21:42 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
İzmirdə rahib Bransonun saxlanıldığı həbsxana

Türk professor ABŞ-Türkiyə münasibətləri haqda ilginc açıqlamalar verdi

© AP Photo / Lefteris Pitarak
TƏHLİL
Qısa URL
5349 0 0

Öztək: Rahib Branson əvvəllər ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşı olub. Gördüyü işlərə baxsaq, rahibliyi onun əsl işini pərdələyən bir peşədir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Son günlər Türkiyə və ABŞ arasında münasibətlər ciddi şəkildə korlanıb. 

ABŞ Maliyyə Nazirliyi Türkiyədə ev dustaqlığında olan ABŞ vətəndaşı rahib Endryu Bransonla bağlı Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı sanksiya tətbiq etməyə qərar verib.

Türkiyə tərəfinin cavabı özünü çox gözlətməyib. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalar barədə aqressiv bəyanatlarına qarşı hər cür tədbirləri görməyə hazır olduğunu bildirib.

ABŞ, həmçinin Türkiyədən idxal olunan polad və alüminium üçün gömrük rüsumlarını iki dəfə artırıb.

Bütün bu olaylar türk lirəsinin dollar qarşısında kəskin düşməsinə səbəb olub.

Sputnik Azərbaycan məsələ ilə bağlı Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztəkin fikirlərini öyrənib.

Öztək Endryu Bransonun məsələsinin üstündən adi bir şəkildə keçilməsini istəmir. Onun fikrincə, bu rahib ABŞ üçün olduqca özəl biridir.

Türk professor deyib:

"Rahib Branson əvvəllər ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşı olub. Daha sonra birdən-birə rahibə çevrilib. Gördüyü işlərə baxsaq, rahibliyi onun əsl işini pərdələyən bir peşədir. Çünki bu rahibin cənub-şərqi Asiyada ayaq basmadığı yer qalmayıb. 50 nəfərin ölümü ilə nəticələnən Suruçdakı bombalı hücumdan bir müddət əvvəl terror qruplarına 750 min dollar payladığı müəyyənləşdirilib. Branson FETÖ bürokratlarının da yardımı ilə Türkiyənin cənub-qərbində və İzmirdə xeyli sayda kilsə qurub".

Türkiyəli professorun sözlərinə görə, rahib Branson Türkiyənin Ege bölgəsində yanacaqdoldurma və qatar stansiyalarının yerləşdiyi yerlər, orada işləyənlər, işləyənlərin məzhəblərinə qədər bütün məlumatları detallı şəkildə toplayıb:

"Bu məlumatlar rahibin nəyinə lazımdır?! Görünən budur ki, rahib Branson Birləşmiş Ştatlar üçün bir rahibdən daha önəmli və qiymətlidir. Bu rahib, həmçinin ABŞ-da yüz milyonlarla yəhudi və xristianları özündə birləşdirən "İncil" təriqətinin öndə gələn üzvlərindən biridir. Trampın yəhudi kürəkəni Cared Kuşner və ABŞ-ın vitse-prezidenti Mayk Pensin yaxın dostudur. Bransonun azadlığa çıxarılması yüz milyonlarla amerikalı və yəhudi lobbisinin maraqlarına xidmət edir".

İbrahim Öztək bu günə qədər Türkiyədə heç bir rahibin tutulmadığını da xatırladıb.

