikalılarla avropalılar üçün həm iqtisadi, həm də geopolitik rəqiblərinin inkişafını məhdudlaşdırmağa imkan verən vasitəyə çevrilib. Üstəlik, Qərbin sürətlə hakim mövqeyini itirdiyi müasir dünyada ekologiya onun monopoliyasını qoruyub saxladığı və maksimum dərəcədə istifadə etməyə çalışdığı azsaylı məsələlərdən biridir. Məsələn, 2023-cü ildə Aİ istehsal prosesində istixana qazı tullantılarının yüksək olduğu idxal məhsullarına karbon vergisi tətbiq edəcək. Siyahıya neft, qaz, metal, gübrə, sement – bir sözlə, Rusiyanın ixrac etdiyi əsas məhsullar aiddir ki, bu da istehsalçılar üçün ciddi problem yarada bilər.

Ağ Evin maksimum fayda götürməyə çalışdığı sammitin qlobal uzunmüddətli aspektləri ilə yanaşı, operativ aspektləri də var. Rusiya və Çin liderlərinə sammitdə iştirak etmək üçün dəvət hər iki ölkənin Vaşinqtonla münasibətlərinin son onilliklər ərzində ən aşağı nöqtədə olduğu vaxtda gəldi. Əslində, dövlətlər arasında bəzi məsələlərdə sərt fikir ayrılığının, bəzilərində isə məhsuldar əməkdaşlığın olması qeyri-adi hadisə deyil. Əksinə, bu olduqca normal haldır. Ancaq indi baş verənlər əsrlər boyu formalaşmış ənənələrdən xeyli kənara çıxır. Rusiya xarici işlər naziri son hadisələri şərh edərkən bildirdi ki, Qərb sadəcə "bir-birini dinləmək və maraqlar arasında balans yaratmaq bacarığını özündə əks etdirən klassik diplomatiyadan necə istifadə etməyi unudub".

Co Baydenin Rusiya prezidenti ilə bağlı təəccüblü açıqlamaları Amerika prezidentinin fərdi xüsusiyyətləri ilə izah oluna bilərsə, Çinə münasibətdə protokolun pozulması və ABŞ dövlət katibinin Ankoricdəki ikitərəfli görüşdə yol verdiyi açıq-aşkar kobudluq Vaşinqtonun düşünülmüş siyasətindən başqa bir şey deyil.

ABŞ-ın dövlət katibi Entoni Blinken
© AP Photo / Jacquelyn Martin

Çin Xalq Respubikası üçün vəziyyət daha xoşagəlməzdir, çünki bu ölkə Ağ Evə yeni prezidentin gəlişi ilə əvvəlki prezidentin Çin əleyhinə kursunun dəyişəcəyinə və ya ən azından bir qədər yumşalacağına ümid bəsləyirdi. Co Bayden özü də Trampın münaqişələrindən uzaqlaşaraq Pekinlə münasibətdə "sərhədli rəqabətə" keçmək niyyətini ifadə etmişdi. Ancaq hələlik vəziyyət yalnız pisləşməyə doğru gedir. Özü də Tramp əsasən iqtisadi sahədə "oynayırdısa", xüsusən Çin malları üçün çərçivə rüsumları tətbiq edirdisə, demokratlar başqalarına demokratiya, insan hüquqları və ətraf mühitə qarşı məsuliyyətli olmağı öyrətməyə can atırlar.

İndi Çinə qarşı yeni ittihamlar irəli sürülür ki, burada da əsas zərbə uyğur mövzusu vasitəsilə endirilir. Pekin də borclu qalmır, nəticədə qarşılıqlı sanksiyaların yeni dalğası başlayır - Birləşmiş Ştatlar həmişə olduğu kimi Çinin cavab tədbirlərini "əsassız" adlandırır. Üstəlik, qara siyahıya salınmış rəsmi şəxsləri deyil, Çin əleyhinə kampaniyanı dəstəkləyən markaları daha ciddi nəticələr gözləyir –"H&M", "Nike" və "Adidas" nəhəng bazarını itirmək ərəfəsindədir.

Bu məqamda təşkil olunan iqlim sammiti Vaşinqtonun xeyrinədir, çünki ətraf mühitin mühafizəsi liberal-qlobalist ideologiyanın əsas dəyərlər və ştamplar dəstinə daxildir və beləliklə, rəqiblərə qarşı əlavə təsir gücünü təmin edir. Odur ki ABŞ administrasiyası Rusiya və Çini bu tədbirə dəvət etməklə həmin ölkələrin hakim dairələrini hər baxımdan məğlub vəziyyətə salmağa çalışır.

Əgər Putinlə Si konfransda iştirakdan imtina etsələr, onları məsuliyyətsizlikdə, bəşəriyyətin və öz ölkələrinin mənafeyinə etinasızlıqda, eyni zamanda, qorxaqlıqda ittiham etmək olar. Yalnız ona görə ki, bu tədbir ABŞ tərəfindən təşkil olunub. Yox əgər Rusiya və Çin liderləri sammitdə iştirak etsələr, şübhəsiz ki, amerikalılar öz üstünlüklərini nümayiş etdirmək və hətta Moskva və Pekin üçün alçaldıcı vəziyyət yaratmaq naminə əllərindən gələni əsirgəməyəcəklər.

Alyaskadakı qalmaqallı danışıqlardan sonra ABŞ-ın diplomatik protokola riayət etməsinə inanmaq çətindir – canlı yayım və onlayn format, üstəlik tədbirin təşkilatçısı olması Vaşinqtona istədiyi tərbiyəsizliyi etməyə geniş imkan yaradacaq.

Ancaq ABŞ bu hiyləgər planında çox vacib bir məqamı unudub. Qərb son hərəkətləri ilə Rusiya-Çin ittifaqının möhkəmlənməsini təmin etdi. Sergey Lavrovun Çinə son səfəri bunu mümkün olduğu qədər açıq şəkildə nümayiş etdirdi. Belə ki, Rusiya və Çin Vaşinqtonun istənilən məkrinə, hiyləsinə birlikdə müqavimət göstərəcəklər, bu isə elə amerikalıların özləri üçün xoşagəlməz sürprizlərə gətirib çıxara bilər.

Əsas mövzular