00:51 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
405225

Ekspert: "Elə internet resursları var ki, onların müvəqqəti olaraq tamamilə dayandırılması anlaşılandır. Lakin müəyyən mütəxəssislərin beynəlxalq arenada iş aparması, informasiya müharibəsi üçün sosial mediada imkanların yaradılması məsələsinə baxılması doğru olardı"

Nigar İsgəndərova, Sputnik Azərbayan

BAKI, 30 sentyabr — Sputnik. Artıq bir neçə gündür ki, cəbhə xəttində vəziyyətin gərginləşməsi informasiya təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Artıq bir neçə gündür ki, ölkə ərazisində sosial şəbəkələrin fəaliyyətinin dayandırılması informasiya təhlükəsizliyini qorumaq istiqamətində müəyyən addımların atıldığını deməyə əsas verir.

Bəs, son  iki gündə informasiya təhlükəsizliyi ilə bağlı ümumi vəziyyəti necə qiymətləndirmək olar, nə kimi nöqsanlar qeydə alındı və nə kimi addımların atılmasına gərək var?

Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsinin dekanı, "Beynəlxalq Jurnalistika" kafedrasının müəllimi Vüqar Zifəroğlu deyib ki, indiki şəraitdə internetin qarşımızda açdığı imkanlar, sosial media alətləri informasiya müharibəsi problemini bizim üçün aktuallaşdırır: "Torpaqları işğal altında olan bir ölkə kimi informasiya müharibəsi bizim üçün çox həssas mövzudur. Lakin qeyd edim ki, bu gün hamımız informasiya müharibəsindən məlumatlı deyilik. Hələ də bu məsələyə bir qədər fərqli yanaşanlar var. Lakin unutmayaq ki, bu gün müharibə gedir və biz sadə həyatımızı yaşaya bilmərik. Hazırda ordumuz işğal altındakı ərazilərin azad olunması üçün döyüşlər aparır. İtkilərimiz, yaralılarımız var. Erməni tərəfi müxtəlif yalan məlumatlar vasitəsilə çaşqınlıq yaratmağa çalışır. Bu səbəbdən belə həssas dövrdə bəzi məhdudiyyətlərə, təhlükəsizlik qaydalarına əməl etməliyik".

Bu gün internetin məhdudlaşdırılmasının obyektiv səbəblərlə, xüsusən də dezinformasiyaların qarşısını almağa xidmət etdiyini deyən V.Zifəroğlu bildirir ki, burada əsas məqsəd xəbərin vaxtsız yayımlanmasının qarşısını almaqdır: "Müharibə ilə bağlı xəbərləri yayımlayarkən mütləq şəkildə müəyyən çərçivələri nəzərə almalı, nüanslara diqqət yetirməliyik. İndiki zamanda, ən birinci xəbəri mən verim, kimi nüanslardan imtina etmək lazımdır. Yalnız Müdafiə Nazirliyi tərəfindən təsdiqlənən məlumatları vermək lazımdır. Çünki bu gün Müdafiə Nazirliyimiz çox operativ şəkildə cəmiyyətimizi informasiya ilə təmin edir. İnsanları başa düşürəm, onlar qələbə xəbərlərinə acdırlar. Mən bunu başa düşürəm. Amma eyni zamanda da səbrli davranmalıyıq. Vaxtı gəlməyən, rəsmi olaraq təsdiqini tapmayan xəbərin paylaşılması döyüşçülərimiz üçün çətinliklər yarada bilər, hətta onların həyatını təhlükəyə ata bilər".

Ekspert deyir ki, təsdiqlənməyən məlumatı sosial şəbəkələr vasitəsi ilə yaymaq düzgün deyil:

"Jurnalistin bir nömrəli vəzifəsi cəmiyyəti dolğun, düzgün və obyektiv xəbərlə təmin etməkdir. Sual oluna bilər ki, dəqiqlik, yoxsa operativlik? Birmənalı şəkildə deyim ki, dəqiqlik meyarı digərlərindən daha öndə dayanmalıdır. Professional media məhz dəqiqlik, qərəzsizlik və obyektivlik üzərində işini qurur. Bir xəbərin düz olmasından nə qədər əmin oluruqsa olaq, o rəsmi təsdiqini tapmayıbsa, onu paylaşa bilmərik. Xüsusən də cəbhə xəbərlərinə həssas yanaşmaq lazımdır".

