Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ərdoğanı Bakıya gətirən ən mühüm amil - Bu, təsadüf ola bilməz

© Photo : Pool Photo via APİlham Əliyev Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Cənubi Qafqazın əsas oyunçusudur və regional lider olmaq istəyən ölkə Bakı ilə əməkdaşlıqda maraqlı olmalıdır

BAKI, 10 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk xarici ölkə səfərini Azərbaycana edib. O, Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirib.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan və Türkiyə prezidentlərinin geniş tərkibdə görüşü olub

Türkiyə prezidenti günün ikinci yarısında Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib. Oradan isə NATO dövlət başçılarının sammitində iştirak etmək üçün Brüsselə yola düşəcək.

Bu miqyasda olan səfərlər Azərbaycanı daha çox Dağlıq Qarabağ konteksində maraqlandırır. Bəzi təhlilçilər belə hesab edirlər ki, qarşıdakı yeni dönəmdə Azərbaycan Dağlıq Qarabağı azad etmək üçün heç vaxt olmadığı qədər şanslıdır. Bunun üçün ilk öncə Moskva ilə anlaşmalı olacaq və bu məsələdə əsas rolu da elə Ankara oynaya bilər.

Xatırlatmaq lazımdır ki, bir qədər əvvəl Ərdoğan belə bir bəyanat vermişdi ki, o, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsini RF prezidenti Vladimir Putinlə müzakirə edib. Qarabağ probleminin Türkiyənin milli maraqlarına bir bənd olaraq salınması və bu məsələnin Rusiya ilə müzakirə olunması çox vacib amil kimi dəyərləndirildi. Artıq Qarabağ məsələsi nəinki Türkiyənin xarici siyasətində, eyni zamanda daxili siyasətində də əsas istiqamətə çevrilib.

Azərbaycanla Türkiyə arasında müzakirə olunacaq məsələlərin spektri kifayət qədər genişdir. Söhbət enerji sektorundakı əməkdaşlıqdan tutmuş təhlükəsizlik məsələlərinədək olan mövzulardan gedir. Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri önəmli bir zaman kəsiyində həyata keçirilir.

Onu da vurğulamaq lazım gəlir ki, Avropa İttifaqı Türkiyə ilə körpülərin böyük hissəsini yandırdı və Brüssel Ankaraya açıq şəkildə "səni qəbul etmirik" mesajını verdi. Almaniya və Fransa bəyan etdi ki, Türkiyədəki "siyasi vəziyyət" Aİ-nin bu ölkə ilə apardığı danışıqlara son verməsini şərtləndirir. Fransa bir az da irəli gedərək, Türkiyə ilə danışıqların "vaxtın boşa getməsi" olduğu iddiasını irəli sürür.

Yəni Avropa Türkiyəni kənarda saxlamaqda qərarlıdır. Ankara üçün Aİ-yə daxil olmaq artıq prioritet olmasa da, Trampın PKK/PYD-ni müttəfiq seçməsindən sonra ABŞ-la buzlaşan münasibətlər fonunda bu, yaxşı xəbər deyil. Yaranmış situasiya bəzi imkanlardan məhrum olmaq təhlükəsini aydın göstərir.

Belə vəziyyətdə Türkiyənin bir çıxış yolu qalır: Şərqə doğru irəliləmək. Türkiyənin Şərqə doğru üz tutması məntiqi olaraq, onun Rusiya ilə yaxınlaşmalı olduğu fikrini ön plana çıxarır. Ankara Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığı gücləndirərək, Qərb qarşısında təklənmək təhlükəsini arxada buraxa bilər. Lakin görünür, Ankara Rusiya ilə məsafəni qorumaq və münasibətləri bu məsafədə saxlamaq niyyətindədir.

ABŞ Rusiyaya qarşı sanksiyaları rəfdən qaldırıb və yaxın dövrdə Moskvanı yeni hücumlar gözləyir. Rusiya ilə eyni səfdə dayanmaq ABŞ-ın sanksiyalarından da pay almaq təhlükəsini gözə almaq deməkdir. Bu baxımdan, Türkiyə Rusiyanın ən yaxınında yer alaraq, özünü mümkün hücumların hədəfinə çevirmək istəmir.

Türkiyə regional liderlik gücünü artırmaq gedişi edir. Bu baxımdan, ilk olaraq Bakıya səfər planı təsadüfi deyil. Azərbaycan Cənubi Qafqazın əsas oyunçusudur. Regional lider olmaq istəyən ölkə Bakı ilə əməkdaşlıqda maraqlı olmalıdır.

Digər tərəfdən, Qərblə arasında uçurum yaranan Türkiyənin "S-400" raketdən müdafiə sistemlərini almaq üçün Rusiya ilə müqavilə bağlaması NATO ilə də münasibətlərində çatlar yaratdı. İstənilən halda, Türkiyənin "S-400" gedişi haqlı idi, çünki üzvü olduğu Şimal Alyansı ona rusların verdiyi imkanları vermirdi.

Türkiyə ümid edir ki, İranı vurmağa hazırlaşan ABŞ Ankaranın Tehranla yaxınlaşmasını görərək, müəyyən güzəştlərə gedə bilər. Trampın İranı təkləmək planları fonunda bu gediş məntiqli görünür. Digər tərəfdən, Türkiyə Suriyada əsas oyunçulardan biri olan İranla yaxınlaşaraq öz maraqlarının müdafiə olunmasında yeni manevr edir. Onsuz da hazırda Ankaranın prioriteti Əsədin gedişi yox, cənub sərhədlərində yarana biləcək "terror dəhlizi"nin qarşısını almaqdır. İran bu məsələdə Türkiyəyə həm nəqliyyat, həm də siyasi dəstək verə bilər.

Ehtimal ki, Qərblə açıq qarşıdurma müstəvisinə keçən Türkiyə təkcə Rusiya ilə kifayətlənmir və bölgədə digər güc mərkəzi olan İranla da münasibətlərində yaranmış çatları təmir etmək və birgə hərəkət etmək xəttini seçir. Bölgədəki problemlərin həlli isə Bakı ilə yaxınlaşmaqdan keçir…

Xəbər lenti
0