23:43 17 Fevral 2018
Canlı yayım
Azərbaycan Prezidenti İlham Əliyev səs verərkən

Növbədənkənar seçki qərarı hədəflərinə çatdı - Suqsvanq vəziyyət

© AZƏRTAC
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
66210

İlham Əliyev rəqiblərinin sabotajını zərərsizləşdirə bildi və onları suqsvanq vəziyyətinə saldı

BAKI, 6 fevral — Sputnik. Şahmatda belə bir termin mövcuddur – suqsvanq. Yəni, hər hansı bir gedişi əlverişsiz nəticə ilə başa çatan mövqe. İstənilən gediş məğlubiyyətə bərabərdir. Peşəkar şahmatçı heç vaxt rəqibinin ona mat elan etməsinə imkan vermir. Suqsvanq vəziyyətində məğlub olduğunu elan edir və rəqibini qələbə münasibəti ilə təbrik edir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Suqsvanq birdən-birə baş vermir. Belə vəziyyət ardıcıl buraxılan kobud səhvlərdən sonra baş verir. Şahmatda hətta bir kobud səhv oyunun taleyini həll etməyə qadirdir. Lakin belə bir ənənə də mövcuddur. Ki, rəqibinin zəif olduğunu görən qroysmester qısa müddətə qələbə qazanmaq istəmir, oyunu davam etdirir və rəqibini seytnot vəziyyətinə — düşünmək üçün vaxt çatışmazlığına salır. Sonra ya məğlubiyyətin etirafı gəlir, ya da oyun davam edir və zəif şahmatçı suqsvanq vəziyyətinə çatır.

Hər şahmatçını belə vəziyyətə salmaq mümkün deyil. Suqsvanqa düşməmək üçün Bob Fişer olmağa da ehtiyac yoxdur. Sadəcə, düşünməyi və oynamağı bacarmalısan.

Beləliklə, hakimiyyət uğurlu debüt elədi. İlk növbədə hakim siyasi elita namizədini müəyyənləşdirdi, digər tərəfdən seçkinin vaxtını 6 ay tezləşdirdi. Bununla da, müxalifət zəif durumda yaxalandı, vəziyyəti dəyişməyə nə vaxt, nə güc qaldı.

Bu həftə YAP elan etdi ki, namizədini dəyişmir. Əksər siyasi analitiklərə bu gediş qeyri-adi gəlmədi. Lakin əksər müxalifyönümlü ekspertlər bu seçkilərdə hakimiyyətin başqa namizədlə çıxış edəcəyini iddia edirdi. Və son hadisə iqtidar opponentləri üçün uğursuz başlanğıc oldu.

Anlamaq lazım idi ki, namizəd dəyişə bilməz, intriqasız siyasət olmur, intriqa olan yerdə qruplaşma olur və çox vaxt qruplaşmaların mövcudluğu manevr edən liderin maraqlarına cavab verir. İstənilən komandada belədir. Bu baxımdan, bəlli idi ki, hakim siyasi elitada birləşdirici simanın namizədliyi irəli sürüləcək və baş verənlər, məhz onun birləşdirici olması fikrini möhkəmləndirir.

İlk gediş müxalifət üçün uğursuz oldu. Müxalifət son 25 ilin düşüncəsini yenə də əsas gətirirdi – Qərb bizə kömək edəcək. Bu versiya indi əvvəlkindən daha zəif, pıçıltı ilə səslənsə də, ona inananlar var idi. Qərbin kimin yanında olacağı iki arqumentlə bəlli idi. Birincisi, Qərb Rusiya vətəndaşını vahid namizəd elan edən qurumla əməkdaşlığa ehtiyatla yanaşacaq, ikincisi, Qərb Azərbaycanda yeni əmlak bölgüsünü istəmir. Müxalifət isə az qala hər bir villanı da "özələşdirməyə" iştahlanmışdı. Siyasəti bilənlər üçün aydın idi ki, Qərb struktur islahatlarını istəyir, hakimiyyəti dəyişmək yox.

Ən əsas arqument ondan ibarətdir ki, rəsmi Bakı Qərbin bütün enerji layihələrində hələ də ən önəmli tərəfdaşdır. Müxalifət isə enerji layihələrini, Qərbin önəm verdiyi tədbirləri də sərt tənqid edir. Qərb öz tərəfdaşını mövqeyi aydın olmayan qüvvəyə dəyişməyə həvəsli olmalı idimi? Ritorik sualdır.

Daha bir nüansa diqqət yetirək. Qərb Azərbaycanda hakimiyyəti zəiflətmək istəsəydi, vaxtilə Gürcüstan və Ukraynada atdığı addımı atardı — güclü media yaradardı. Bu, yoxdur. Mövcud olan, qərbpərəst media örtüyü olan balaca KİV isə müxalifətin bir qanadını təmsil edir və təsir imkanı olduqca zəifdir. Artıq qrantlar vasitəsilə də müxalifəti gücləndirmək taktikası yoxdur. Olan-qalan pullar da (hansısa adlarla ölkəyə gətirilən) ümumi işə sərf edilmir, hara xərclənir — bunu siyasi fəalların hamısı bilir.

