Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Xameneyi heç yerə qaçmayacaq

© Photo : Mohammad Ali Marizad / Tasnim News Agency via APTehranda hökumətə dəstək aksiyası zamanı əllərində Xameneinin portretlərini tutmuş qadınlar, 3 yanvar 2018-ci il
Tehranda hökumətə dəstək aksiyası zamanı əllərində Xameneinin portretlərini tutmuş qadınlar, 3 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İranda rejim devrilərsə, milli və dini zəmində başlayacaq savaş bölgəni, o cümlədən, Azərbaycanı öz ağuşuna ala bilər

Azər RƏŞİDOĞLU, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. İranda inqilab baş vermədi. Azərbaycan mətbuatının və müxalifətinin qeyri-rasional tələskənliyi də müsbət nəticə hasil etmədi. Nə Tehran rejimi devrildi, nə də iddia olunduğu kimi ali dini lider ölkədən qaçdı. Lakin İrandakı bu hadislərdən sonra neftin qiyməti son 2 ilin ən rekord həddinə yüksəldi. Geosiyasəti strateqlər idarə edir, fanatlar deyil. Fanatlar sadəcə bir alətdir.

Ümumiyyətlə, qonşu İran mühüm bir ölkədir. 30 milyon Azərbaycan türkünün yaşadığı İranda təlatümlərə Bakıda göstərilən maraq da təbiidir. Lakin görünən budur ki, Azərbaycanda İranı bilən ekspertlərin sayı yox dərəcəsindədir. Nə 1979-cu ildə gerçəkləşən İslam inqilabı nəzəriyyəsindən, nə ziddi-inqilab anlayışından, nə ayətullahların siyasətə təsirindən xəbəri olmayanların sevinc içində Vahid Azərbaycanın qurulmasından və Trampın az qala bir turançı olduğundan yazmağa başlaması rüsvayçı idi. Mənasız və gülünc tezislər bu dəfə də Azərbaycan mətbuatının əsasını təşkil etdi.

Видеомост, посвященный 72-й годовщине Победы в войне с фашистской Германией - Sputnik Azərbaycan
Vəlizadə: “İranda baş verənlər sosial problemlərdən qaynaqlanır”

İlk növbədə onu vurğulayaq ki, İranda inqilabın liderləri olan Xomeyni və Xameneyinin portretlərinin yandırılması sıradan bir hadisə deyil. Xomeyni bir simvoldur. Xameneyi ölkənin birinci şəxsi və ən əsası qeyri-məhdud hakimiyyəti özündə ehtiva edən Vilayəti-Fəqihdir. Vilayəti-Fəqih nəzəriyyəsi Xomeyni tərəfindən irəli sürülüb. Məqsəd İslam hökuməti qurmaq ixtiyarına sahib olmaq hüququnu əldə etmək olub. Bu nəzəriyyəyə qədər Cəfəri məzhəbində İslam hökuməti qurmaq hüququ Hz.Məhəmmədə və 12 İmama aid idi. Şiələr hesab edirdi ki, indiyə qədər əsl İslam hökuməti iki dəfə qurulub. Bunlardan birincisi Hz.Məhəmmədin Mədinədə qurduğu hökumətdir. İkincisi isə Hz.Əlinin xəlifəliyi dövrüdür. Növbəti İslam hökumətini isə şiələrin qeybə çəkildiyi dedikləri 12-ci imamı qura bilər.

Lakin Xomeyni Vilayəti-Fəqih nəzəriyyəsini irəli sürərərk 12-ci imamın zühuruna qədər təqlid edilən (mərceyi-təqlid) müctəhidlərdən birinin İslam hökuməti qura biləcəyini bəyan etdi və ilk Vilayəti-Fəqih də özü də oldu. Onun ölümündən sonra bu status Xameneyiyə keçdi. Bir türkün (Xameneyinin-red) bu statusda olması, təbii ki, ərəb millətçilərini qəzəbləndirir. Yeri gəlmişkən, Vilayəti-Fəqih fəqihlər məclisi tərəfindən seçilir. Vilayəti-Fəqih hakimi mütləqdir. O, siyasi, iqtisadi, hərbi, hətta şəxsi məsələlərə müdaxilə edə biləcək hüquqa malikdir.

