Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ niyə F-35-lərin kütləvi istehsalını yenidən dayandırdı

© AFP 2023 / FABRICE COFFRINIИстребитель F-35, фото из архива
Истребитель F-35, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ellen Lord: "Hərbi qüvvələrin ən yeni və ən müasir döyüş təyyarəsini saxlaması qarşıdakı illərdə də bizim üçün böyük problem olacaq".

BAKI, 13 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. ABŞ Müdafiə Nazirliyi növbəti dəfə F-35 Lightning II qırıcılarının kütləvi istehsalını təxirə salıb. Məlum olub ki, qırıcı hələ dörd il bundan əvvəl keçməli olduğu döyüş sınağına hazır deyil. ABŞ açıq-aşkar öz texnoloji imkanlarını mövcud səviyyədən daha yüksək qiymətləndirib və 2021-ci ilin yanvar ayında "təxmini dəyəri 1,6 trilyon dollardan çox olan dünya tarixindəki ən böyük silah proqramı" çox sayda "genetik qüsuru" olan F-35 "beşinci nəsil" qırıcılarının 615 kiçik ölçülü modifikasiyasında "ilişib".

ABŞ müdafiə nazirinin satınalmalar və təchizat məsələləri üzrə müavini Ellen Lord 2021-ci ilin mart ayında başlanılması gözlənilən F-35 Lightning II-nin kütləvi istehsalını dayandırıb. Əsas səbəb – texniki problemlərdir. Qırıcının bir sıra ciddi çatışmazlıqları var və hava hücumundan müdafiə üzrə müasir sistemlərlə mübarizədə öz effektivliyini təsdiqləyə bilməyib.

F-35-in müxtəlif modifikasiyaları 2011-ci ildən buraxılır, qırıcı rəsmi olaraq 2014-cü ildən etibarən silahlanmaya qəbul edilib. Düzdür, bu günə qədər planlaşdırılan 3200 təyyarədən 600-dən çoxu istehsal olunub. Lakin Pentaqonun F-35-in kütləvi istehsalı ilə bağlı qərarı bu qırıcının döyüş hazırlığının, satışdan sonrakı texniki xidmətinin, istehsalın effektivliyinin təminatı hesab olunur. Bir sözlə, bu qərar xarici müştərilər üçün "keyfiyyət nişanı" kimi qiymətləndirilə bilər. Əgər ortada ABŞ Müdafiə Nazirliyinin qərarı yoxdursa, deməli, yüksək döyüş hazırlığı, əsl keyfiyyət və xarici tələbat da mövcud deyil.

Истребитель F-35, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Amerikanın F-35 qırıcı-təyyarələrinin yeni problemləri – havada toqquşma

Beləliklə, F-35-in perspektivi aydın görünmür, Pentaqonun bu barədə müsbət qərarı bir neçə il dalbadal dəyişikliyə məruz qalıb. Yeni seçilmiş prezident Co Bayden administrasiyası tərəfindən təyin olunacaq mütəxəssislər qrupunun müstəqil texniki ekspertizası və F-35-in 2046-cı ilədək kütləvi istehsalı barədə qərar qəbul etməsi üçünsə bir neçə ay lazım gələcək. F-35-lərin 2070-ci ildə istismardan çıxarılması planlaşdırılır.

Planlar fantastikdir. Praktik istismar mütəxəssisləri məyus edir. F-35 Lighting II bir çox cəhətdən "beşinci nəsil" xüsusiyyətlərindən geri qalır: səs sürətindən öncəki kreyser sürəti, radarlarda görünmə, qəza törətmək ehtimalının yüksək olması... Nüvə silahı daşıyan təyyarənin sertifikatı 2023-cü ilin yanvarına planlaşdırılır, lakin F-35-in bütün uğursuzluqlarından sonra bu müddət dəyişdirilə bilər.

Amerika arzusu

F-35 Lightning II-nin istismar xərcləri "dördüncü nəsil" qırıcılarından xeyli yüksəkdir ki, bu da dövlət məmurlarında daha çox qırıcı əldə etməyin məqsədəuyğunluğuna şübhə yaradır. Bununla belə, F-35 proqramına qoyulan investisiya elə böyükdür ki, onu təxirə salmaq mümkün deyil. ABŞ-dan başqa, Belçika, Böyük Britaniya, Polşa, İtaliya və başqa ölkələr də bu proqrama pul qoyub. Amerika jurnalı "Military Watch" yanvarın 3-də məlumat verdi: Qərbin yeganə "beşinci nəsil" qırıcısı olan F-35 "döyüş hazırlığından çox uzaqdır və 2025-ci ilə qədər yüksək intensivlikli döyüşlər üçün uyğun olmaya bilər".

Artıq dördüncü ildir ki, F-35-lərin istehsal proqramından məsul olan rəsmi şəxslər qırıcının döyüş sınaqlarına hazırlıq tarixini dəqiq müəyyənləşdirə bilmirlər.

Simulyasiya mərkəzi belə "Molniya" silah sistemlərini sınaqdan keçirməyə hazır deyil. Ehtiyat hissə çatışmazlığı səbəbindən podratçı 2020-ci ildə istehsal nisbətini yavaşladıb.

