Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yanacağın qiymət artımı həm sərnişindaşımaya, həm də koronavirusa yoluxmaya təsir edəcək

© Sputnik / Murad OrujovАвтомобильная заправочная станция в Баку
Автомобильная заправочная станция в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "SOCAR-ın qiymət artımının ictimai nəqliyyatdan istifadəni stimullaşdıracağı barədə əsaslandırması isə pandemiya dövründə verilmiş qərarlarla daban-dabana ziddiyyət təşkil edir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 yanvar — Sputnik. Yanvarın 4-də Tarif (qiymət) Şurasında keçirilən iclasda Dövlət Neft Şirkətinin (SOCAR) Şuraya müraciətinə baxılaraq Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması barədə qərar qəbul edilib. SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb. Digər əsaslandırmada qeyd edilir ki, Aİ-92 markalı avtomobil benzini əsasən şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq, həmçinin ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq.

Sputnik Azərbaycan Tarif Şurasının bu qərarının ictimai nəqliyyata təsirini araşdırıb.

Движение транспорта на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Ekologiyanı qorumaq üçün yanacağın qiymətini yox, keyfiyyətini artırmaq lazım idi

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, SOCAR-ın Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması ilə bağlı əsaslandırması yersizdir. Ə.Hüseynovun sözlərinə görə, SOCAR-ın qiymət artımının ictimai nəqliyyatdan istifadəni stimullaşdıracağı barədə əsaslandırması isə pandemiya dövründə verilmiş qərarlarla daban-dabana ziddiyyət təşkil edir:

"İctimai nəqliyyat virusa yoluxma baxımından əlverişsiz sahədir. Pandemiya dövründə virusa yoluxma riskini azaltmaq üçün əhaliyə çağırışlarda da ictimai nəqliyyatdan istifadə etməmək tövsiyə edilir. Həftəsonu ictimai nəqliyyatla sərnişindaşımaya qadağanın qoyulması da məhz əhali arasında virusa yoluxmanı azaltmaq məqsədi daşıyır. Belə bir vəziyyətdə SOCAR-ın Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını ictimai nəqliyyatdan istifadəni stimullaşdıracağı ilə əsaslandırmaq gülüncdür".

Ekspertin fikrincə, bu əsaslandırmadan belə çıxır ki, qiymət artımı insanları ictimai nəqliyyatdan istifadəyə sövq edəcək. İctimai nəqliyyatda isə sosail məsafənin qorunması mümkün deyil:

"İctimai nəqliyyatdan nə qədər çox sərnişin istifadə edəcəksə, virusa yoluxma sayı da o qədər çox olacaq. "Yanacağın qiymətini artıraq ki, ictimai nəqliyyata maraq artsın", bu, çox yersiz əsaslandırmadır. İctimai nəqliyyata marağı artırmaq üçün xidmət səviyyəsi artırılmalıdır. Bu sahədə olan problemləri həll etmək, qiymətləri sərfəli etmək lazımdır ki, ictimai nəqliyyatdan istifadəyə maraq artsın".

Yanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Tarif Şurasından Yeni il sürprizi - Benzinin qiyməti qaldırıldı

Ə.Hüseynovun sözlərinə görə, yanacağın qiymət artımının ictimai nəqliyyatda bir sıra problemlərə səbəb olacağı da qaçılmazdır. Sahibkarlar çalışacaqlar ki, xidmətin keyfiyyətinə təsir edən addımlar atsınlar. Avtobusların sayı azalacaq, interval artacaq. Axşam saatlarında sərnişindaşıma rentabelsiz olduğundan həmin saatlarda fəaliyyəti minimuma endirəcəklər.

Ekspertin fikrincə, taksi ilə sərnişin daşımanın qiyməti də əvvəlki kimi qala bilməyəcək, çünki taksi minik avtomobillərinin əksəriyyəti benzinlə və dizel yanacağı ilə işləyir. Marşrut avtobusları ilə şəhərdaxili və şəhərlərarası sərnişin daşımalarının qiyməti dövlət tərəfindən tənzimləndiyindən burada dərhal qiymət artımı olmayacaq. Amma xidmətin keyfiyyətinin aşağı düşmə ehtimalı var (yanacağa qənaət məqsədilə marşruta buraxılan avtobus sayını azaltmaq, avtobuslar arsında intervalı artırmaq, marşrutların iş müddətini qısaltmaq cəhdləri ilə bağlı). Digər tərəfdən, yəqin ki, müəyyən vaxtdan sonra daşıyıcılar da elə həmin Tarif Şurası qarşısında gediş haqlarının artırılması təşəbbüsü qaldırmağa çalışacaqlar.

"Tarif Şurasının son qərarı ilə bağlı məlumatda qeyd olunur ki, sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Lakin bu mexanizm hələ hazır deyil. Yalnız hazır olduqdan sonra bunun nə dərəcədə səmərəli olduğunu görə biləcəyik. Məlumdur ki, rayonlara daşımaların xeyli hissəsi qeyri-müntəzəm fəaliyyət göstərən mikroavtobuslarla icra edilir. Onların da daşıma qiymətinin artması qaçılmaz olacaq. Müxtəlif istiqamətlərdə çarter sərnişin daşımalarının, turistik daşımaların da qiyməti qalxacaq", - Hüseynov deyib. 

