04:51 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
TƏHLİL
Qısa URL
23 0 0

ABŞ seçki sistemini tənqid edənlər bildirirlər ki, bu sistem sayəsində adi amerikalıların daha az səsini toplayanlar Seçicilər Kollegiyasında nümayəndələrdən daha çox səs yığmaqla prezident seçilə bilirlər. Necə deyərlər, "The winner takes it all"

BAKI, 15 dekabr — Sputnik, Sofiya Melniçuk. Seçicilər Kollegiyası sürpriz etmədi: gözlənildiyi kimi, Co Baydenə 306 səs verildi, Tramp isə cəmi 232 səs aldı. Beləliklə, hazırkı prezidentin seçkinin nəticəsinə etiraz etmə şansı günbəgün azaldıqca demokratlar sürətlə inauqurasiyaya tərəf irəliləyirlər. Bəs Tramp məhkəmələrdə niyə qalıb gələ bilmədi – bu sualın cavabı "RİA Novosti"nin materialında.

Ulduz şahid

"Mən nə gördüyümü bilirəm. Və mən sənəd imzalamışam, əgər yalan danışsam, həbs olunacağam. Bəs siz necə? Qeydə alınmış seçici siyahısında yüz min insanla bağlı uyğunsuzluq var... Belə məlum olur ki, səsvermədə 120 faiz seçici iştirak edib".

Detroytdakı seçki məntəqələrində baş vermiş pozuntularla bağlı bu ifadəni Donald Tramp komandasının "ulduz şahidi" Melissa Karon verib. O, sual verən senatorun sözünü tez-tez kəsirdi və hətta prezidentin şəxsi vəkili Rudi Culiani onu bir neçə dəfə susdurmağa çalışdı.

Ancaq çoxluq qəribə saç düzümü və özünə xas jestləri olan bu qadının sərxoş olduğuna qərar verdi. Nəticədə Melissa internet fenomeninə və "Saturday Night Life" yumoristik şousunun personajına çevrildi.

Beləliklə, Trampın tərəfdarları seçki məntəqələrinin əməkdaşlarının iki dəfə on minlərlə bülleteni skanerdən çıxardıqlarını, səslərin hesablanması mərkəzində isə yemək gətirən maşınlarda ərzaq adı altında saxta kağızların daşındığını sübut edə bilmədilər. "Ulduz şahidin" sözlərinə də heç kim inanmadı. Bunun əvəzində media Melissanın sevgilisinin keçmiş arvadına göndərdiyi əxlaqsız videoları tapıb üzə çıxartdı.

Dinləmələrdə Trampın komandası yenə noyabr seçkisinin nəticəsinə etiraz etmək istədi. Lakin hər dəfə məhkəməyə fırıldaqçılığı sübut edən sənədlər təqdim olunan vaxt nədənsə problem yaranırdı.

Biabırçılıq dalınca biabırçılıq

Trampın seçki qərargahının nümayəndələri seçkidən dərhal sonra regional məhkəmələrdə iddia qaldırmağa başladılar və seçki ilə bağlı bir sıra uyğunsuzluqları ortaya qoydular. Məsələn, Arizona ştatının Marikopa bölgəsində respublikaçı-seçicilər şikayətlənirdilər ki, səs sayma maşınları "Sharpie" markerləri ilə doldurulduğundan, onların bülletenlərini ümumiyyətlə "oxumayıb".

Ancaq dinləmələr vaxtı şahidlər özləri özlərini təkzib etdilər: bildirdilər ki, səslər heç də markerlərin ucbatından it-bata düşməyib. İttiham olunan tərəfin vəkili Kori Lanqxofer bəyan etdi ki, ümumiyyətlə, hər hansı bir fırıldaqçılıqdan yox, daha çox "bəzi qərəzsiz nöqsanlardan" söhbət gedir.

Bu cür ifadə vermək üçün ona pul təklif olunub-olunmadığı soruşulan bir seçici isə cavab verdi ki, bu barədə heç nə deyə bilməz, çünki indiyə kimi heç kim onunla bu məsələni müzakirə etməyib, amma heç də pul almağın əleyhinə deyil.

Corciya məhkəməsində isə bir kibertəhlükəsizlik əməkdaşı aparat tərəfindən sayılan səslərin qeydə alınan seçicilərin sayından çox olduğunu bildirdi. Düzdür, o bu hadisənin Corciyada deyil, Miçiqanda baş verdiyini qeyd etdi. Digər tərəfdən, pozuntuların qeydə alındığı şəhərlərin siyahısında əsasən Minnesotanın yaşayış məntəqələri üstünlük təşkil edirdi.

Seçkinin nəticəsinə mühüm təsir göstərə bilən ştatlardan olan Pensilvaniyada isə prezidentin vəkilləri məhkəmə prosesinə uzun müddət hazırlaşsalar da, yetərli dəlil toplaya bilmədilər. Bəzi hallarda isə vəkillərin özləri sadəcə saxtakarlığı sübuta yetirən dəlillərin olmadığını etiraf etdilər.