"Bu çoxtərəfli rahibin Türkiyədəki çoxtərəfli fəaliyyəti ədalət məhkəmələri tərəfindən müəyyənləşdirilib və o, tutulub. Bransonun günahı ortadadır. Birincisi, Türkiyənin 40 ildir baş bəlasına çevrilən uşaq qatilləri PKK və PYD-yə hər məsələdə yardım etmək, bu təşkilatların Türkiyəyə qarşı yeni fəaliyyət planlarını müəyyənləşdirmək, ABŞ-dan gələn təlimatları bu terror təşkilatlarına ötürməkdir. İkincisi, terror qruplarını, Türkiyənin cənub-şərqini, ölkəmizin ən modern bölgələrindən biri olan İzmir və ətrafında yaşayan insanlarımızı xristian etmək üçün missionerlikdir, bu bölgələrdə kilsələr açmaqdadır. Onun günahları sübut olunub. O, ABŞ və ya başqa bir ölkəyə casusluq etməkdədir. Bransonun sərbəst buraxılma tələbi yerinə yetirilmədiyi üçün ABŞ prezidenti Tramp, Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülü hədəfə alan sanksiya qəbul edib. Türkiyə də eyni qərarı ABŞ-la bağlı verib" — deyə professor bildirib. 

Anadolu Aydınlar Ocağının sədri ABŞ və Donald Trampın Türkiyəyə qarşı sanksiya qərarı ilə kovboyçuluk oynadığını, Amerika rəhbərliyinin Koreya müharibəsindən sonra daim Türkiyəni aldatdığını qeyd edib:

"Strateji ortaqlıqdan yalnız öz maraqları üçün istifadə edirlər. Kipr hərəkatı, Saratoqa hadisəsi, Əşrəf Bitlis, Günəş hərəkatı, Torna hərəkatı, İraq və Suriyada baş verənlər zamanı bu proses davam edib. İndi isə "S-400", "Patriot", "F-35" və "Menbiç" hadisələri bu narahatlıqları artırmaqdadır".

Öztəkin fikrincə, protestant rahib Bransonun təqsiri hüquqi qiymətini almalı və ona cəza verilməlidir. Onun ev dustaqlığı barədə qərarın verilməsi belə qarşı tərəfə bir kompromisdir. Bransonun vəziyyəti hər hansı bir hadisə və tələbə uyğun şəkildə dəyişməli deyil.

Professor bu gün bəzi Avropa ölkələrinin, İran və Rusiyanın Birləşmiş Ştatların bu davranışını qınadığını deyib. Onun sözlərinə görə, İrana qarşı sanksiyalar bir çox Avropa ölkəsini də narahat edir. Türkiyə isə NATO-dakı ən güclü ikinci ölkədir. Türkiyə ərazisində "İncirlik" də daxil olmaqla ABŞ-ın rəhbərliyi altında olan baza və obyektlər var.

"Türkiyə ilə heç kim Yaxın Şərq ölkəsi kimi davrana bilməz. Birləşmiş Ştatlar bunun qarşılığını artıqlaması ilə ödəyəcək və bu, ABŞ-ın ziyanına olacaq" — deyə professor əlavə edib.

Xatırladaq ki, ABŞ Senatında "F-35" beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünün qadağan edilməsi təsdiq olunub. Bu qərar ABŞ Senatının Baş Assambleyasında təsdiqlənib. Bundan sonra sənəd təsdiqlənmək üçün ABŞ prezidenti Donald Trampa göndəriləcək. Prezident sənədi imzalayarsa, Türkiyəyə qarşı "F-35" sanksiyası da qüvvəyə minəcək. Məlumata görə, Trampın "F-35" məsələsində Türkiyəyə güzəştə gedəcəyi ehtimalı çox azdır.

Əlaqədar

Generallar ABŞ və Türkiyə arasındakı buzları əritməyə çalışırlar
"Biz sizin dostunuzuq" – ABŞ-ın Ankaradakı səfirliyi
Avropa Vaşinqtona qarşı: ABŞ-ın sanksiyalarına qarşı addım
Türkiyədən ABŞ-a qarşı daha bir tələb
Ərdoğan: "ABŞ-ın ədliyyə və daxili işlər nazirlərinin əmlaklarına həbs qoyacağıq"
Teqlər:
Branson, Abdülhamit Gül, rahib Endryu Branson, Daxili İşlər naziri Süleyman Soylu, Türkiyə Xarici İşlər Nazirliyi, Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztək, Donald Tramp, ABŞ

Əsas mövzular