01:33 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
47 0 0

Gürcüstanda müddətsiz etiraz aksiyaları davam edir: müxalifət oktyabrın 31-də keçirilmiş parlament seçkisinin nəticəsəni tanımır və yeni seçkinin keçirilməsini tələb edir. Polis etirazçıları dağıtmaq üçün artıq dəfələrlə su şırnağından istifadə edib.

BAKI, 11 noyabr — Sputnik, İrina Alksnis. Beləliklə, bu Cənubi Qafqaz respublikasının on yeddi ildən bəri Avropaya gedən yolu tragikomediya ilə nəticələnib. Niyə on yeddi il? Çünki məhz 2003-cü ilin noyabrında keçirilmiş parlament seçkilərinin saxtalaşdırılmasına qarşı etirazlarla başlayan "qızılgül inqilabı" nəticəsində Eduard Şevardnadze prezidentlikdən istefa etdi. Beləliklə, Mixeil Saakaşvili karyerasına başladı və bununla da dünyada rəngli inqilablar haqqında mifin təməli qoyuldu.

İndiyə kimi Gürcüstan həmin vaxt seçdiyi yola sadiq qalıb. Ancaq baş verənlərə ötəri nəzər salmaq belə bu ölkənin təxminən son 20 ildə inadla qaçış alətinin üstündə yüyürdüyünü görmək üçün kifayət edir. Özü də deyəsən, oradan düşmək niyyətində deyil.

Verilən son məlumatlara görə, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası seçicilərin 48 faizindən çoxunun səsini alaraq mövcud parlament seçkisində qalib gəlib. İkinci yerdə 27 faizlə Birləşmiş Milli Hərəkat durur. Qalan siyasi qüvvələr, xüsusilə də səslərin sayına görə üçüncü yerə çıxmış, bununla belə cəmi 4 faiz səs toplamış "Avropa Gürcüstanı" partiyası üçün isə nəticə olduqca məyusedicidir.

Avroatlantizm, "Qərb dəyərlərinin tətbiqi", ölkənin AŞ və NATO-ya daxil olması, "ərazi bütövlüyünün bərpası" (və nəticədə "işğalçı ölkəyə" qarşı mübarizə) adı çəkilən bütün partiyaların proqramlarının əsas müddəalarını təşkil edir. Onların arasındakı fərq isə ayrı-ayrı müstəvilərdə özünü göstərir.

Birləşmiş Milli Hərəkat – 7 ildir qurucusu olmadan fəaliyyət göstərmək məcburiyyətində qalan Mixeil Saakaşvilinin partiyasıdır. O, prezidentlik müddətinin rəsmi şəkildə başa çatmasını belə gözləmədən 2013-cü ilin oktyabrında Gürcüstanı tərk etdi. Hədəfi isə Avropa, ABŞ və Ukrayna idi.

Bununla belə, keçmiş Odessa qubernatoru və hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri bir əlini ölkəsinin siyasi nəbzindən çəkmək fikrində deyil. O, müxalifətin yeni seçkinin keçirilməsi uğrunda apardığı mübarizəyə (hazırkı etiraz aksiyalarında əsas rolu, əlbəttə ki, Vahid Milli Hərəkat oynayır) qoşulmağa hazır olduğunu elan edərək vəzifəyə ehtiyacı olmadığını, yalnız Gürcüstanı "xilas etmək" barədə düşündüyünü bəyan edib.

"Gürcü Arzusu" 2010-cu illərin əvvəllərində Saakaşvili və Vahid Milli Hərəkatı qabaqlayan partiyadır. Həmin vaxtdan bu partiya hakim statusdadır və hazırda seçki saxtakarlığı ittihamları ilə mübarizə aparır. Partiyanın qurucusu və rəhbəri Bidzina İvanişvilidir. O, siyasətçi, sahibkar və Gürcüstanın ən varlı adamıdır: təxminən beş milyard dollarlıq sərvəti ilə "Forbes"un siyahısında 349-cu yeri tutur.

Saakaşvilinin yetirməsi ondan nümunə götürərək xüsusən də Rusiya əleyhinə fəaliyyətində isterik populizm nümayiş etdirir. Bu mənada bir az daha balanslı siyasət yürüdən ölkənin hazırkı rəhbərliyi mütəmadi olaraq "işğalçılarla əməkdaşlıq" və "milli maraqlara xəyanət" səbəbi ilə hücumlara məruz qalır. Keçən il Moskva ilə münasibətlərdəki qalmaqal və Gürcüstanda baş verən kütləvi etirazlar ölkənin siyasi həyatının mənzərəsində xarakterik ştrixlər oldu.

Bununla belə, reallıqda ölkə yenə də insanları vaxtilə Eduard Şevardnadzeyə qarşı ayağa qalxmağa məcbur edən problemlərlə qarşı-qarşıyadır: çətin iqtisadi vəziyyət, əhalinin əhəmiyyətli bir hissəsinin həddindən artıq yoxsul yaşaması, mövcud hakimiyyətin korrupsiyalaşması və s.

Düzdür, 2020-ci il özü ilə koronavirus epidemiyası və nəticədə son illər Gürcüstan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən turizm sektorunun çöküşü kimi yeni problemlər də gətirdi. 2019-cu ildə ölkə turizmdən 3 milyard dollar qazanmışdı. Bu il isə 2,5 milyard dollar itirəcək ki, bu da həmin sektoru nə az, nə çox, düz 20 il geri atacaq.

Axı Qərb mütəmadi olaraq bu respublikaya və onun iqtidarına mənəvi dəstək verir. Bu dəfə də ATƏT müşahidəçiləri oktyabrın 31-də baş tutmuş seçkinin "rəqabət və bütün fundamental azadlıqlara hörmət mühitində" keçdiyini bildirdilər.

Amma necə deyərlər, bəla gözlənilməyən yerdən gəldi...

Belə ki, Mixeil Saakaşvili "Facebook" səhifəsində ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenlə dost olduğunu bəyan edərək onunla birlikdə çəkdirdiyi çoxsaylı fotoşəkilləri paylaşdı. O, paylaşımını bu sözlərlə yekunlaşdırdı: "İndi gürcü xalqı müxalifətin böyük qələbə qazandığı, lakin bu qələbənin oğurlandığı seçkinin yenidən keçirilməsi üçün mübarizə apararkən, Ağ Evdə həqiqətən dəyərli insanların olmasına ehtiyacımız var".

Bu məşhur gürcü-ukraynalı siyasi avantüristin Vaşinqtonda həqiqətən də yaxşı əlaqələrə sahib olduğunu nəzərə alsaq, onların ATƏT-ə Gürcüstanda keçirilən seçkilərlə bağlı mövqeyinə yenidən baxmasını tövsiyə edəcəkləri istisna olunmur. Və sözsüz ki, bu tövsiyəyə əməl olunacaq. Çünki Qərbin Gürcüstan üçün başqa bir Avroatlantizm variantı yoxdur.

Əsas mövzular