08:56 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0484
TƏHLİL
Qısa URL
88 0 0

Avropa Şurası dollardan imtina etməyə hazırlaşır. Amerika mətbuatının yazdığına görə, Avropanın bu planı işə yaramayacaq

 

BAKI, 1 fevral — Sputnik, Natalya Dembinskya. Avropa Şurası (AŞ) Amerika valyutasından asılılığını azaltmaq niyyətindədir: daha çox müqaviləni avro əsasında rəsmiləşdirmək, eləcə də Avropa şirkətlərinin xarici müəssisələr tərəfindən "udulması"nın qarşısını almaqla. Çünki indi bu, milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilir. Brüssel niyə qətiyyətlə dollardan canını qurtarmağa çalışır və bu valyutanı dünya hökmranlığından məhrum etmək mümkündürmü? Sualların cavabı RİA Novosti-nin növbəti materialında.

Etibarsız müttəfiq

Avronun rolunu gücləndirmək təşəbbüsü ilk dəfə 2018-ci ildə Avropa Komissiyasının keçmiş prezidenti Jan-Klod Yunker tərəfindən qurumun gündəliyinə daxil edilib. O bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın başladığı ticarət müharibələri səbəbindən AŞ milyardlarla pul itirib. Buna görə də dolları dünyanın əsas valyutası statusundan məhrum etmək vacibdir.

Ənənəvi sistemin demontajına neft dollarları ilə başlanacağı təxmin edilirdi: Yunker Avropanın idxal etdiyi enerjinin 80%-nin dəyərinin ABŞ valyutası ilə ödənildiyindən gileylənib. AŞ-nin Avropa təyyarələrini avroyla deyil, dollarla almasını isə absurd adlandırıb. Avropa Komissiyasının sədri Vaşinqtonun dəfələrlə təktərəfli sanksiyalardan istifadə edərək bu qitənin şirkətlərini vurduğunu da bildirib.

Tramp ABŞ-ı İranın nüvə proqramını məhdudlaşdıran beynəlxalq müqavilədən çıxardıqda və Avropa şirkətlərinin islam respublikası ilə ticarətini qadağan edən sanksiyaları yenidən işə salanda vəziyyət daha da kəskinləşdi. Bu sanksiyalara əməl etməyən şirkətlər Amerika bazarına çıxışı itirə bilərdi. Odur ki, AŞ İranla hesablaşmalar üçün başqa həll yolu tapmalı idi. Fransa, Almaniya, İngiltərə və Böyük Britaniya bu məqsədlə INSTEX adlı xüsusi mexanizm yaratdılar. Bu mexanizm "Avropa iqtisadi oyunçuları ilə İran arasında rəsmi ticarət əməliyyatlarının sadələşdirilməsinə" yönəlmişdi və 2019-cu ilin əvvəllərindən etibarən işə düşdü. Daha sonra Belçika, Danimarka, Hollandiya, Norveç, Finlandiya və İsveç də INSTEX-ə qoşuldu.

Əlavə problemlər

Əslində, bu mexanizm Avropa ölkələrinə ABŞ-ın maliyyə sistemini nəzərə almadan Tehranla ticarət etməyə imkan verir. İranla Avropa arasında real pul dövriyyəsinin qarşısını almaq məqsədilə (Vaşinqton sanksiyaları əsaslandırmaq üçün bundan istifadə edə bilərdi) INSTEX kredit ballarından yararlandı. "İran həmin  kreditləri məhsul əldə etmək üçün yönləndirir, eyni zamanda, tədarük etdiyi malların qiymətini bu yolla alır! – "The Washington Post" vəziyyəti bu cür izah edir. Bununla belə, mexanizmi tətbiq etmək xeyli çətin oldu. Söhbət İran neftindən gedirdi, ancaq bunu unutmaq lazım gəldi. Beləliklə, INSTEX-in fəaliyyəti yalnız dərman, qida və digər humanitar məhsulların alqı-satqı əməliyyatları ilə məhdudlaşdı.

