11:12 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0446
  • RUB0.0221
TƏHLİL
Qısa URL
33 0 0

"Rusiya dövlət borcuna qoyulan sanksiyalar daha çox Qərb investorlarının cəzalandırılması kimi qiymətləndirilə bilər. Bazarda müəyyən dalğalanmaların baş verməsi, əlbəttə ki, mümkündür, ancaq bu, fundamental şəkildə heç nəyə təsir göstərməyəcək".

BAKI, 18 mart — Sputnik, Natalya Dembinskya. Vaşinqton yenə Moskvanı sanksiyalarla hədələyir, ABŞ bu dəfə Rusiyanı federal borc istiqrazlarının alınmasına qadağa qoymaqla təhdid edir. İngilislər də amerikalılara qoşulmağa hazırdırlar. Xarici investorlara Rusiya istiqrazlarının alınmasının qadağan edilməsi kifayət qədər sərt məhdudiyyətdir. Bəs bu addım Rusiya iqtisadiyyatı üçün nə dərəcədə təhlükəlidir? Sualın cavabı "RİA Novosti"nin məqaləsində.

Köhnə məsələ

Martın əvvəllərində məlum oldu ki, ABŞ və Böyük Britaniya növbəti dəfə Moskvaya təzyiqi gücləndirəcək, özü də xarici investorları Rusiya dövlət borcuna əlçatanlıqdan məhrum etməklə.

Əslində, bu məsələni okeanın o tayında çoxdan müzakirə edirdilər. Ekspertlər iki mümkün ssenarini fərqləndiriblər: birincisi, bütün federal borc istiqrazlarına qadağa qoymaq (o cümlədən, əvvəllər əldə olunanlara da), ikincisi, yalnız yeni alınanları yasaqlamaq. Tam embarqo qoymaq, əlbəttə ki, ən sərt variantdır, ancaq bu addım Amerika və Avropanın maliyyə şirkətlərinə də ağır zərbə vura bilər.

Nəticədə Vaşinqton kompromisə getməli oldu və 2019-cu ilin avqust ayında "Skripalların işi" bəhanəsi ilə Amerika banklarına Rusiya dövlət qiymətli kağızlarının yerləşdirilməsində iştirak etməyi, həmçinin Rusiya hökumətinə borc verməyi qadağan etdi. Ancaq bu qərar qiymətli kağızların ikinci əl bazarına şamil edilmədi.

Beləliklə də, əcnəbilərin Rusiya bazarına giriş imkanı saxlanıldı: onlar borc alətlərini və yerli emitentlərin səhmlərini "kənardan" ala bilərlər.

Ancaq Demokratik Partiyanın namizədinin prezident seçkisində qələbə qazanması vəziyyəti dəyişdi.

"Biz Rusiyaya münasibətdə Amerikanın mövqeyinin ciddi səkildə sərtləşəcəyini gözləyirik. Bayden komandasındakıların Rusiya nifrəti inanılmazdır", – "Financial Times" yazır.

Digər tərəfdən, Amerika KİV-lərinin də qeyd etdiyi kimi, Rusiya iqtisadiyyatına nəzərəçarpacaq ziyan vurmaq üçün Vaşinqtonun əlində çox vasitə qalmayıb. Bu vasitələrin sonuncularından biri Rusiya dövlət borcuna yatırımın qadağan olunması idi.

Bu məqamda "Bloomberg" vəziyyətlə yaxşı tanış olan mənbəyə istinadla xəbər yaydı: "ABŞ və Böyük Britaniya Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayır". Bu dəfə "Navalnı işi" ilə bağlı. Və söhbət "ölkənin suveren borcuna qarşı həddindən artıq sərt tədbirlərdən" gedir.

"Əgər Rusiyanın yenidən kimyəvi silahın tətbiqi ilə bağlı beynəlxalq qadağanı pozduğu üzə çıxarsa, o zaman prezident Co Bayden Avropa ilə əməkdaşlıq çərçivəsində bu sanksiyaları nəzərdən keçirə bilər", – deyə agentlik vurğulayır.

Vəziyyət kritik deyil

Konkret söhbətin nədən getdiyi hələlik aydın deyil, ancaq çətin ki, federal borc istiqrazlarının ikinci əl bazarı, çətin ki, bundan ziyan görsün. Çünki bundan, ilk növbədə, qiymətli kağızların əsas hissəsini əlində saxlayan Qərb yatırımçıları zərbə alacaq. Bu xəbərdarlıq Rusiyanın İqtisadi İnkişaf Nazirliyindən verilib. Nazirliyə görə, hər bir halda mümkün sanksiyalar Rusiya üçün kritik xarakter daşımır.

Hazırda Qərb investorlarının federal borc istiqrazlarındakı payı 23 faizə bərabərdir. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun da vurğuladığı kimi, bu göstəricinin dəyişməsi ölkənin maliyyə durumuna ciddi təsir göstərməyəcək.

"Rusiya dövlət borcuna qoyulan sanksiyalar daha çox Qərb investorlarının cəzalandırılması kimi qiymətləndirilə bilər. Bazarda müəyyən dalğalanmaların baş verməsi, əlbəttə ki, mümkündür, ancaq bu, fundamental şəkildə heç nəyə təsir göstərməyəcək", – deyə nazirliyin nümayəndəsi vurğulayıb.

Mümkün sanksiyaların əsas mənfi nəticəsi rublun zəifləməsi ola bilər, çünki qeyri-rezidentlərin və xarici vətəndaşların rus valyutasına olan tələbi azalacaq. Bununla belə, Qərb investorlarının Rusiyanın dövlət maliyyə bazarından çıxmasının effekti qısa müddətli olacaq.

"Düşünürəm ki, vəziyyət 1 dolların 80 rubla qədər bahalaşmasından o yana keçməyəcək. Son bir neçə ildə davamlı səslənən sanksiya ritorikası fonunda Rusiya bu cür addımlara müqavimət göstərməyə hazırlaşıb", – deyə Ümumrusiya Banklar Mərkəzinin rəhbəri Semyon Tenyayev bildirir.

Dolayı yollar

Analitiklər federal borc istiqrazları ilə maraqlanan investorlarının artıq bir müddətdir ki, mümkün məhdudiyyətlərdən yan keçmək üçün sxemdən istifadə etdiklərini yada salır.

"Sanksiyalar yalnız dollarla hesablaşma aparan və "Euroclear", "Clearstream"də depozitar mühasibat uçotu olan avrobondlar üçün qüvvədə olacaq, çünki yalnız bu halda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi onların həyata keçirilməsini izləyə bilər. Federal borc istiqrazlarına qadağa qoymaq mənasızdır, çünki bu kağızlarla maraqlanan investorlar onların özünü deyil, faiz və valyuta svoplarını əldə edirlər", – deyə "Sputnik-Kapitalın İdarə Edilməsi" şirkətinin baş direktoru Aleksandr Losev vəziyyəti izah edir.

Onun sözlərinə görə, əgər Qərb investorlarına Rusiyanın federal borc istiqrazlarının alışı qadağan olunsa, vəsait ruslar da daxil olmaqla vasitəçilərin əli ilə yönəldiləcək.

Sanksiyalara qarşı mümkün mexanizmlərdən biri də son benefisiarlarını açıqlamayan xüsusi statusa malik şirkətlərdən istifadə olunmasıdır. Bundan başqa, qeyri-rezidentlərə kriptovalyutalar və ya digər rəqəmsal aktivlərdən istifadə etmələrinə heç nə mane olmur.

Teqlər:
istiqraz, dövlət borcu, bank, Rusiya, ABŞ

Əsas mövzular