04:28 25 Aprel 2018
Canlı yayım
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü

"Azərbaycan regionda təhlükəsizlik ixracatçısı rolunu oynayır"

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
TƏHLİL
Qısa URL
122 0 0

Millət vəkili: "Gürcüstanda hazırkı əmin-amanlığın olmasında Azərbaycanın az rolu yoxdur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. "Azərbaycan region və qeyri-region ölkələri üçün bir növ təhlükəsizlik ixracatçısı rolunu oynayır. Nəzərə alsaq ki, hazırda hər bir ölkənin milli təhlükəsizliyinin ən əsas hissəsi enerji təhlükəsizliyidir, bu baxımdan Azərbaycanın böyük rolu var və bu, danılmazdır".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev, martın 31-də Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, təkcə bu məsələdə deyil, ümumiyyətlə, Gürcüstanda hazırkı əmin-amanlığın olmasında Azərbaycanın az rolu yoxdur: "Həm qoyulan yatırımlarla, həm enerji daşıyıcılarının Gürcüstan üzərindən getməsi ilə, həm də çətin anlarda onlara kömək edilməsi ilə ölkəmizin rolu göz önündədir".

S.Alıyevin fikrincə, hərbi müstəvidə də üçtərəfli əməkdaşlıq ilk növbədə hər üç ölkənin təhlükəsizliyini təhdid edən bir sıra faktorların qarşısını almaq, öhdəsindən gəlmək baxımından önəmlidir: "Bu, regionda ancaq əmin-amanlığa xidmət edən üçtərəli bir ittifaqdır. Düşünmürəm ki, buna kiminsə şübhəsi olsun".

"Bölgədə bu qəbildən olan hərbi anlaşmalardan qıcıqlanan qüvvələr də bunun fərqindədirlər. Və ona görə bu məsələdə, göründüyü kimi, elə də sərt reaksiyalar olmur. Halbuki digər hallarda biz bu cür reaksiyaları görürük", — deyə o bildirib.

Deputatın qənaətincə, Anlaşma Memorandumunun imzalanması, eyni zamanda Dağlıq Qarabağ probleminin həlli baxımından Azərbaycan üçün önəmli məsələdir: "Bu birlik gələcəkdə daha da təkmilləşərsə, təkcə hərbi-texniki baxımdan deyil, həm də hərbi-siyasi baxımdan dərinləşərsə, bunun daha müsbət nəticələrini görə bilərik".

Qeyd edək ki, martın 31-də Türkiyənin Giresun şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdən sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında müdafiə nazirləri müzakirə olunan məsələlər və görüşün yekunları barədə kütləvi informasiya vasitələrinə məlumat veriblər. Media qarşısında çıxışı zamanı müdafiə naziri general-polkovnik Z.Həsənov bu formatda növbəti görüşün Azərbaycanda keçiriləcəyini bildirərək həmkarlarını ölkəmizə dəvət edib.

Əlaqədar

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib
Aslanlı: “Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı iqtisadi imkanlar yaradır”
Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığı nə vəd edir?
"Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrin böyük perspektivləri var"
Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlərə hazırlaşır
Teqlər:
təhlükəsizlik ixracatçısı, anlaşma memorandumu, siyasi, Sahib Alıyev, milli təhlükəsizlik, region, Gürcüstan, hərbi, Türkiyə, deputat, millət vəkili, Azərbaycan

Əsas mövzular