İranda etiraz aksiyası - Sputnik Azərbaycan
İranda rejim tərəfdarları da küçələrə axışdı

İran rejimi Vilayəti-Fəqih üsul-idarəsinin diktaturadan fərqli olduğunu iddia edir. Əsas arqument Vilayəti-Fəqihin İslam hökmləri əsasında ədalətə söykənməsidir. Vilayəti-Fəqih məsumiyyət baxımından Hz.Məhəmməd və 12 İmamla eyni dərəcədə tutulmasa da, idarəçilikdə eyni hüquqa malikdir. Vilayəti-Fəqih müqəddəsata aid şəxsiyyətdir və təkcə İranın deyil, dünyadakı bütün şiələrinin rəhbəridir. Bu baxımdan, Xameneyinin portretlərinin yandırılması Vilayəti-Fəqih üsul-idarəsinin özünü doğrultmadığının, ədalət prinsiplərinə söykənməyərək diktaturanın başqa şəkil aldığının isbatı cəhdi hesab edilə bilər.

Ölkə mətbuatında ən çox tirajlanın tezis Xameneyinin ölkədən qaçması ilə bağlı xəbərlər oldu. Artıq 30 ildir ki, İrandan qırağa addım atmayan dini lideri heç bir ölkənin qəbul etməyəcəyini o özü də bilir. Xameneyi "şəhidlik şərbətini içməyə hazır olduğunu" deməklə, əslində ölkədən çıxmayacağını açıqlamışdı. Bir də ki, Xameneyi hara qaçmalıdır? Təkcə Yaxın Şərqdə onun 200 minlik silahlı gücü var. İranın özündə isə bu rəqəm milyonlarladır.

Bu məsələdə ABŞ və İsrailə ən çox yardım edən sələfi-təkfirçi düşüncə ilə tanınan Səudiyyə Ərəbistanı və Qətər oldu. Yaxın Şərqdə əhalinin böyük əksəriyyəti müsəlmandır. Həm də bu müsəlman əhalisi ayrı-ayrı məzhəb daşıyıcıları olduğundan prosesə din qatqısı da əlavə olunur. Bu da region əhalisinin özünün məhz dini yox, qlobal proseslərin siyasi oyunçusuna çevrilməsini təmin edir. Yəni, bölgədə məzhəb savaşına qoşulanlar özləri də bilmədən qlobal güclərin yanında yer almış olurlar. Bu proseslər ideoloji yox, geosiyasi və geoiqtisadi maraqlar fonunda əhəmiyyət kəsb edir. Yəni qlobal güclərin orbitində olan dövlətləri dini-ideoloji maraqlar yox, strateji ölçülü geosiyasi və geoiqtisadi maraqlar şirnikləndirir.

İranda iğtişaşlar. 31 dekabr 2017-ci il - Sputnik Azərbaycan
İranda qan su yerinə axır, yüzlərlə adam həbs edilib - FOTOLAR

Vaşinqonun hədəfində nüvə silahına malik olan Pakistanı məhv etmək, Türkiyəni parçalamaq, İran ərazisində etnik savaşa nail olmaq durur. İranda rejim devrilərsə, milli və dini zəmində başlayacaq savaş bölgəni, o cümlədən, Azərbaycanı öz ağuşuna ala bilər. Lakin İranda hazırda mühafizəkar qüvvələr kifayət qədər güclüdür və istənilən etirazları yatırda bilirlər. Sosial narazılıqlar isə artmaqdadır. Bu isə o anlama gəlir ki, dəyişikliklər labüddür. İran elitasında ciddi parçalanma var və odur ki, ölkənin inkişafı ilə bağlı müxtəlif fikirlər də mövuddur.

