04:07 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının iclası, arxiv şəkli

Müşahidəçi statusu: Bakı KTMT ilə dərin inteqrasiyaya getməyəcək

© Sputnik / Mikhail Klimentyev
TƏHLİL
Qısa URL
9933 0 0

İqor Şatrov: Azərbaycanın KTMT-yə üzvlüyü Qarabağ probleminin həllində yeni dinamika yarada bilər

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. Ötən həftə Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyinin toplantısı keçirilib. Burada KTMT üzvü olan ölkələrlə maraqlı ölkələrin nazirlik və dövlət idarələrinin nümayəndələrinin təşkilatın strukturunda müşahidəçi və tərəfdaşlıq statusunun hüquqi qeydiyyatına dair sənədlər paketinin razılaşdırılması üzrə məsləhətləşməsi olub.  

Bundan sonra hadisələrin necə inkişaf edəcəyi barədə Sputnik Azərbaycan-ın suallarını rusiyalı politoloq, Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktor müavini İqor Şatrov cavablandırıb.

— Ötən həftə Bakıda ölkənin KTMT-yə üzv olmasının mümkünlüyü fəal şəkildə müzakirə edildi. Azərbaycanın bu qurumda müşahidəçi statusu alması nə dərəcədə inandırıcıdır? Rusiya KTMT-nin tərkibinin bu şəkildə genişlənməsində maraqlıdırmı?

— KTMT istənilən perspektivli beynəlxalq təşkilatın getdiyi yolla gedir.

Əvvəla bu, bir neçə dövlətin ittifaqıdır. Təşkilat özünün effektivliyini göstərdikcə, digər ölkələr də onun işinə qoşulmaq arzularını ifadə edirlər. Hər ölkənin öz maraqları var. Bu, müxtəlif inteqrasiya səviyyələrini nəzərdə tutur. Beləliklə, müşahidəçilərin və tərəfdaşların statusu meydana çıxır. KTMT inkişafın elə bir mərhələsinə daxil olub ki, onun fəaliyyəti digər ölkələr üçün cazibədar olub. KTMT artıq çoxdan sərhəd mübahisələrinin həlli ilə məşğul olan təşkilatdan ciddi müdafiə ittifaqına çevrilib.

Azərbaycanın KTMT-nin yaranmasında rolu olub. Azərbaycan 1993-cü ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsini beş il müddətinə imzalayıb. Lakin beş ildən sonra Azərbaycan bu müqaviləni uzatmayıb. Hazırda Azərbaycanla Rusiya arasında iqtisadi, hərbi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədədir. Bizim cənub qonşularımızla sərhəddə təhlükəsizlik elə Rusiyanın cənubunda təhlükəsizlik deməkdir. Moskva Azərbaycanın KTMT və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlara daxil olması məsələsinə əsla müdaxilə etməyəcək. Əgər Azərbaycan KTMT-yə daxil olmaq istəsə, onun atacağı ilk addım müşahidəçi üzv statusu almaqdır.

 Azərbaycanın KTMT-yə girməməsinin əsas səbəbi onun təşkilatın digər üzvü Ermənistanla həll edilməmiş münaqişəsinin olmasıdır. Lakin NATO-dan fərqli olaraq KTMT-nin nizamnaməsində ərazi münaqişəsi olan ölkənin təşkilata üzv olmasına hər hansı qadağanın qoyulması barədə heç bir maddə yoxdur. Bu səbəbin aradan qaldırılmasının mümkünlüyünü necə görürsüz?

— NATO-da da hər şey birmənalı deyil. Misal üçün Türkiyə ilə Yunanıstan arasındakı əlaqələrdə. Baxmayaraq ki, onların arasında Kipr məsələsində anlaşma yoxdur, Türkiyə Respublikası dünya ictimaiyyətinin tanımadığı Şimali Kipri tanıyıb, bu, həmin ölkələrin NATO üzvü olmasına maneçilik törətmir. KTMT-yə gəlincə, Azərbaycanın bura qoşulmasına mane olan məhdudiyyətlər yoxdur. Həmçinin Azərbaycan və Ermənistanın SSRİ çərçivəsində uzunmüddətli sülh şəraitində yaşaması təcrübəsi mövcuddur. Bir təşkilat çərçivəsində bu təcrübəni yenidən canlandırmaq şansı daha çoxdur. Lakin əlbəttə ki, hazırkı vaxtda cəbhə xəttinin müxtəlif tərəflərində iki bir-birinə qarşı duran orduların əməkdaşlıq etməsini təsəvvür eləmək çətindir.

 Əgər Azərbaycan bu təşkilata üzv olsa, nə əldə edəcək?

— NATO-nun genişlənməsi Azərbaycan rəhbərliyində narahatlıq doğurur. NATO hərbi bazalarının Gürcüstanda peyda olması perspektivi yaxın qonşuları sevindirmir. Yaxın Şərqdəki qeyri-sabitlik və NATO-nun onun qarşısını almaması, əksinə buna kömək etməsi isə təhlükəni alovlandırmaya bilməz.

Azərbaycanın KTMT-yə üzv olması Bakının xarici zərbələrdən qorunmasına təminat verə bilər.

Bu fonda isə artıq dediyim kimi, Qarabağ məsələsinin həllində yeni dinamika müşahidə edilə bilər.

Amma mən heç bir şeyə qarşı çıxmayacağam. Mənim nəzərimcə, bu mövzunun məhz indi Azərbaycanda qabardılması Rusiya ilə Ermənistan arasında, xüsusilə də orada baş verən hakimiyyət dəyişikliyindən sonra, ziddiyyətlərin yaranmasına səbəb ola bilər. Bütün bunlarla yanaşı, nə qədər ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ problemi həllini tapmayıb, Bakı KTMT-yə dərin inteqrasiyaya getməyəcək. Bununla belə, Azərbaycanın KTMT-də müşahidəçi statusu almasının mümkünlüyü istisna deyil.

Əlaqədar

Ermənistan Avrasiya İqtisadi İttifaqı və KTMT-da qalacaqmı?
Teqlər:
İqor Şatrov, KTMT, NATO, Ermənistan, Moskva, Azərbaycan, Qarabağ, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Rusiyalı politoloq, Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktor müavini İqor Şatrov

Əsas mövzular