Son şans

Keçən həftə Texas ştatında başlayan məhkəmə prosesinin həlledici olacağı güman edilirdi. Corciya, Miçiqan, Pensilvaniya və Viskonsin kimi "tərəddüdlü" ştatlarda seçki nəticələrinin ləğv edilməsini tələb edən iddia Ali məhkəməyə göndərildi. Texas Baş prokuroruna 17 ştat dəstək verdi.

Şikayət məhz Ali məhkəməyə göndərildi, lakin inandırıcı bir dəlil təqdim edilmədi. Gözlənildiyi kimi, Ali məhkəmə iddianı rədd etdi. Hakimlər arasında Trampın təyin etdiyi şəxslərin olması belə bir işə yaramadı.

Nebraska ştatından respublikaçı-senator Ben Sass söhbətə yekun vurdu: "Üç "trampçı"nın oturduğu Ali məhkəmənin bu qərarı – qanuna əməl olunmasına görə narahatlıq keçirən bütün amerikalılar üçün təsəlli oldu".

Ali məhkəmə sonuncu dəfə 2000-ci ildə seçkinin taleyini həll etmişdi. Həmin vaxt Florida ştatında kimin qalib gəldiyini müyyənləşdirmək mümkün olmamışdı: demokrat Albert Qor, yoxsa respublikaçı Corc Buş (oğul). Və Corc Buşun doğma qardaşı Cerbin qubernator olduğu ştat qələbəni respublikaçı namizədə vermişdi. Demokratların tələbi ilə səslər yenidən hesablansa da, hər seçki bülleteni uğrunda mübarizə getsə də, qalibi müəyyənləşdirmək mümkün olmamışdı. Axırda Ali məhkəmə ilkin nəticələri qəbul etmiş və seçicilərin daha az səsini toplamasına baxmayaraq, Buş prezident olmuşdu.

Sonuncu seçki ərəfəsində bəziləri bu vəziyyətin yenidən təkrarlanacağından ehtiyat edirdilər. Güman olunurdu ki, Trampın təyin etdiyi mühafizəkar hakimlər prezidentlə birlikdə hərəkət edəcəklər. Ancaq Ali məhkəmədə hakimlik ömürlük vəzifə hesab edildiyindən, arbitrlərin bu kreslonu onlara həvalə etdiyinə görə Trampa minnətdar olmalarına ehtiyac yoxdur.

Seçicilər Kollegiyasının seçimi

Hadisələrə Seçicilər Kollegiyasının iclası yekun vurdu. Hər bir ştatın nümayəndəsi səsvermədə iştirak etdi. Onların sayı regionun əhalisinin sayından asılıdır: seçicilərin sayı çoxdursa, nümayəndələrin sayı da çox olur. Məsələn, əhalinin sıx məskunlaşdığı Kaliforniya və Florida ştatlarından iclasda müvafiq olaraq 55 və 38 seçici nümayəndəsi iştirak edir. Şimali və Cənubi Dakotadan isə cəmi üç nümayəndə! Qələbə qazanmaq üçün 270-dan artıq səs toplamaq lazım gəlir.

ABŞ seçki sistemini tənqid edənlər bildirirlər ki, bu sistem sayəsində adi amerikalıların daha az səsini toplayanlar Seçicilər Kollegiyasında nümayəndələrdən daha çox səs yığmaqla prezident seçilə bilirlər. Bu dəfə hər şey gözlənildiyi kimi oldu. "ABBA" qrupunun məşhur mahnısında deyildiyi kimi: "The winner takes it all" (Qalib hər şeyə sahib olur). Başqa sözlə, hər ştatda lider olan namizəd bütün yerli seçicilərin səsinə də sahib olur – bu onların xoşuna gəlsə də, gəlməsə də.

Amerika Birləşmiş Ştatlarının tarixində seçici nümayəndələrinin seçicilərin əksəriyyətinin iradəsinə zidd getdiyi hallar da olub. Sonuncu dəfə belə hal 2016-cı ildə yaşanmışdı: beş demokrat və iki respublikaçı onlardan gözlənildiyi şəkildə səs verməmişdilər. Əslində, Konstitusiya seçicilərin qarşısına belə bir öhdəlik qoymasa da, bəzi əyalətlərdə bu cür "özbaşınalıq"lara görə adamı cərimə eləyə, hətta həbsxanaya sala bilərlər.

Yanvarın 6-da Konqresin hər iki palatası seçici nümayəndələrinin səsverməsinin nəticələrini bir daha qiymətləndirəcək və yalnız o vaxt Baydenin qəti qələbəsini elan edəcək. Ancaq elə həmin ayın 3-də Konqresin tərkibi yenilənəcək. Deməli, nəzəri cəhətdən Trampın məğlubiyyəti qəbul olunmaya bilər və bu, yəqin ki, indiki prezidentin son şansı olacaq.

Teqlər:
təhlil, ekspert, revanş, prezident seçkisi, ABŞ, Co Bayden, Donald Tramp

Əsas mövzular