Öncədən də vurğulamışdıq ki, Azərbaycanda olan nüfuzlu diplomatlardan biri bu sətirlərin müəllifi ilə söhbətində bəzi müxalifətçilərin görüşlərdə yalnız şikayət etməsini ağlayan uşağın "əmzik davası"na bənzətmişdi. Nə ciddi strateji düşüncə, nə islahat paketi olan, yalnız "əmzik davası" aparan qüvvəyə kim dəstək verər ki?

Beləliklə, növbədənkənar prezident seçkisi nə ilə bağlıdır? Ölkə daxilində baş verənlər iqtidarı tələsməyə vadar edə bilməzdi. 6 ay sonra da vəziyyət müxalifətin xeyrinə olmayacaqdı və hakimiyyətin namizədinin qələbəsi təmin ediləcəkdi. Müxalifətin "ilin sonuna qədər vəziyyət köklü dəyişəcək" tezisi də işləmir.

İkinci arqument ondan ibarət idi ki, manatın kursu sərbəstləşəcək, milli valyuta tam dəyərdən düşəcək. Yanlış yanaşma idi. Bəlli idi ki, neftin qiyməti qalxır, seçkilərə qədər manatın kursunu saxlamaq mümkün olacaq.

Bəzi yeni siyasi qüvvələrin arqumenti isə ondan ibarətdir ki, iqtidar həbsdə olan İlqar Məmmədovun artan reytinqindən təşvişə düşüb. Hər bir versiyanın yaşamaq haqqı var. Lakin tənqid və təhlil olunmaq haqqı da mövcuddur. Hansı arqumentlərə görə siyasi elita İlqar Məmmədovdan bu qədər çəkinməlidir? Onun arxasında güclü siyasi təşkilat dayanmır, geniş xalq kütlələrinin dəstəyi yoxdur, vaxtilə populyar olan "bizim hakimiyyətə gəlməyimiz 8 ölkə ilə razılaşdırılıb" perspektivi yoxdur.

İstisna deyil ki, bu məsələdə xarici amillər mövcuddur. Lakin situasiyaya real və soyuqqanlı yanaşmaq lazım gəlir. ABŞ, Rusiya, Türkiyə, İran Azərbaycanda hakimiyyət dəyişikliyi istəyirmi? Vaşinqton ən azı enerji layihələrinə görə Bakını dəstəkləyir. Rusiya hakimiyyətinin Azərbaycan iqtidarına münasibəti müsbətdir. Martda Rusiyada prezident seçkisidir. Putin qələbə qazanacaq, bu, birmənalıdır və deməli, İlham Əliyevə münasibət dəyişməyəcək. Türkiyənin siyasi elitası, şəxsən prezident Ərdoğanın açıq rəğbəti İlham Əliyevədir. İran siyasi elitası "kürd, fars, erməni – bunlar türkün düşməni" şüarından hələ də əl çəkməyən millətçi qüvvələri yox, məhz indiki iqtidarı dəstəkləməyə meyllidir.

Düzdür, payızda Rusiya, Türkiyə və Ermənistanda vəziyyət bir qədər gərgin ola bilər. İlin sonu ABŞ-da Konqressə seçkilərdir. Bu baxımdan, münasib vaxt — payıza qədər seçkiləri elan etmək daha məqbul idi. Bu da baş verdi.

Beləliklə, gedişlər edildi. Milli Şura seçkini boykot qərarını verdi. Yanlış qərar olsa da, yaşamağa haqqı var. Lakin siyasi partiya məhz seçkilərdə iştirak üçün formalaşır. Bütün seçkiləri boykot edən partiyanın ictimai dəstəyi ola bilərmi? Növbəti ritorik sual oldu. Lakin bu qurumun qəbul etdiyi qərara hörmətlə yanaşaraq, əks arqumentlərə nəzər salaq.

1998-ci ildə Azərbaycan müxalifətinin önəmli qismi prezident seçkisini boykot etsə də bu, böyük dövlətlərin seçkidə Heydər Əliyevi qalib kimi tanımalarına mane olmadı. Ümumiyyətlə, boykotun effektli olması üçün iki amilin olması mühümdür: müxalifətin geniş xalq dəstəyinə malik olması və beynəlxalq ictimai rəyin təzyiqləri. Azərbaycanda bu amilin heç biri yetərincə deyil.

