Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa "günah keçisi" axtarır

© AFP 2023 / Helmut FohringerЖенщина в маске идет по городу во время локдауна, объявленного правительством в связи с коронавирусом, в Вене, Австрия
Женщина в маске идет по городу во время локдауна, объявленного правительством в связи с коронавирусом, в Вене, Австрия - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
Avstriya kansleri: "Məsələn, niyə Maltaya Bolqarıstandan daha çox peyvənd düşüb? Kuluarlarda qəbul olunmuş bu razılaşmaları araşdırmaq və vaksinasiya prosesini bazara çevirməkdən çəkinmək lazımdır".

BAKI, 16 mart — Sputnik, Qaliya İbrahimova. Avstriya, Çexiya, Bolqarıstan, Sloveniya və Latviya Avropa İttifaqının (Aİ) peyvənd preparatlarını necə paylamasından narazıdır. Avropa Rusiya və ya Çin peyvəndinə keçməyə hazırlaşır. Xəbər verilir ki, Brüssel "Sputnik V" peyvəndi almaq üçün Moskva ilə danışıqlara başlamağa hazırdır. RİA Novosti "Köhnə dünya"da koronavirusla mübarizə ətrafında qalmaqalların niyə səngimədiyinə aydınlıq gətirib.

"Günah keçisi" axtarışında

"Bəzi ölkələrə verilən peyvəndlər əhalinin sayına tərs-mütənasibdir. Biz bu məsələni növbəti sammitdə müzakirə etməyə çağırırıq", – Avstriya, Çexiya, Bolqarıstan, Sloveniya və Latviya liderlərinin məktubunda belə deyilir.

Avstriyanın kansleri Sebastyan Kurts Brüsselə Bolqarıstan və Latviyadakı vəziyyətə diqqət yetirməyi tövsiyə edib. Siyasətçi bildirib ki, həmin ölkələrdə peyvənd preparatlarının çatışmazlığı yeni koronavirus dalğası və qapanma ilə nəticələnib.

"Məsələn, niyə Maltaya Bolqarıstandan daha çox peyvənd düşüb?", – deyə Kurts sual edir. "Biz bunun səbəbini Aİ-nin idarəedici şurasının gizli müqavilələrində görürük. Kuluarlarda qəbul olunmuş bu razılaşmaları araşdırmaq və vaksinasiya prosesini bazara çevirməkdən çəkinmək lazımdır", – deyə o bildirib.

Sosial Demokrat Partiyasından olan müxaliflər Kurtsun bu fikri ilə razılaşmır: "Kansler Avstriyadakı peyvənd kampaniyasının iflasa uğramasına görə "günah keçisi" axtarır", – deyə partiyadan qeyd ediblər.

Avstriya hökuməti İngiltərə-İsveç preparatı olan "AstraZeneca" və Amerika istehsalı "Pfizer" ilə vaksinasiya prosesinə keçən ilin sonlarında start verib. Ancaq mart ayında problemlər yarandı, "AstraZeneca" bəyan etdi ki, bütün Aİ ölkələrini peyvəndlə təmin edə bilməyəcək. Digər tərəfdən, peyvənd olunanlarda ağırlaşmalar (tromb əmələ gəlməsi) müşahidə olunmağa başladı, İtaliya və Danimarkada isə ölüm halları qeydə alındı. Nəticədə Avstriya, Danimarka, Norveç, Bolqarıstan, Latviya, Litva və Estoniya sözügedən preparatın tətbiqini dayandırdı.

"Əlavə təsirli" vaksinasiya

Bu günlərdə Estoniyada 31 yaşlı dövlət məmuru peyvənddən sonra dünyasını dəyişib. Dünən isə Slovakiyada 38 yaşlı orta məktəb müəllimi ölüb. Ölənlərin yaxınları İngilis-İsveç şirkətini məhkəməyə vermək fikrindədir. Bununla belə əczaçılıq şirkətinin rəhbərliyi indidən bütün ittihamları rədd edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu peyvənd preparatını təhlükəsiz hesab edir.

