01:55 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
TƏHLİL
Qısa URL
61 0 0

Jurnalist hüquqları ilə bağlı məsələlərin müəyyənləşdirilməsi və onun parametrlərinin qanunda dəqiq ifadəsi zəruridir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanundan fərqli olaraq "Media haqqında" yeni qanun layihəsi Azərbaycanda media subyektlərinin bütün dairəsini əhatə edəcək. Onun sözlərinə görə, yeni qanun layihəsi audiovizual, çap, onlayn medianı əhatə edəcək.

Bəs media nümayəndələri "Media haqqında" qanunda nələri görmək istəyir? Sputnik Azərbaycan mövzu ilə bağlı "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin fikirlərini öyrənib.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, indiyə qədər qüvvədə olan "KİV haqqında qanun"a dəfələrlə dəyişikliklər edilsə də, o, bütün media sektorlarını əhatə etmir. Onun sözlərinə görə, yeni media elementlərinin jurnalistikaya daxil olması media ilə bağlı yeni qanunun qəbuluna ehtiyac yaradıb:

"Artıq yeni media strukturları formalaşıb, yeni anlayışlar və reallıqlar var. Bu qanun ilk növbədə medianın tənzimlənməsi, onun hüquqi statusunun müəyyən edilməsi üçün gərəklidir. Ənənəvi mediadan başqa elektron media və sosial media anlayışları həyatımıza daxil olub. Sosial media ilə bağlı da müxtəlif yanaşmalar özünü göstərir. Onun hansı hallarda media subyekti kimi dəyərləndirilməsi və hüquqi mexanizmləri ilə bağlı məsələlər açıq qalır. Hazırda media sahəsi sürətlə inkişaf edir. Buna müvafiq olaraq qəbul edilməsi nəzərdə tutulan yeni qanunda bir çox məsələlərin, həmçinin jurnalistin hüquqi məsuliyyət məsələlərinin əks olunacağını gözləyirik. Cəmiyyətin media ilə münasibətlərinin daha mükəmməl formada və yeni çağırışlara uyğun qurulması üçün qanunla bağlı aparılacaq müzakirələr önəmlidir".

Akif Aşırlı qeyd edib ki, qanunla bağlı həm yerli, həm də xarici ekspert rəylərinin alınması təmin edilməlidir. O bildirib ki, bu gün gündəmi müəyyənləşdirmək və ictimai rəyə təsir baxımından sosial media ənənəvi mediadan öndədir: "İndi sosial medianı hansı hallarda jurnalistika elementi hesab edib-etməməyimiz açıq qalır. Hesab edirəm ki, yeni qanun bütün media sektorunu əhatə etməlidir və burada yenidən hansısa bölgünün aparılmasına ehtiyac yoxdur".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirir ki, ötən illər ərzində media sektorunda həm kəmiyyət, həm də keyfiyyətcə böyük dəyişikliklər baş verib:

"Bu dəyişikliklər bir çox hallarda qanunda təsbit olunmadığı üçün boşluqların ortaya çıxdığını görürük. Bu baxımdan yeni qanunun qəbul edilməsinə ciddi ehtiyac olduğunu düşünürəm. Xüsusən də jurnalist hüquqları ilə bağlı məsələlərin müəyyənləşdirilməsi və onun parametrlərinin qanunda dəqiq ifadəsi zəruridir. Dövrümüzün reallığı olan onlayn media sahəsində məsuliyyət çərçivəsinin müəyyənləşdirilməsi vacibdir. Eyni zamanda media sahəsində əmək qanunvericiliyi ilə bağlı müddəaların yenilənməsi də ehtiyac duyulan dəyişikliklərdəndir".

"Açıq deməliyik ki, köhnə qanunun qəbul edildiyi dövrdən keçən müddət ərzində baş verən dəyişikliklər onun çərçivələrindən kənarda qalır və yenilikləri tənzimləmək üçün mövcud qanun yetərsiz qalır. Ona görə də yenilikləri nəzərə alaraq bütövlükdə medianı özündə ehtiva edən qanuna ehtiyac var. Bu gün jurnalist vəsiqəsi daşıyan hər kəs özünü jurnalist hesab edir. Xüsusən də sosial şəbəkə aktivlərinin özünü jurnalist sayması kimi anormal bir vəziyyətlə qarşılaşmışıq. Ona görə də müxtəlif media seqmentlərində çalışan jurnalistlərin hüquqi statuslarının yeni qanunda ifadə olunmasına çox böyük ehtiyac duyulur", - deyə A.Quliyev qeyd edib.

 

Əsas mövzular