İranda son günlər baş verənlər daha çox sosial problemlərlə bağlıdır. Lakin Vaşinqtonun dəstəyi ilə Səudiyyə bölgədə yeni savaş alovlandırmaq niyyətindədir. Tehran bu savaşda maraqlı deyil. İraqla 8 il davam edən savaş İran üçün fəlakət oldu. İran yeni-yeni bərpa olub. Hazırda elmini, sənayesini, iqtisadiyyatını inkişaf etdirir. Lakin burada bir məqam da mövcuddur. İran ordusu Səudiyyə ordusundan güclüdür. İranla savaş Səudiyyənin sonu anlamına gələ bilər. İran və "Hizbullah" Səudiyyənin yuxusunu qaçıran bir qüvvədir. Səudiyyəni İrana qarşı savaşa təhrik edən Vaşinqtonun niyyəti başqadır. Səudiyyənin şərqində yüz minlərlə şiə yaşayır və onlardan hələ istifadə edilməyib. Şiə İrana qarşı savaş Səudiyyənin parçalanması anlamına gəlir.

İranda etirazlar, 30 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Vaşinqton İranda baş qaldıran etiraz aksiyalarını rəsmən dəstəklədi

Burada son dərəcə vacib olan bir məsələyə diqqət yetirmək lazım gəlir. İran hadisələrindən istifadə edən qüvvələr Azərbaycanda da məzhəb savaşını alovlandırmağa çalışdılar. Bakı bu məsələdə neytrallığını qorumağa çalışır. İrandan gələcək milyonlarla qaçqını Azərbaycan qəbul etməyə hazır deyil və qonşu ölkə ilə problem yaşamaq istəmir. Düzdür, Tehran heç vaxt müstəqil Azərbaycanı həzm etməyib. İranın fəaliyyəti üçün zəmin də mövcuddur. Müştərək mədəni amillər və şiəçilik Tehranın işlərini asanlaşdırır. Bakı bunu anlayır. Lakin özündə ərəb millətçiyini ehtiva edən, tamamilə yad mədəniyyət və ənənələri rəhbər tutan Səudiyyə Ərəbistanı, Qətər ekspansiyası daha təhlükəlidir.

"Vətən uğrunda savaşanlar şəhid deyil", "Konstitusiya lazım deyil, bizə Quran kifayət edir", "Məhkəmələrə ehtiyac yoxdur, şəriət hökmləri keçərlidir", "Nikah yaşı şəriətə uyğun olmalıdır", "Musiqi, poeziya, rəssamlıq, heykəltaraşlıq haramdır", "Hər bir qadın məcburi şəkildə hicab və ya qara rəngli çadra geyinməlidir", "Azərbaycan və Türkiyə kafər dövlətidir, çünki şəriətlə deyil, Konstitusiya ilə idarə edilir" tezisləri ilə insanları zombiləşdirən bu düşüncə tərzi İran hadisələri zamanı sosial şəbəkələrdə şiəçiliyi hədəf seçərək, əslində Azərbaycan və türklərə qarşı açıq ideoloji savaşa başladılar. İranda savaş başlayarsa, yaxud İran və Səudiyyə arasında silahlar işə düşərsə, onların sosial şəbəkələrdəki səngərlərdən çıxacağı ehtimalı çox böyükdür. Unutmaq olmaz ki, yüzlərlə Azərbaycan vətəndaşı Suriya və digər ölkələrdə İŞİD bayrağı altında savaşıb və Azərbaycana "kafər dövlət" deyib, sadə vətəndaşımızın canını, malını, qadınını özlərinə halal bilib. İstər təkfirçi düşüncənin, istərsə də radikal şiəçiliyin cavabı verilməlidir. Azərbaycan dünyəvi dövlətdir və ölkəmizi Suriyaya çevirmək istəmiriksə, bu təhsilsiz zehniyyata qarşı ən sərt şəkildə, qanun dilində cavab verməliyik. Sabah çox gec ola bilər…

Xəbər lenti
0