07:48 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Endryü Branson

Rahib böhranı Ankara və Vaşinqtonu hara aparacaq?

© Foto : DHA via AP
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
1198410

Siyasi araşdırmaçılar əmindirlər ki, Branson bir din xadimindən daha çox kəşfiyyat nümayəndəsini xatırladır

Terrorda və casusluqda şübhəli bilinən amerikalı rahib Endryü Bransonun Türkiyədə həbs olunması Vaşinqton-Ankara münasibətlərini yenidən gərginləşdirib. ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens Türkiyəni sanksiyalarla hədələyiblər. Amerikalı rəsmilər deyiblər ki, əgər rahib azadlığa buraxılmazsa, Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da deyib ki, heç kəs Türkiyəyə necə hərəkət edəcəyini diktə edə bilməz: "Biz kimlərinsə təhdidlərinə səbr etməyəcəyik. Qanun qarşısında hamı bərabərdir, heç bir istisna yoxdur". 

ABŞ keşiş Bransonun azad edilməməsinə görə Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq edib. Sanksiyalara əsasən, bu şəxslərin ABŞ daxil olmaqla, bir sıra ölkələrə girişi qadağan edildi. Vaşinqtonun addımını kəskin şəkildə tənqid edən rəsmi Ankara ona qarşı tətbiq edilən sanksiyalara cavabsız qalmayacağını bəyan edib. Əslində, tərəflər arasında bu tip gərginlik ilk dəfə yaşanmır. Bundan öncə də Türkiyə ilə ABŞ arasında böyük qalmaqala səbəb olan insidentlər yaşanıb və onlar müxtəlif vasitələrlə həll edilib.

Siyasi araşdırmaçılar əmindirlər ki, Branson bir din xadimindən daha çox kəşfiyyat nümayəndəsini xatırladır. Bu baxımdan, onun həbsinin insan haqları və azadlıqları ilə bir ilgisi yoxdur. Türkiyədə çevrilişə cəhddə təqsirkar bilinən bir şəxsin həbsi tam məntiqlidir. ABŞ istədiyi vaxt rahibə öz vəkilini təqdim edə və məhkəmənin ədalətli qərar verməsinə nail ola bilər. Lakin heç bir halda Vaşinqton bu məsələdə Ankaraya şərt irəli sürə bilməz.

Vurğulayaq ki, Vaşinqton – Ankara arasında diplomatik qalmaqallar zaman-zaman yaşanıb. Məsələn, tərəflər arasında 2017-ci ilin oktyabrında böhran yaşanıb. Belə ki, ABŞ diplomatlarının təhlükəsizliyinə dair Ankaranın lazımi tədbirlər görməməsini əsas göstərən Vaşinqton Türkiyə vətəndaşlarına viza verilişini dayandırıb. Böhrana səbəb olan başqa bir amil isə ABŞ səfirliyinin əməkdaşı Mətin Topuzun Gülən işi ilə əlaqədar həbs edilməsi olub. Türkiyə isə ABŞ-a cavab olaraq bu ölkənin vətəndaşlarına viza verilişini dayandırıb, daha sonra isə ABŞ-a Türkiyə ilə münasibətləri bir şəxsə qurban verməməklə bağlı çağırış edilib (BBC).

1962-ci ilin oktyabrında baş verən "Kuba Mərmi Böhranı" ABŞ və Sovet İttifaqını nüvə savaşına səbəb ola bilərdi. Kuba üzərində uçan U2 təyyarələrinin burada nüvə başlıqlı mərmilər kəşf etməsindən sonra, ABŞ prezidenti Con Kennedi bildirmişdi ki, Sovet İttifaqının Kubanı nüvə silahı ilə təmin etdiyi təqdirdə çox böyük bir problem yaşanacaq. Tərəflər bir müddət qarşılıqlı ittihamlar etsələr də, ABŞ və Sovet İttifaqının qarşılıqlı danışıqlarının sonunda gəlinən nəticə, Türkiyəni də böhranın bir hissəsinə çevirmişdi. 

Sovet İttifaqı Kubadan nüvə silahlarını çıxaracağını, amma əvvəlcə ABŞ-ın Türkiyə və İtaliyadakı nüvə başlıqlarını da geri çəkmək məcburiyyətində olduğunu bildirmişdi.

Böhran əsasında ABŞ və Sovet İttifaqı arasında Türkiyədən silahların yığılması ilə bağlı qərarın "Ankaranın xəbəri olmadan verilməsi" dururdu.

ABŞ-ın 36-cı prezidenti L. Conson 5 iyun 1964-cü ildə Türkiyənin baş naziri İsmət İnönüyə ünvanladığı məktubda, Türkiyənin Kiprdə hərbi əməliyyat təşkil edəcəyindən xəbərdar olduğunu və bundan keçirdiyi narahatçılığı yazırdı.

ABŞ-ın hərbi əməliyyatının qarşısını almaq üçün göndərdiyi məktubda əsas mesaj "Qarşınızda Sovet İttifaqı dayanarsa, biz yanınızda olmayacağıq" vurğusu idi. İsmət İnönünun cavabı isə belə olmuşdu: "Yeni bir dünya qurular. Türkiyə də o dünyada öz yerini tutar".

Məktubda Conson kəskin bir dillə Türkiyənin danışıqlara başlamasını tələb etmişdi. Əks təqdirdə "NATO və BMT Təhlükəsizlik Şurasından təcili iclası çağırmaq məcburiyyətində qalacağını" bildirmişdi. Türkiyə bu böhrandan sonra, NATO-dan daha az asılı olan siyasət yürütməyə başlayıb. 

1974-cü ildə baş nazir Bülent Ecevitin xaşxaş əkininə yenidən start verməsi ilə başlayan problem dərin böhrana səbəb oldu. ABŞ-da narkotik vasitələr artan bir dövrdə, Türkiyə də qaçaqmalçılıqda ittiham olunan ölkələr arasında idi. 1971-ci ildə xaşxaş əkinini tamamilə qadağan edən Türkiyənin 3 il sonra əks qərar verməsi, Vaşinqton ilə münasibətlərdə gərginlik yaratmışdı.

ABŞ-ın İraqı işğalı zamanı da iki ölkə arasında ciddi böhran yaşandı.Həmin dövrdə türk əsgərlərinin xarici ölkələrə göndərilməsi və xarici silahlı qüvvələrin Türkiyəyə yerləşdirilməsi ilə bağlı məktub Türkiyə Böyük Millət Məclisindən keçməmişdi. ABŞ bu dövrdə məktubun TBMM-dən keçəcəyini zənn edirdi. Məktub çərçivəsində İsgəndəruna yöndləndiriləcək əsgərlər, nəqliyyat və gəmilərin silah daşıması üçün təxminən 200 milyon dollar ayrılmışdı. Bu məsələ ciddi böhrana səbəb olsa da, son anda tərəflər razılığa gələ bildilər. Endryü Bransonun böhranı da növbəti beynəlxalq qalmaqallardan biridir. Lakin bu məsələ tərəfləri müharibəyə sövq edəcək qədər önəmli deyil…

Əlaqədar

Türkiyədən ABŞ-a qarşı daha bir tələb
Ərdoğan: "ABŞ-ın ədliyyə və daxili işlər nazirlərinin əmlaklarına həbs qoyacağıq"
ABŞ-dan Türkiyəyə xəbərdarlıq: Sanksiyalar ciddi olduğumuzu göstərir
ABŞ-ın Türkiyəyə qarşı məkrli planının üstü açıldı
Türkiyədən ABŞ-ın sanksiya qərarına maraqlı cavab

Əsas mövzular