00:20 14 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
6610

Problem ondadır ki, Amerikanın analitik cəmiyyətinin böyük qismi bu mövqeni qəbul edəndə artıq çox gec olacaq

BAKI, 1 avqust — Sputnik, İvan Danilov. Amerikanın siyasi nüfuzu və onlarla keçmiş əməkdaşının dünyanın müxtəlif ölkələrində yüksək vəzifələr tutması ilə fərqlənən nəhəng bankı şok bəyanatla çıxış edib: dolların dünyanın əsas valyutası statusu erası sona çata bilər. 

Goldman Sachs — maliyyə dairələrində geniş tanınan bir qurumdur. O, bir trilyon dollarlıq aktivləri idarə edir, Uoll-stritdə böyük hörmətə malikdir, özünün keçmiş əməkdaşlarını konveyer üsulu ilə ABŞ-ın Maliyyə nazirliyində bərqərar edir, eləcə də şübhəli fərqlənmə nişanına malikdir: 2008-ci ildəki böhrandan sonra tədqiqatçı jurnalist Mett Teybinin təbirincə onu “Vampir kalmar” (Vampire squid) adlandırırlar.

“Goldman Sachs haqda bilməli olduğunuz ilk şey – onun hər yerdə olmasıdır. Dünyanın ən güclü investisiya bankı bəşəriyyətin simasını əhatələyən nəhəng vampir kalmara bənzəyir: pul iyi verən hər şeyi o amansızcasına özünün qanlı burulğanına çəkir”, - M.Teybi 2010-cu ildə “The Rolling Stone” jurnalında dərc olunmuş geniş araşdırmasında yazırdı. Və o vaxtdan məhz bu təsvir Amerikanın nüfuzlu maliyyə qurumunun sanki pasportudur. 

Yuxarıda qeyd olunan səbəblərdəndir ki, “Vampir kalmar” hansısa kütləvi mövqedən çıxış edəndə, xüsusən də onun qiymətləndirməsi aparıcı media sinfinin mümkün proqnozları ilə üst-üstə düşməyəndə onun nə dediyinə qulaq vermək lazım gəlir.

Dünya valyutası qismində dolların perspektivlərinin məhz Amerika bankı tərəfindən tənqid olunması ikiqat təəccüblüdür, çünki hətta ABŞ-da “qeydiyyata düşmüş” qlobal maliyyə strukturları da spesifik, amma çox nəzərə çarpan, müntəzəm olaraq gələcək senator və konqresmenlərə əliaçıq ianələrlə gücləndirilən patriotizmlə seçilir. Goldman Sachs da bir növ Amerikanın özüdür, lap dəqiqini desək, dəzgahlardan tamam aralanıb maliyyə manipulyasiyalarına baş vuran Amerikadır. Bir vaxtlar Birləşmiş Ştatların simvolu bank deyil, sənaye korporasiyası olan “General Motors” idi. Bu haqda Müdafiə naziri Vilson belə demişdi: ““General Motors” üçün yaxşı olan – Amerika üçün də yaxşıdır”. İndi isə ABŞ-ın simvolu istehsal birliyi deyil, məhz müntəzəm olaraq loqotipini cinsi azlıqların rənglərinə boyayan, həddən artıq ədəbsiz nüfuza malik, amma çox təsirli bir strukturdur və Amerika valyutasının gələcək durumu, dolların problemlərinin ümumilikdə bütöv Amerikanın perspektivlərinə ciddi təsir edəcəyi onu xeyli mütəəssir edib. 

Amerikanın maliyyə üzrə informasiya agentliyi Bloomberg nüfuzlu bankın analitiklərinin qorxularını belə anladır: "Goldman Sachs Group Inc. ABŞ-da inflyasiya ilə bağlı qəflətən artan narahatlığa diqqət çəkərək çərşənbə günü belə bir cəsarətli xəbərdarlıq yaydı ki, dollar özünün dünyanın ehtiyat valyutası statusunu itirə bilər.

Konqres pandemiyanın talan elədiyi iqtisadiyyatı dəstəkləmək üçün növbəti fiskal stimullaşdırma raunduna yaxınlaşdığından, Federal Ehtiyat Sistemi isə bu il balansını artıq 2.8 trilyon dollar artırdığından Goldman-ın strateqləri xəbərdarlıq ediblər ki, ABŞ-ın siyasəti “valyutanın dəyərdən düşəcəyi barədə narahatlıqlar” yaradır və dünya valyuta bazarlarında dolların dominant qüvvə kimi ağalığına son qoya bilər”.

