Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ərdoğanın siyasi karyerasında bir ilk yaşanır: Türkiyə lideri "oyunu" yarımçıq tərk edəcək

© AFP 2023 / OZAN KOSETürkiyə prezidenti Rəcəb Tayib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
O, siyasi olimpin zirvəsini həm qalib, həm də "övladlarına" "xoşbəxt gələcək" qoymuş bir ata kimi tərk etmək istəyir

BAKI, 12 iyun — Sputnik. Türkiyədə siyasi gərginlik artmaqdadır. Siyasi partiyalar iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə hazırlaşır.

Siyasi araşdırmaçılar seçkilərdə (birinci və ya ikinci turda) hazırkı prezident Ərdoğanın qalib gələcəyini planlaşdırırlar. Lakin ehtimala görə, parlament seçkilərində hakim partiya səslərini bir qədər itirəcək.

Türkiyənin sabiq daxili işlər naziri Meral Akşener, arxiv şəkli - Sputnik Azərbaycan
Rəqibindən Ərdoğan barədə ilginc iddia: "Mənə yüksək vəzifə təklif etdi"

Bu seçkilərdə diqqəti çəkən başlıca amil prezident Ərdoğanın nisbətən passiv fəaliyyətlə nəzərə çarpması oldu. Ümumiyyətlə, Ərdoğan bu seçki marafonunda çox yorğun görünür. Güclü natiq və enerji qaynayan Ərdoğan hələ heç bir seçkidə bu qədər əzgin və sanki bezmiş kimi görünmürdü.

Artıq indidən söyləmək mümkündür ki, qalib gələcəyi təqdirdə belə, seçkidən sonrakı situasiya ölkə başçısı üçün asan olmayacaq. AKP lideri komandasını dəyişməyə məhkumdur. Lakin belə bir, heç də sadə olmayan zamanda komanda dəyişikliyinə getmək elektoratın parçalanması təhlükəsi yarada bilər. Bu isə əlavə riskdir.

İstənilən halda, Ərdoğan bu seçkidən sonra fərqli gedişlər etməli və cəmiyyətə özünün yeni, daha gənc komandasını təqdim etməlidir. Başqa yol qalmayıb.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, ötən seçkilərdən fərqli olaraq, bu dəfə Ərdoğan sanki bütün hakimiyyət dönəmi ilə bağlı hesabat verir. Qələbəyə yenə də yaxın görünən Ərdoğanın bu taktikası nə qədər təzadlı olsa da, yolun sonuna gəlmiş bir liderin qalib görkəmdə siyasi olimpi tərk etmək görüntüsü yaradır. Ərdoğan istəyir ki, onun hakimiyyətə gəlişi ilə hakimiyyət böhranının sona çatdığını hər kəs xatırlasın.

Ərdoğanın lideri olduğu AKP 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlib. Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra Ərdoğan 59-cu hökuməti quraraq Türkiyə Respublikasının baş naziri olub.

Lakin komanda lideri bununla kifayətlənmədi və ona nail oldu ki, prezident parlamentdə deyil, ümumxalq səsverməsində seçilsin. 2014-cü il avqustun 10-da ümumxalq səsverməsi yolu ilə prezident seçilən Ərdoğan, 21 milyondan çox səs (51,79 faiz) toplaya bildi. Onun rəqibləri Ekmeleddin İhsanoğlu 15 milyon 587 min 720 səs (38,44 faiz), terrorçu PKK qruplaşmasını dəstəkləyib Türkiyə dövləti əleyhinə fəaliyyət göstərdiyi üçün hazırda həbsdə olan Xalqların Demokratik Partiyasının keçmiş sədri Selahattin Demirtaş isə 3 milyon 958 min 48 səs (9,76 faiz) toplamışdı.

2015-ci il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə keçirilən 26-cı çağırış seçkilərinin rəsmi nəticələri isə belə olub: AKP səslərin 49,6 faizini (317 yer), Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faizini (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faizini (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faizini (müstəqil deputatlarla birlikdə 59 yer) qazanmışdı.

Türkiyə bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyənin iki əsrlik taleyi həll olunur

Göründüyü kimi, Rəcəb Tayyib Ərdoğan bütün bu illərdə məğlubiyyətə uğramadı. O, 2016-cı ildə dövlət çevirilişinə cəhdddən də zədəsiz çıxa bildi. Lakin Ərdoğan üçün yalnız öz hakimiyyətini qorumaq deyil, eyni zamanda başlıca məqsədinə nail olmaq lazım idi. Belə ki, 2017-ci il aprelin 16-da da Türkiyədə uzun illər müzakirə edilən yeni konstitusiya ilə bağlı referendum keçirildi. Bu siyasi kampaniya ölkə və Rəcəb Tayyib Ərdoğan hakimiyyəti üçün çox çətin bir vaxtda həyata keçirildi. Hakimiyyət bir çox terror təşkilatlarına və onların tərəfdarlarına qarşı mübarizə aparırdı.

Ölkənin yeni konstitusiya layihəsini AKP ilə MHP hazırlayıb. Referendumda seçicilərin 51,4 faizi yeni konstitusiyanın lehinə, 48,6 faizi isə əleyhinə səs verib. Əslində, bu, Türkiyə tarixində son dərəcə önəmli bir dönəmin başlanğıcıdır.

