01:15 27 May 2018
Canlı yayım
  • RUB0.0276
  • USD1.7000
  • EUR1.9906
İsrail qırıcı təyyarə,arxiv şəkli

İran və İsrail sürətlə açıq müharibəyə doğru gedir

© AFP 2018 / JACK GUEZ
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
559 0 0

İran Suriyada özü üçün geniş hərbi infrastruktur yaratmaq və İsrailə qarşı yeni cəbhə açmaqda qərarlıdır

BAKI, 8 may — Sputnik. İsrailin milli infrastruktur, enerji və su təchizatı naziri Yuval Ştaynits Suriya prezidenti Bəşər Əsədi hədələyib. O deyib ki, Suriya İsrailə hücum üçün platsdarma çevrilərkən Bəşər Əsədin səssizcə yerində oturması qəbuledilməzdir.

"Əgər Əsəd İrana Suriyadan bizə zərbələr endirməyə icazə versə, Suriya ərazisindən bizə hücum olsa, bu, onun sonu olacaq", – deyə nazir bildirib.

Qeyd edək ki, İsrail dəfələrlə Suriyada İranın hərbi bazasının olması ilə bağlı narahatlığını bildirsə də, İran bunu təkzib edib. İran terrorçularla mübarizə üçün Suriyaya hərbi məsləhətçilər göndərdiyini bildirib.

Proseslərə İsrailin də daha fəal qoşulması müsbət perspektiv vəd etmir. İsraili anlayır ki, B.Əsədə "Hizbullah" və İranın hərbi ekspertləri yaxından kömək edir. Əslində, İran faktorunu Vaşinqtonun ciddi surətdə nəzərə alması gərəkdir.

Suriya probleminin sırf hərbi yolla həlli mümkün deyil. Bu səbəbdən BMT-nin razılığı olmadan oraya hərbi müdaxilə etmək yaranmış vəziyyəti daha da gərginləşdirə bilər. Hər şeydən əvvəl beynəlxalq hüquq zərər görə bilər.

ABŞ strateqləri bəyan edirlər ki, Vaşinqton kimyəvi silahdan istifadəni bütövlükdə dünya üçün çox təhlükəli simptom hesab edir. Əgər Əsəd bu hərəkətinə görə cavab almasa, İran və Şimali Koreya kimi ölkələr analoji addımı ata bilər.

İsrailin həmin aspektdə öz maraqları var. Onun üçün ən yaxşı variant ərəb ölkələrinin zəifləməsidir. Bunun yollarından biri onlar arasında ixtilafların yaradılması və müharibələrin olmasıdır. Bu səbəbdəndir ki, "ərəb baharı"nın arxasında hansı faktorların dayandığını dəqiq müəyyənləşdirmək çətindir.

Məsələn, Z.Bjezinski bu haqda yazır ki, "Ərəb baharı" mürəkkəb hadisədir, burada Təl-Əvivin maraqlarının təmin edilməsi təhlükəli nəticələr verə bilər". Eyni zamanda, Qərb ekspertlərinin fikrinə görə, Vaşinqtonun Suriyaya qarşı sərt mövqe tutmasında məhz İsrail faktoru ciddi rol oynayır.

İranı bölgəyə inteqrasiya etdirəcək, fəaliyyətlərini davam etdirməsinə imkan yaradacaq açılmaya İsrail də qarşı çıxır. O, İranın tamamilə təcrid edilməsini istəyir. Bütün bunlar İsrail və İranın arasındakı qarşıdurmanı daha da dərinləşdirir.

Hətta bu toqquşmanı məhdudlaşdırmaq və ya qarşısını almaq mümkün olsa belə, İran və İsrail onsuz da qarşıdurma kursu ilə irəliləyir. İran Suriyada özü üçün geniş hərbi infrastruktur yaratmaq və İsrailə qarşı yeni cəbhə açmaqda qərarlıdır. İsrail də eynilə bu şəkildə İrana mane olmağa və ona Suriyada "Hizbullah"a oxşar təşkilat yaratmasına əngəl olmağa çalışacaq.

Gərginlik riskini başqa bir amil də artırır. İranın İsrailə qarşı Suriya cəbhəsi yaratmaq qətiyyəti onun Avropa ölkələri üzərində də asimmetrik üstünlük əldə etməyə çalışdığını göstərir. Hazırda 120 min ədəd raketə malik "Hizbullah" vasitəsilə fəaliyyət göstərən İran həm Livandan, həm də Suriyadan İsrailə təhlükə yarada bilir.

İsrail də öz növbəsində İranın ona maksimal təhlükə yaradan hədəflərini də dəf edə bilər. İranın neft hasil edən obyektləri və neft emalı ilə məşğul olan müəssisələri İsrail üçün belə hədəflərdən biri ola bilər.

Bəs İran buna necə cavab verəcək? "Hizbullah"ın raketləri İranın İsrailə qarşı əl ata biləcəyi maksimum vasitədir. Əgər İranın neft obyektləri hədəfə çevrilsə, Tehran buna Səudiyyə Ərəbistanının neft müəssisələrinə hücumla cavab verə bilərmi?

Məsələnin mahiyyəti bundan ibarətdir: İsrail-İran müharibəsinin necə başlaya biləcəyini başa düşmək asandır, ancaq heç kim onu başa çatdırmağın yollarını bilmir. Tramp administrasiyası bəlkə də Suriyadan getmək istəyir, amma Birləşmiş Ştatlar uzaqlaşan kimi, regional müharibə təhlükəsi güclənir.

Hazırda Amerikanın çəkindirici amilinə ehtiyac var. Bu baxımdan, Vaşinqtonun yardımına İsrail gəlir. Bəlli olduğu kimi, yəhudilər öz təhlükəsizliklərini təmin etmək üçün İraq, Suriya və İranla mübarizə aparırlar. Deməli, Qərbin qarşısında dayanan maneələr İsrail üçün mövcud deyil…

Əlaqədar

İsrail başqa ölkənin prezidentini öldürməklə hədələdi
İsrail İrana hücum edə bilərmi – politoloq şərhi
İsraildən Rusiyaya İran təklifi
İsrail: İran Suriyada 80 min silahlı milis saxlayır
İsrail: "Bu, Suriya, İran və Hizbullaha mühüm mesajdır"
Teqlər:
"Hizbullah", Bəşər Əsəd, İran, İsrail, Suriya, ABŞ, prezident

Əsas mövzular