Goldman Sachs analitiklərinə haqq vermək gərəkdir: hələ baharda, ABŞ FES-inin çap maşını ölkənin maliyyə bazarları və büdcəsinin epidemiya dövründə dəstəklənməsi üçün izafi işlərə başlayanda, konqres və senat  iqtisadiyyata büdcə axınının həcmi və müvafiq olaraq defisitin artması barədə baş işlədəndə bank müştərilərilə xüsusi məsləhətləşmələr apararaq onları mümkün inflyasiya riskindən qaçmaq üçün dollarları qızıla (hətta bitkoyna) çevirməyə inandırırdı. İndi bank həmin problemi maksimal dərəcədə geniş auditoriyanın diqqətinə çatdırmağa qərar verdi və bu, onda gözəl alındı – dolların planetin əsas valyutası statusunu itirəcəyi barədə, demək olar ki, dünyanın bütün aparıcı KİV-ləri yazdı. 

Şübhəsiz, onu da nəzərə almaq lazımdır ki, (yəni Bloomberg və digər medişərhçilərin də doğru olaraq qeyd etdikləri kimi) “maliyyə dairələrinin əksəriyyətində bu nöqteyi-nəzəri az adam dəstəkləyir, Goldman-ın analitikləri isə deyirlər ki, bunun (dolların dünyanın əsas valyutası statusunu itirəcəyinin – red.) mütləq baş verəcəyini hesab eləmirlər”.

Bu növ tipik mövqe onunla izah olunur ki, ABŞ dollarının, “kapital bazarının dərinliyini və ABŞ dolları ilə aparılan qlobal tranzaksiyaların nəhəng həcmini nəzərə alsaq, rezerv valyuta statusunu itirməyə heç azacıq da şansı yoxdur”. Bunu Bloomberg-ə Britaniyanın Barclays bankının Şimali və Cənubi Amerikada valyuta ticarətinin başçısı Maykl Krupkin deyib.

Problem ondadır ki, Amerikanın analitik cəmiyyətinin böyük qismi bu mövqeni qəbul edəndə artıq çox gec olacaq. O mənada ki, Amerika valyutasının dominantlığı üzərində qurulmuş dünya sisteminin demontajı prosesi ya bitmiş olacaq, ya da artıq geriyə dönüş nöqtəsinin keçildiyi həddə çatacaq. 

Dollar sisteminin onu tənqid edənlərə rəğmən yaşayacağına dair arqumentlərdən biri də odur ki,  dollar Federal Ehtiyat Sisteminin 2008-2009-cu illərdə dayanmadan pul çap eləmək “tutması”nı adlaya bildi. Bu arqumentin bircə zəif yeri budur ki, çap maşınının işinin indiki intensivliyi nə ötən böhran zamanı baş verənlərlə, nə də 2008-2009-cu illərdə ABŞ-ın birqütblü dünyanın şübhəsiz lideri olmasıyla heç bir müqayisəyə gəlmir.

İndi situasiya tamam fərqlidir: Amerika şəhərləri yanır, hər iki aparıcı partiya payızda planlaşdırılan prezident seçkisinin nəticəsinin tanınmaması ehtimalını və mümkün vətəndaş müharibəsini müzakirə edir, birqütblü dünya isə artıq yoxdur – hər şey ABŞ-la Çin arasında başlanan ikinci soyuq müharibənin hansı formanı alacağından asılıdır.

Müdrik və yaxşı məlumatlandırılan “Vampir kalmar” nahaq yerə həyəcan təbili çalıb, büdcə nizamına,  son 50 ildə ABŞ-a nəhəng üstünlüklər gətirən sistemin müdafiəsinə çağırmır. Nüfuzlu bankın xəbərdarlığı mütləq eşidiləcək, ancaq Amerika siyasətçilərinin dünyanın əsas valyutası statusunun saxlanması üçün populyar olmayan addımlar atmaq qabiliyyətlərinə dair artıq ciddi şübhələr yaranıb.

Əlaqədar

Hələ çox gözləyəcəyik – Nüfuzlu agentlik neftlə bağlı proqnoz verdi
Dünya nəfəsini dərib gözləyir! Çoxumuzun necə yaşayacağı gələn aydan asılıdır
Valyuta bazarında tələb artmaqdadır: Qızıl alışına keçməsək, payızda zərər görə bilərik
On milyonlarla dolları Azərbaycandan Türkiyəyə yönəldən - SƏBƏB
Vaşinqton Avropanı həqiqətən cəzalandırmaq qərarına gəlib

Əsas mövzular