"AstraZeneca" peyvəndi ilə tromb əmələ gəlməsi arasında əlaqəyə dair heç bir sübut yoxdur. Deməli, peyvənddən imtina etmək üçün səbəb də yoxdur", – deyə ÜST-ün nümayəndəsi Marqaret Harris qətiyyətlə bildirir.

Buna baxmayaraq, "AstraZeneca"-dan şübhələnən ölkələrin sayı artır. Təkcə dünən Almaniya, Fransa və İtaliya bu peyvəndin tətbiqini dayandırıb. "Pfizer"-ə gəlincə, bu preparatın miqdarı kifayət qədər deyil. Peyvəndin paylanması prosesi Brüssel tərəfindən idarə olunur. Hələlik əhalinin hər 100 min nəfərinə 8 doza "Pfizer" peyvəndi düşüb. Müqayisə üçün qeyd edək ki, ABŞ-da bu rəqəm 24, Böyük Britaniyada isə 32-yə bərabərdir. Avstriya, Çexiya, Bolqarıstan, Sloveniya və Latviya ölkə başçılarının məktubunda da məhz bu məqam tənqid olunur.

Turizm mövsümü başlayır

Kurtsun diqqət çəkdiyi Latviya və Bolqarıstanda vaksinasiya prosesi, doğrudan da, çox yavaş gedir. Hazırda bu ölkələrdə orta hesabla iki minə qədər insan peyvənd olunub.

"Ən azından bütün mart ayı boyunca kəskin peyvənd çatışmazlığı gözlənilir", - deyə Latviya Vaksinasiya Bürosunun rəhbəri Yeva Yuxneveviç xəbərdarlıq edir.

Riqa aprelin ortalarına qədər 164 min doza peyvənd almağa ümid bağlamışdı ki, həmin preparatların da yarısı "AstraZeneca"-dan ibarət olmalı idi. Amma indi bu məsələ sual altındadır. İstehsalçı peyvəndin təhlükəsizliyini sübut edə bilməsə, peyvənddən imtina etmək lazım gələcək. "Pfizer"-ə isə hələlik ölkə rəhbərliyi əlavə tədarük üçün vəsait ödəyə bilmir.

"Anbarlarda peyvənd yoxdur: bütün preparatlar tibb müəssisələrinə və ailə həkimlərinə göndərilib",– deyə Yuxneviç vəziyyəti izah edir.

Bolqarıstan turizm mövsümünə hazırlaşır: mayın 1-dən ölkədə beynəlxalq uçuşlar bərpa olunur. Turistlər mənfi nəticə göstərmiş COVID-19 testi və ya peyvənd sertifikatı ilə ölkəyə buraxılacaqlar. Ancaq yerli əhalinin vaksinasiyası ilə bağlı vəziyyət bir o qədər də ürəkaçan deyil.

Fevral ayında "AstraZeneca"-nın böyük bir partiyası ölkəyə gətirildi. Sərtləşdirmədən bezən insanlar dərhal vaksinasiya olunmağa başladılar. Bununla belə, digər Aİ ölkələrində olduğu kimi, Bolqarıstan hakimiyyəti də peyvəndin hətta həkimlər, müəllimlər və təqaüdçülərin belə vaksinasiyasına çatmayacağından şikayətləndilər. İndi isə proses tamamilə dalana dirənib.

" "AstraZeneca" peyvəndinin tətbiqini Avropa Dərman Agentliyi onun təhlükəsizliyi ilə bağlı bütün şübhələri təkzib edənə kimi dayandırmaq barədə sərəncam vermişəm", – deyə Bolqarıstan baş nazirinin müavini Boyko Borisov bəyan edib.

Sirlər və maxinasiyalar

Aİ ölkələri arasında narazılığı artıran məsələlərdən biri də bəzi dövlətlərin peyvənd tədarükünün bərpasını gözlədiyi halda, digərlərinin preparatların artıq qalmış dozası ilə nə edəcəyini bilməməsidir. Məsələn, Almaniya anbarlarında bir milyon dozaya yaxın istifadə olunmamış preparat var. Böyük Britaniyada isə artıq 21 milyon nəfər vaksinasiya olunub. Aİ ölkələrindən fərqli olaraq, krallığın peyvəndlə təminatında fasilə yaranmayıb.