Paytaxtın girişində aparılan genişmiqyaslı işlər  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tarif Şurasının qərarı bəhrəsini verdi: Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı bahalaşdı

İqtisadçı Rövşən Ağayev isə Sputnik-ə açıqlamasında bildirib ki, Azərbaycanda dizel yanacağının 70%-ə yaxını nəqliyyat, 30%-ə qədəri aqrar sektorda istifadə edilir. İqtisadçının sözlərinə görə, benzin və dizelin bahalaşması nəqliyyat sektoru üçün əlavə 300 mln. manata yaxın xərc yadacaq:

"Azərbaycanda dizel yanacağından istifadənin 70%-ə yaxını nəqliyyatın payına düşür. Bunun nə qədərinin yükdaşımaya, nə qədərinin sərnişindaşımanın üzərində olduğu açıqlanmır. Amma fakt odur ki, söhbət bir il ərzində 1 milyard ton dizel istehlakından gedir. Bunun nə qədərinin yükdaşımada, nə qədərinin sərnişindaşımada istifadə olduğunu hökumət əsaslandırmasında qeyd etməyib. Halbuki bu mütləq qeyd edilməli idi. İkinci fakt ondan ibarətdir ki, bir il ərzində 1 milyard ton dizel istehlak edilirsə, dizelin hər tonunda 200 manat artım varsa, bu nəqliyyat sektoru üçün 200 milyon manat artıq xərc yaradacaq. 200 milyon manatın bir hissəsi isə yəqin ki, sərnişinin cibindən çıxacaq".

Ekspert deyir ki, bu, sərnişindaşımada qiymət artımından asılı olacaq. Əgər yaxın vaxtlarda sərnişindaşımada qiymət artımı olacaqsa, bu xərci istehlakçının üzərinə düşəcək. Yox əgər sərnişindaşımada artım baş verməyəcəksə, bu artım sahibkarların üzərində qalacaq. Bütün hallarda bu hökumətin bundan sonrakı addımları, verəcəkləri qərarları ilə bağlı olacaq. Bir sözlə, ya istehlakçının xərcini artıracaq, ya da sərnişinlərin.

"Nəqliyyat şirkətlərinin mənfəətləri barədə bizdə məlumat yoxdur. Bu sahədə informasiya əldə etmək məhdudiyyətləri olduğundan, biz bilmirik ki, nəqliyyatın yanacaq xərcləri nə qədərdir. Mənfəətlik norması yüksəkdirsə, sadəcə mənfəətin azalmasına səbəb olacaq. Yox əgər mənfəət norması minimumdursa, onda həmin sahənin zərərlə işləməsinə səbəb olacaq. Hökumət iqtisadi əsaslandırmasında bu tip məsələlərə diqqət yetirməli idi. Hökumət açıqlamamalı idi ki, orta aylıq əmək haqqına neçə litr benzin almaq olar. Hökumət onu əsaslandırmalı idi ki, yanacaq xərclərinin aqrar istehsalda xüsusi çəkisi nə qədərdir, yük daşımada nə qədərdir, sərnişindaşımada nə qədərdir. Beləliklə, hesablamaq olardı ki, yanacağın qiymət artımı o xərcləri hansı səviyyəyə qədər artıracaq. Hazırda isə tamamilə təsəvvür yoxdur ki, nəqliyyat sektorunda yanacaq xərclərinin ümumi maya dəyəri nə qədərdir", - Ağayev əlavə edib.

Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tarif Şurasından "Gediş haqqı" açıqlaması

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a bildirib ki, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib:

"Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".

M.Ağayev onu da qeyd edib ki, hazırda paytaxtda "BakuBus" avtobusları istisna olmaqla, sərnişindaşımada istifadə edilən digər avtobuslar dizellə işləyir.

Məlumat üçün qeyd edək ki, "2019-cu il 7 mart tarixində "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında Nazirlər Kabineti qərar verib. Həmin qərarın 2-ci bəndində "Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər" yer alıb.

Чиновники, фото из архива - Sputnik Azərbaycan
Tarif Şurasından növbəti qərar

Qərarın 2.1.14. bəndində qeyd olunur ki, avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir. Qərarın son icra tarixində isə qeyd edilir ki, bu tələblərin 2.1.14-cü yarımbəndi 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Belə çıxır ki, paytaxtda sərnişindaşımada istismar edilən dizel yanacağı ilə işləyən avtobuslar 2021-ci ilin yanvar ayının 1-dən etibarən xətlərdə istismardan tam uzaqlaşdırılacaq.

Xatırladaq ki, Tarif Şurasının qərarı ilə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Qərarda qeyd edilir ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

Xəbər lenti
0