Belə ki, ölkə 1982-ci ildə baş verən hərbi çevirilişdən sonra qəbul edilmiş konstitusiya ilə idarə olunurdu. 2014-cü ildə dövlət başçısının Türkiyədə ilk dəfə xalq tərəfindən seçilməsi isə sistemdəki böhranı dərinləşdirdi, səlahiyyət və məsuliyyət məsələsində ziddiyyətlər ortaya çıxdı. 1980-ci il sentyabrın 12-dəki çevirilişdən başlayan, 2016-cı il iyulun 15-dəki cəhdə qədər olan dövrdəki idarəetmədəki ziddiyyətlər yeni konstitusiyaya tələbatı aktuallaşdırdı.

Beləliklə, Türkiyə Konstitusiyasına 18 maddədən ibarət dəyişiklik edilib və bununla da icra səlahiyyətləri yalnız prezidentə aid olacaq. Nazirlər Kabineti, baş nazirlik ləğv olunur, prezidentin bir çox səlahiyyəti artırılır, ona partiya üzvü olmaq hüququ verilir. Eyni zamanda, prezident həm dövlət, həm də hökumət başçısı olacaq. Bəzi araşdırmaçılar belə hesab edirlər ki, 1 şəxsə bu qədər səlahiyyətin verilməsi məqbul variant deyil.

Ümumiyyətlə, Ərdoğan təzadlı bir liderdir. Mərhum Ərbakandan sonra Türkiyədə siyasi islamın ən parlaq nümayəndəsi olan Ərdoğanı sevənlərlə yanaşı, ona nifrət edənlər də az deyil. Ərdoğan Məsud Yılmaz, Tansu Çillər, Süleyman Dəmirəldən fərqli olaraq siyasətə yenilik gətirdi. İslamçı Ərdoğan çoxları üçün bir simvola çevrildi.

Lakin Ərdoğanın fəaliyyətini diqqətlə izləyənlər onun islamçıdan daha çox makiavellizmin tərəfdarı olduğunu düşünürlər. Ərdoğan emossiyalı və kövrək insan təsiri bağışlasa da, lazım gələndə əlini masaya çırpmağı və özündən üzr istənilməsini tələb etməyi və yenə lazım gələndə isə "kusura bakmayın, izvinite" deməyi də bacarır.

Ərdoğana bu seçkilərdə də qələbə lazımdır, həm də hava–su kimi. Türkiyə siyasi şərhçiləri elə ölkəyə də onun qələbəsinin fayda gətirəcəyini düşünürlər. Onlar belə qənaətdədirlər ki, Ərdoğanın bu seçkilərdə də mümkün qələbəsi Türkiyənin bölgə lideri olması şansını artıra bilər.

Lakin burada bir incə məqam da mövcuddur. Ərdoğanın müstəqil siyasəti Vaşinqtonu narahat etməyə bilməz. Hazırda çoxları belə hesab edir ki, Adnan Mendersin 1961-cı ildə edamı, Turqut Özalın 1993-cü ildə zəhərlənərək öldürülməsi Türkiyənin müstəqil xarici siyasət yeritmək istəyinin qarşısını almaq üçün edilib. Hərbi çevrilişlərə konstitusiyanın imkan verməsi də Ankaranı müstəqil siyasi kursdan imtinaya vadar edib.

Kemal Kılışdaroğlu və Meral Akşener - Sputnik Azərbaycan
Məşhur qəzet Türkiyədən yazdı: Müxalifət qələbə qoxusu hiss edib

Bu baxımdan, konstitusiya dəyişikliyi ilə AKP hakimiyyəti yeni Türkiyənin əsasını qoydu. Növbədənkənar prezident və parlament seçkilərini keçirməklə başlanılan böyük bir islahat prosesi başa çatır. İki yol görünür: Ya Ərdoğanla birlikdə Türkiyə siyasi kursunu davam etdirir, ya da Türkiyə Süleyman Dəmirəl dönəminə qayıdır.

Türkiyə cəmiyyəti də iki barışmaz qütblərə bölünüb və bu suala cavab axtarır: Tamam, yoxsa davam? İstənilən halda, böyük ehtimalla, bu seçkilər Ərdoğanın son seçkiləridir. Yaş və sağlamlıq öz sözünü deyir. Ərdoğan tarixdə ad qoymaq üçün "davam" cavabını almaq istəyir. O, siyasi olimpin zirvəsini həm qalib, həm də "övladlarına" (xalqına) "xoşbəxt gələcək" qoymuş bir ata kimi tərk etmək istəyir. Şərqli siyasətçilərin çoxları məhz bunu arzulayıblar.

Ərdoğan bu seçkilərdə ikinci tur istəmir. Onun qarşısına qoyduğu məqsədlər var və ölkə lideri ona səs verməyənləri anlamaq da istəmir. Bəlkə də Ərdoğanın bu qədər yorğun və bezmiş görünməsinin səbəbi elə ikinci tur ehtimalıdır? O, bu prosesin tez başa çatmasını arzulayır. Artıq 2002-ci il deyil və Ərdoğan saatlarla nitq söyləmək istəmir.

Bir gündə bir neçə şəhərdə yüz minlərin qarşısında saatlarla nitq söyləmək və bu çıxışlar zamanı oruc olduğunu mütləq vurğulamaq zamanı, deyəsən, artıq arxada qalıb. Siyasət siyasətçiyə yorğunluq gətirəndə, o, siyasəti tərk etməyi düşünür. Lakin siyasəti yarımçıq, oyun başa çatmamış tərk eləmək elə də asan deyil. Bunun fəsadları olur…

Xəbər lenti
0