09:32 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
TƏHLİL
Qısa URL
50 0 0

Tərəflərin razılığına əsasən, ortaq mərkəzin türk hərbi mütəxəssisləri patrul xidməti göstərməyəcək, yalnız Mərzili kəndindən davamlı şəkildə hava və radiotexniki kəşfiyyat aparacaqlar.

BAKI, 2 fevral — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya və Türkiyənin müdafiə nazirləri tərəfindən 11 noyabr 2020-ci il tarixində imzalanmış memoranduma uyğun olaraq, şənbə günü Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Azərbaycanın Ağdam rayonunda işə başladı. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin yanvarın 30-da baş tutmuş telefon danışığında mərkəzin "bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edəcəyinə" inam ifadə olundu. Bir qədər əvvəl isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkəsinin Dağlıq Qarabağda sabitliyin qorunmasına öz töhfəsini verəcəyini bəyan etmişdi. Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akar isə yanvarın 29-da "iki dövlət bir millət" konsepsiyası çərçivəsində qarşılıqlı fəaliyyət perspektivlərini yüksək qiymətləndirdilər.

Türkiyənin Cənubi Qafqazdakı mövcudluğu məsələsini şərh edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə bildirdi:

"Türkiyə bizim qonşumuz və mühüm tərəfdaşımız, eyni zamanda, Azərbaycana çox yaxın ölkədir. Bu amili nəzər almamaq mümkün deyil".

Birgə Monitorinq Mərkəzinin qərargahı paritet əsasda qurulur, hər tərəfdən bərabər sayda nümayəndə təmsil olunur. Ankaradan verilən məlumata görə, hazırda mərkəzdə 39 türk hərbçisi fəaliyyət göstərir. Rusiya hərbçilərinə general-mayor Viktor Fedorenko, türklərə isə general-mayor Abdullah Qatırçı komandanlıq edir. Mərkəz atəşkəs rejiminə riayət olunması və razılığın pozulması barədə məlumatları toplayır, yoxlayır və ümumiləşdirir. Nəzarət pilotsuz uçuş aparatları və digər texniki vasitələrdən istifadə olunmaqla həyata keçirilir.

Asan başa gəlməyən dislokasiya

Mətbuatda gedən məlumatlara görə, mərkəzin əvvəl Azərbaycanın Gəncə və ya Bərdə şəhərlərində yerləşməsi variantları da müzakirə olunub, ancaq Türkiyə tərəfi bu rayonların Rusiya sülhməramlılarının əməliyyat zonasından coğrafi uzaqlığı səbəbindən razılıq verməyib. Rusiya tərəfi isə türk sülhməramlılarının Dağlıq Qarabağ ərazisində ortaq mərkəzə yerləşdirilməsinə qarşı çıxıb. Müzakirələr nəticəsində seçim Azərbaycanın Ağdam rayonunun Mərzili kəndinin üzərində dayanıb.

Yerləşdirmə nöqtəsi tərəflərin təmas xəttindən 8 kilometr, Xankəndidən düz xətt üzrə təxminən 30 kilometr, avtomobil yolu boyunca isə 41 km məsafədədir.

Rus-türk mərkəzinin xidmət və məişət binaları modul prinsipi əsasında açıq ərazidə inşa edilib və həm xidmət, həm də istirahət üçün lazım olan hər şeylə təchiz olunub. Obyektin ərazisi (təxminən dörd hektar sahəyə malikdir) Azərbaycan Ordusu tərəfindən qorunur. Müşahidə və kəşfiyyat üçün texniki vasitələrin yerləşdirildiyi nöqtədən başlayaraq Qarabağ ərazisində, Rusiya sülhməramlılarının əməliyyat zonasında baş verən hər şey şəffafdır. Tərəflərin razılığına əsasən, ortaq mərkəzin türk hərbi mütəxəssisləri patrul xidməti göstərməyəcək, Mərzili kəndindən davamlı şəkildə hava və radiotexniki kəşfiyyat aparacaqlar.

Mərkəzin açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiya və Türkiyə hərbçiləri arasında yaxşı münasibətlərin qurulacağına əminliyini ifadə etdi. Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin isə hərbçilərə uğurlar arzuladı.

Nəzarət sistemi

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılışı Türkiyənin Azərbaycandakı hərbi varlığının artması deməkdir. Yanvarın 30-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Respublikası müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu ilə görüşdə Türkiyə ilə hərbi əməkdaşlığın uğurlu inkişafı və gücləndirilməsi məsələsini müzakirə etdi. Eyni zamanda, tərəflər hərbi-texniki əməkdaşlıq sahəsində səylərin artırılmasına və birgə təlimlərin keçirilməsinə ehtiyac olduğunu bildirdilər.

Bu təlimlərin bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına xidmət edəcəyi qeyd olundu. Ancaq türk hərbi bölmələrinin Azərbaycandakı təlimlərdə davamlı iştirakı Rusiyanı narahat edir, çünki bu ölkə NATO-nun üzvüdür. Elə həmin gün Zakir Həsənov bu narahatlığı nəzərə alaraq, Bakı ilə Moskva arasında hərbi və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini vurğuladı.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılış mərasimində Türkiyə müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu ortaq mərkəzin vəzifələrini dəqiqləşdirdi:

"Atəşkəs rejiminə nəzarət, sabitliyin pozulması hallarının qeydə alınması və buna qarşı tədbirlərin görülməsi".

Əslində, Azərbaycanın Ağdam rayonunda yaradılmış bu mərkəzin fəaliyyəti, sadəcə Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminə əməl olunmasına nəzarətlə məhdudlaşmır, həm də regional sabitliyə əlavə zəmanət verir.

Əsas mövzular