İtaliya hakimiyyət Londonu açıq-aşkar vaksinasiya kampaniyasını pozmaqda ittiham edərək, məhkəməyə verməklə hədələdi. Əczaçılıq şirkətləri özlərinə haqq qazandırdılar: "Çətinliklər əsas komponentin hazırlanması ilə bağlıdır". Ancaq bu açıqlama heç kimi qane etmədi. Kurts da "gizli müqavilələrdən" bəhs edərkən elə Böyük Britaniyaya vaksinin sürətli tədarükünü nəzərdə tuturdu.

Avropalıların narazılığı və qəzəbi həm də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə vaksinasiya prosesinin Avropa ilə eyni vaxtda başlaması ilə bağlıdır. Belə görünür ki, kim çox pul ödəyirsə, peyvəndi hamıdan qabaq o alır.

Peyvənd müharibəsi

Hazırda Aİ Rusiya və Çin preparatlarını qiymətləndirməklə məşğuldur. Əgər tibb işçiləri effektivliyini təsdiqləsələr, Fransa "Sputnik V" peyvəndini tətbiq edəcək. Bu preparata Almaniya da maraq göstərir. Bu ölkənin də şərti eynidir – Aİ meyarları ilə uyğunluq. Avstriya da "Sputnik V" peyvəndini almaq barədə planını açıqlayıb. "Bu məsələdə geosiyasətdən söhbət belə gedə bilməz", - deyə kansler Kurts vurğulayıb.

"Reuters" Aİ-nin Moskva ilə "Sputnik V" barədə danışıqlara hazırlaşdığını təsdiqləyir. Rusiya Birbaşa İnvestisiyalar Fondu bu məsələni şərh etmək istəməsə də, jurnalistlər İtaliya və Almaniyada "Sputnik V"-nin istehsalının təşkil oluna biləcəyini qeyd edirlər.

Daha bir versiya: Brüssel tədarükü nəzarət altına almaq məqsədi ilə Rusiya peyvəndi barədə fikrini dəyişib. Belə ki, Macarıstan, Slovakiya və Çexiya bu məsələdə özləri birbaşa Moskva ilə razılığa gəliblər. Onları Avropanın hüquqi mexanizmlərinə qarşı çıxmaqda ittiham edənlərə isə belə cavab verirlər: "Pfizer"i bu qədər uzun müddət gözləyə bilmərik.

Corc Marşall adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin mütəxəssisi Pal Dunay RİA Novosti-yə verdiyi müsahibəsində vəziyyətə belə aydınlıq gətirir: "Məsələ "Sputnik V"-nin unikallığında deyil, əksər Aİ ölkələrinin çıxılmaz durumda olmalarındadır".

"Avropa Çin peyvəndi ilə də maraqlanır axı. Macarıstan Aİ-də "Sinopharm" preparatını hamıdan qabaq alan ölkələrdəndir. Alternativ preparatlar tədarüklə bağlı yaranan fasilələrdən və "AstraZeneca" ilə əlaqədar problemlərdən sığortalanmağa imkan verir", – deyə macar politoloq vurğulayır.

Böyük Britaniyanın beynəlxalq münasibətlər üzrə mütəxəssis Saşa Metyuz isə belə hesab edir ki, "peyvənd müharibəsi" pandemiya başa çatana kimi davam edəcək. "Böyük Britaniyada, İtaliyada, Fransada insanlar artıq evdə oturmaqdan cana doyublar. Odur ki, bu ölkələrin rəhbərləri nə yolla olursa-olsun koronavirusdan qurtulub siyasi dividend qazanmağa çalışırlar. Peyvənd nə qədər çox olsa, onların hakimiyyətdə qalmaq şansı da bir o qədər böyükdür", – deyə Metyuz bildirir.

Belə görünür ki, hamı bir nəfər kimi peyvənd olunana qədər Avropada "hər kəs öz başına çarə qılsın" prinsipi qüvvədə qalacaq.

Xəbər lenti
0