Seçkidə iştirak müxalifətə nə verir? Cavab sadədir – heç nə. Suqsvanq anlayışı məhz bu vəziyyətin cavabı idi. Bu baxımdan, seçkidə iştirak və boykot nəticə etibarilə elə də fərq etmir. Müzakirələri bu istiqamətdə aparmaq məğlubiyyəti qaçılmaz edir. Ukrayna variantı və yaxud "narıncı inqilab" dediyimiz variant da real deyil.

Bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycanda polisin və digər silahlı hökumət strukturlarının sayı müxalifət tərəfdarlarının sayından dəfələrlə çoxdur. Bu baxımdan müxalifət yeni, çevik konsepsiyalara, düşünülmüş modellərə üstünlük verməli idi. Bunu etmədi. Bu barədə müzakirə aparılırmı? Müxalifət daha çox bir-birinə qarşı savaşa üstünlük verir. Bu isə imitasiya üçün lazımdır, qələbə üçün yox.

Bu gün bəziləri "gizli gündəm"dən danışır. Müxalifət birmənalı olaraq, gündəm yaratmır və ona təqdim olunan havaya oynayır. Ehtimal etmək olar ki, iqtidarın gizli saxladığı qovluqlarda müxalifətlə bağlı planları da var. Suqsvanq vəziyyətində olan siyasi qüvvə üçün daha bir zərbə faciəli sonluqla nəticələnə bilərdi.

Bəs müxalifətin qəfil meydana çıxacaq gündəm savaşına qarşı tədbirləri varmı? Bir qayda olaraq əks-hücuma keçmək, gündəmi dəyişmək və müəyyənləşdirmək iqtidar opponentləri üçün olduqca çətin olur. Müxalifət daha çox ona təqdim olunan gündəmin ardınca "iməkləməklə" məşğul olur. Nəzərə alsaq ki hakimiyyətin gizli saxladığı qovluqlar daha qalındır, onda təşəbbüsün bu dəfə də iqtidar düşərgəsindən gələ biləcəyini təxmin edə bilərik. Boykot qərarı vermək isə ətalətdən çıxmaq, mühasirəni yarmaq təsiri bağışlamır, məğlubiyyəti rəsmiləşdirməyə hazırlıq fonu yaradır. Seçkilərə də çox az vaxt qalır.

Təhlil olunması mühüm olan daha maraqlı bir məqam — "üçüncü qüvvə"nin qarşıdurmadan istifadə edərək, hakimiyyətə gələ bilmək istəyinin olub-olmamasıdır. 1998-ci ildə Etibar Məmmədovun və yaxud Əşrəf Mehdiyevin oynadığı rolu bu dəfə kimsə oynaya bilərmi? Hər halda siyasi müstəvidə belə bir sima görünmür və artıq nə Əşrəf Mehdiyevin 1998-ci ildəki populizmi, nə də ki, Nizami Süleymanovun 1992-ci ildə oynadığı avantüra ictimai dəstək qazana bilər.

Seçkidən sonra kataklizmlər yaşana bilərmi? İlham Əliyev rəqiblərinin (hakimiyyətdə və ya müxalifətdə olan) sabotajını zərərsizləşdirə bildi və onları suqsvanq vəziyyətinə saldı. Lakin, görünən odur ki, ölkə başçısı köhnələrin vəzifələrdən getməsi ilə məsələni yekunlaşdırma fikrində deyil, ümumi sistemi bötövlükdə dəyişmək fikindədir.

Bu baxımdan, hansısa bir məmurun vəzifədən getməsi problemin tam həlli deyil. Bu səbəbdən də, ciddi və köklü şəkildə kadr islahatları həyata keçirilməsi gözlənilir. Seçkidən dərhal sonra köklü dəyişikliklərin ola biləcəyi ehtimalı çoxdur. Bu zaman siyasi rəqiblərin kiçik şansı da əlindən alınır. 25 il ardıcıl məğlubiyyətə uğrayan müxalifətin isə limitində daha bir 25 il yoxdur…

Əlaqədar

MSK növbədənkənar prezident seçkiləri barədə qərar verib
Əli Həsənov: “Növbədənkənar seçkilər barədə qərar Konstitusiyaya tam uyğundur
Növbədənkənar seçkilərdə irəli sürüləcək namizədlə bağlı qərar verildi
Növbədənkənar seçki hazırlığına başlanacağı tarix bəllidir
Prezidentin köməkçisindən növbədənkənar seçkilərlə bağlı çağırış
İlham Əliyev növbədənkənar prezident seçkiləri elan etdi
Teqlər:
elektorat, siyasi qüvvə, suqsvanq, qüvvə, vəziyyət, növbədənkənar prezident seçkiləri, şahmat, Qərb, hakimiyyət, seçki, İlham Əliyev, Rusiya, Türkiyə, iqtidar, məğlubiyyət, qələbə, müxalifət, Azərbaycan, siyasət, prezident

Əsas mövzular