Истребитель F-35, фото из архива - Sputnik Azərbaycan
F-35-in modernləşdirilməsi itirilmiş reputasiyanın nəticəsi kimi

Əvvəllər ABŞ Müdafiə Nazirliyi 200 ədəd "beşinci nəsil" qırıcılarında aşkarlanan texnoloji qüsurlara (gövdənin korroziyasından tutmuş proqram təminatına qədər) görə, yeni F-35-ləri qəbul etməkdən dəfələrlə imtina etmişdi. Pentaqon öz hesabatında bildirmişdi ki, F-35-lərin xidmət müddəti "cəmi 2100 uçuş saatından ibarətdir". Halbuki əvvəl qırıcı 8000 uçuş saatı (40 illik xidmət müddəti) üçün işlənib hazırlanmışdı. Belə çoxsaylı çatışmazlıqlara baxmayaraq onlarla müxtəlif modifikasiyalı F-35 qırıcısı xarici tərəfdaşlara satılır və ABŞ da daxil olmaqla səkkiz ölkədə istismar olunur. Hazırda Böyük Britaniya, Yunanıstan, Danimarka, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Yaponiya hərbi hava qüvvələri isə bu təyyarələri gözləyir. Məsələn, yalnız İsrailin Hərbi Hava Qüvvələri 50 ədəd F-35 sifariş verib və daha 20 belə qırıcı almaq arzusundadır. F-35-ləri idarə etmək üçün 1200-dən çox pilot, bu qırıcılara xidmət etmək məqsədi ilə 10000-dən çox texniki işçi üçün təlim keçilib. Bütün bunların fonunda "Lockheed Martin" şirkəti F-35A modifikasiyasının qiymətini ilkin 250 milyon dollardan 80 milyon dollara qədər aşağı salmağa nail oldu. Amerika marketinqi açıq-aşkar ABŞ texnologiyalarının səviyyəsini şişirdib. Bir sözlə, əgər təyyarə satılırsa, onun yaxşı uçub-uçmaması bir o qədər də vacib deyil.

Müdafiə Nazirliyi F-35-i özünə rəva görmür

F-35 Lightning II seriyasının çatışmazlıqları bu qırıcının qarşıdakı illərdəki çətin taleyindən xəbər verir. Və əgər yeni nəsil Amerika qırıcısı dinc dövrdə istismar zamanı texnoloji cəhətdən bu qədər həssaslıq göstərirsə, deməli, məsələn, Rusiyanın beşinci nəsil Su-57 qırıcısı, S-400 zenit raket kompleksi və ya hər hansı bir elektron müharibə vasitələri ilə qarşı-qarşıya gələndə bu onlar üçün heç də yaxşı nəticələnməyəcək.

Amerikanın "beşinci nəsil" qırıcısının əsas çatışmazlıqlarının sayı beşə endirilib, halbuki qiyməti 80 milyon dollardan (Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan modifikasiya) 130 milyon dollar (Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan modifikasiya) arasında dəyişən hərbi təyyarə üçün bu qədər qüsur da çoxdur. Səsdən yüksək texnologiya təyyarənin gövdəsini, stels-örtüyünü və antenlərini məhv edə bilər. Lakin Pentaqon "Lockheed Martin"-in düşməni deyil və F-35-in istismar xüsusiyyətlərinə bir xeyli əl gəzdirib və hazırda F-35 səsəqədər sürətə malik qırıcı hesab olunur.

Xüsusi təlimat Hərbi Dəniz Qüvvələri (F-35B) və dəniz piyadaları (F-35C) modifikasiyası üçün 1,2 Maxa qədər sürətlənməyə imkan verən saniyələrin sayını müəyyənləşdirir.

Истребитель F-35, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
F-35-in yeni problemləri: ABŞ təyyarəsinin dərdi nədir

Xatırladaq ki, beşinci nəsil Amerika qırıcısı F-22 Raptor-un yaradılması uğursuz hesab olunub. F-22-nin etibarlı olmayan radioşüalanmanı udan səthi, bir metrlik radarlarda görünməsi, 750 km-ə qədər mənzilə sahib olması və kosmik qiyməti (350 milyon dollar) 2009-cu ildə proqramın təxminən 25 faiz məhdudlaşdırılmasına səbəb oldu və yalnız 187 qırıcı istehsal edildi.

Bahalı texniki xidmət də F-22 proqramının həyat qabiliyyətini xeyli zəiflədir. ABŞ Hesablama Palatasının (GAO) 29 noyabr 2020-ci il tarixində verdiyi məlumata görə, bu ölkənin Hərbi Hava Qüvvələrinin beşinci nəsil əsas döyüş təyyarəsi olan F-22 Raptor son dərəcə yüksək texniki xidmət və istismar xərcləri səbəbindən istismara hazırlıq baxımından ən pis təyyarə olaraq qalır. Əgər dinc dövrdə bu təyyarələrin yarısının işlək vəziyyətdə olduğunu nəzərə alsaq, müharibə vaxtı necə olacaq?

Ən yeni F-35 Lightning II döyüş təyyarəsi üçün vəziyyət eyni istiqamətdə inkişaf edir. ABŞ Hesablama Palatası bir qədər əvvəl bəyan edib ki, F-35-in texniki xidməti indikindən daha yaxşı ola bilərdi. Pentaqonun F-35-lərlə bağlı təmir imkanları isə qrafikdə nəzərdə tutulandan 6 il geridə qalır.

ABŞ müdafiə nazirinin müavini Ellen Lordun fikrincə, hərbçilər F-35-lərin saxlanması üçün tələb olunan belə böyük xərci özlərinə rəva görə bilməzlər: "Hərbi qüvvələrin ən yeni və ən müasir döyüş təyyarəsini saxlaması qarşıdakı illərdə də bizim üçün böyük problem olacaq ... və ehtimal ki, bu, bizim döyüş hazırlığımızı pozmağa davam edəcək".

Xəbər lenti
0