V.Zifəroğlunun fikrincə, insanlar dəqiq informasiya üçün daha etibarlı kanallara müraciət etməli və alternativ kanallar axtarmamalıdır: "Çünki nəticə etibarı ilə bu vəziyyət onları yanlış istiqamətə apara bilər. Peşəkar fəaliyyəti ilə inam doğuran informasiya mənbələrinə etibar etmək olar. Bu rəsmi xəbərlər müxtəlif həştəqlər vasitəsilə də yayımlana bilər. Ötən gün ermənilər tərəfindən müxtəlif sosial şəbəkələrdə yayılan xəbərləri də izləyirdim. Onlar çaşqınlıq içində idi. Bizim yerli, rəsmi məlumatlar başqa dillərdə də verilirdi. Biz yalnız xəbər yayımlayarkən yerli oxucuları deyil, dünya auditoriyalarını da nəzərə almalıyıq. Bizim yalan uydurmağa ehtiyacımız yoxdur".

Ekspertin sözlərinə görə, telekanallarımız cəbhə bölgəsinə ezam olunan müxbirlər vasitəsilə canlı yayım və reportajlar verirlər. Bundan başqa, internet saytlara girişdə heç bir məhdudiyyət yoxdur. Professional saytlar vasitəsilə də doğru-düzgün məlumat əldə etmək olar. Bununla şayiə texnologiyasının qarşısı alınmış olur.

İnformasiya və kommunikasiyalar məsələləri üzrə ekspert Osman Gündüz isə Sputnik Azərbaycan-a açıqlamasında digər nüanslara toxunub. Ümumilikdə, internetin məhdudlaşdırılması ilə informasiya təhlükəsizliyi ilə bağlı ötən günlərdəki durumu müsbət qiymətləndirən ekspert VPN-lə bağlı məsələyə də toxunub: "VPN-lə bağlı məsələyə xüsusi diqqət yetirmək lazımdır. Ümumiyyətlə, bunadək bizim ölkədə VPN texnologiyaya üstünlük verilməyib. Çünki Azərbaycanda hər zaman internet azad və sərbəst olub. Yalnız xarici şirkətlər, səfirliklər bu texnologiyanın üzərində oturmuşdular. Lakin bəlli məsələlərlə bağlı internetdə müəyyən məhdudiyyətlər tətbiq olunub və bu səbəbdən də əksəriyyət VPN üzərindən bu baryeri aşmağa çalışırlar. Lakin bu da doğru yanaşma deyil".

Ekspert qeyd edir ki, bu zaman trafik VPN üzərindən keçdiyi üçün müəyyən risklər yaranır. Biz ortada olan bəlli şirkəti tanımırıq və bizim bütün informasiya münasibətlərimiz həmin şirkətin üzərindən həyata keçirilir. Artıq belə bir üçüncü tərəf var. Bəzi məlumatlar, ad-soyad, parollar, bank kartı məlumatları VPN serverində qeyd olunduğu üçün burada müəyyən, xüsusən də, milli təhlükəsizlik baxımından risklər var. Çünki hökumət bu trafikə nəzarət etməkdə çətinlik çəkir.

O.Gündüz hesab edir ki, VPN üzərində digər servislər olduğundan, müəyyən xarici şirkətlər və səfirliklər istifadə etdiyindən onu bloklamaq problemlər yarada bilər. Belə olan halda isə əsas vəzifə elə vətəndaşın üzərinə düşür, zərurət olmadan VPN-dən istifadə etməmək tövsiyə olunur.

Məhdudlaşma ilə bağlı digər nüansa toxunan ekspertin fikrincə, beynəlxalq aləmə müəyyən məlumatları ötürmək üçün bəzi sosial media hesablarındakı məhdudiyyətlər məsələsinə yenidən baxmaq olar: "Elə internet resursları var ki, onların müvəqqəti olaraq tamamilə dayandırılması anlaşılandır. Məsələn, "Youtube", "Instagram", "Whatsapp"ın müvəqqəti olaraq ölkədəki fəaliyyətinin tamamilə dayandırılması anlaşılandır. Lakin müəyyən mütəxəssislərin beynəlxalq arenada iş aparması, informasiya müharibəsi üçün "Twitter" və digər sosial medialarda imkanların yaradılması məsələsinə baxılması doğru olardı. Çünki indiki şəraitdə sosial media hesablarından istifadə edərək xarici auditoriyaya mesajlar ötürmək düzgün olar".

Osman Gündüz vətəndaşları ehtiyac olmadan VPN-dən istifadə etməməyə səsləyib və informasiya təhlükəsizliyi ilə bağlı bu günədək atılan addımların təqdirəlayiq olduğunu deyib.

Əsas mövzular