Son damcı

Nəhayət, ABŞ Avropanın qabaqcıl enerji infrastruktur layihələrindən biri olan "Şimal Axını-2"yə qarşı sanksiyalar tətbiq etdi. Vaşinqtondan gələn təhdidlər ucbatından bəzi Avropa şirkətləri boru kəmərinin tikintisindən imtina etdi. 2019-cu ilin dekabrında İsveçrənin "Allseas" şirkətinin layihədən çıxmasından sonra beynəlxalq gəmi sahiblərinin qarşılıqlı sığorta klubları, yanvarın əvvəlində isə Norveçin sertifikat şirkəti "Det Norske Veritas" layihəni tərk etdi. Çox keçmədən Danimarka mühəndislik şirkəti olan "Ramboll" da layihə ilə əməkdaşlıqdan imtina etdi. Daha sonra Almaniyanın "Bilfinger SE" inşaat şirkəti bu tendensiyanı davam etdirdi. Vaşinqtonun məqsədi aydındır – mayeləşdirilmiş təbii qaz ixracını artırmaq, eyni zamanda, avrodan istifadə etməyən və Amerika tərəfdarı olan Şərqi Avropa ölkələrindən yanacaq tranzitini dəstəkləmək.

Sözdən işə keçdilər

Financial Times-ın məlumatına görə, Avropa Şurası bütün bunlara son qoymaq üçün ilkin plan hazırlayıb. Planda müxtəlif malların tədarükü üçün müqavilələrin avro ilə bağlanması, həmçinin əsas maliyyə göstəriciləri ilə əlaqəli normalara yenidən baxılması və lazım gələrsə, dəyişdirilməsi nəzərdə tutulur. Bundan başqa, tənzimləyicilərə Avropa şirkətlərinin xarici firmalar tərəfindən alınmasını qadağan etmək hüququ veriləcək. Bunun üçün birbaşa xarici investisiyalara yeni nəzarət sistemi tətbiq ediləcək. Çünki indi Avropa şirkətlərinin xarici firmalar tərəfindən "udulması" milli təhlükəsizliyə təhdid kimi qəbul edilir.

Daha bir vacib məqam xarici, ilk növbədə, Amerika banklarından asılılıqla bağlıdır. "Hər hansı bir maliyyə böhranı yaranarsa, ABŞ bankları Avropada fəaliyyətini tamamilə məhdudlaşdıra və bütün diqqəti daxili bazara yönləndirə bilər", – deyə layihənin təşəbbüskarları bildirir.

"Avronun beynəlxalq rolunun gücləndirilməsi iqtisadiyyatımızı və maliyyə sistemimizi valyuta zərbələrindən qoruyacaq, digər valyutalardan asılılığı azaldacaq və daha aşağı əməliyyat və maliyyə xərclərini təmin edəcək", - deyə iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni vurğulayıb.

Dollara alternativ

Avropa Mərkəzi Bankına (ECB) görə, avro dünyada dollardan sonra ikinci ən populyar valyuta olaraq qalır. Pandemiyadan sonra Avropa İqtisadiyyatının Bərpası Fondunun ayıracağı 750 milyard avro bu valyutanın cəlbediciliyini bir az da artıracaq. AŞ risklərdən sığortalanmaq üçün ABŞ dollarına alternativ olaraq qurumun vahid istiqrazlarını buraxacaq. Avropalılar, xüsusilə də ətraf mühit layihələrinə investisiya cəlb etmək üçün istifadə olunan borc alətlərinə - yaşıl istiqrazlara gediş etmək fikrindədir. 750 milyardın 1/3-i buna sərf olunacaq. Layihədə izah edildiyi kimi, əsas məqsəd AŞ maliyyə bazarlarını "yaşıl maliyyələşmənin" qlobal mərkəzinə çevirməkdir. Nəticədə avro sabit maliyyə məhsulları üçün defolt valyuta kimi möhkəmlənəcək.

Dollara qarşı daha bir amil ECB-nin "AŞ-nin maliyyə xidmətləri sahəsində açıq strateji muxtariyyətini və öz maliyyə sabitliyini qorumaq" üçün rəqəmsal avronu dövriyyəyə buraxmaq istəməsidir.

Amerika mətbuatının yazdığına görə, Avropanın bu planı işə yaramayacaq. "Bloomberg" AŞ-nin siyasət və qanunvericilik təşəbbüslərinin çox da uğurlu olmadığı fikrindədir. İlk növbədə, Avropa ölkələrinin hökumətləri arasındakı fikir ayrılığı buna mane olacaq.

Bununla belə, aparıcı investisiya banklarının qiymətləndirməsinə görə, dolların mövqeyi bir o qədər də sabit deyil. "JP Morgan" Avropa Şurasının borc öhdəliklərinin tədricən ABŞ Xəzinə istiqrazlarına alternativ ola biləcəyini proqnozlaşdırır. Bu isə dünya valyuta ehtiyatlarının şaxələndirilməsinə öz töhfəsini verəcək ki, nəticədə də bu rezervdə dolların payı 1990-cı illərin ən aşağı səviyyəsinə düşə bilər.

Teqlər:
imtina, valyuta, Avropa Şurası, avro, dollar

Əsas mövzular