22:31 13 Dekabr 2017
Canlı yayım
Husilər Hərəkatı

"Allahın dostları" nə istəyir?

© AP Photo/ Hani Mohammed
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
272 0 0

Yəmən bu gün Əfqanıstanın taleyini yaşayır

BAKI, 5 dekabr — Sputnik. Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin husi terrorçuları tərəfindən öldürülməsi təsdiqlənib. "Əl-Cəzirə"-yə danışan Salehiyə yaxın mənbələr partlayış zamanı təhlükəsizlik xidmətinin rəhbəri Həmidinin də öldüyünü bildiriblər.

Salehinin cənazəsinin ilk görüntüləri isə husilər tərəfindən yayılıb. Video-görüntülərdə husi terrorçularının öldürülmüş Yəmən liderinin cəsədini bir avtomobilə qoyaraq apardıqları və şüarlar səsləndirdikləri görünür.

Beləliklə, Salehinin qətlində İranın adı hallanmağa başlayır. Belə ki, husilərə Tehran tərəfindən yardım edildiyi şübhəsizdir. Husilərin mənəvi lideri, 1926-cı ildə Yəmənin Zəhyan şəhərində anadan olmuş Bədrəddin Hüseyn Məhəmməd əl-Husidir. Bədrəddin əl-Husinin İrana tez-tez səfərlər etdiyi, hətta bir müddət Tehranda yaşadığı məlumdur.

O, zeydiliklə 12 imam şiəliyini yaxınlaşdırmağa çalışıb. Husilər "Ənsarullah" (Allahın dostları) hərəkatının üzvləridir. Bədrəddin əl-Husinin oğlu — hərəkatın ilk lideri olan Hüseyn əl-Husi 1990-cı ildə Hizbul Haqq (Haqqın Dəstəsi) adlı siyasi partiya yaradaraq tez bir zamanda xalqın real dəstəyinə nail olur.

1993-cü ildə Hüseyn əl-Husi yüksək səs toplayaraq Yəmən parlamentinə üzv seçilir. Lakin siyasi səbəblərdən 1997-ci ildə mandatından imtina edir və "Ənsarullah" hərəkatının yaranmasında iştirakçı olur. Bu hərəkat bir qədər sonra – 2003-cü ildə ABŞ İraqı işğal edəndən sonra daha kütləvi şəkil alır.

"Ənsarullah" ABŞ və İsrail əleyhinə fəaliyyət göstərən bir təşkilat kimi tanınır. Siyasi tələbləri xalqın iqtisadi rifahının artırılması, ədalətli yanacaq qiymətlərinin tətbiqi, ölkədə Qərbin təsirinə son qoyulması və korrupsiyanın aradan qaldırılmasından ibarətdir.

2003-cü ildə İraqın ABŞ tərəfindən işğalından sonra hərəkatın yüksəlişi daha da vüsət aldı. 2004-cü ildə isə cümə namazı sonrası ABŞ əleyhinə keçirilən etiraz aksiyasında 800 nəfər etirazçının həbs edilməsinin ardından Hüseyn əl-Husi silahlı müqavimətin başlanmasına qərar verdi.

Lakin elə həmin il Hüseyn əl-Husi 20 nəfər ardıcılı ilə birlikdə qətlə yetirildi. Bu hadisədən sonra isə indiki lider Əbdül Malik əl-Husi qardaşı Hüseyn əl-Husinin yerinə keçərək hərakata rəhbərlik etməyə başladı.

2011-ci ildən etibarən hərəkat öz mübarizəsinin yeni mərhələsinə qədəm qoydu və zaman keçdikcə husilər xalq tərəfindən daha da dəstək alaraq artıq 2015-ci ilin yanvar ayında hökuməti devirib yeni hökumət qurdular. Lakin artıq məlum olduğu kimi, Qərb ölkələri və Səudiyyə Ərəbistanı başda olmaqla, körfəz ölkələri koalisiyası bu inqilabın qalib gəlməsinə əngəl olmağa çalışır. Çünki ərəb ölkələrində baş verən oyanışlar — xalq hərəkatları heç şübhəsiz ki, Səudiyyə Ərəbistanında da gözlənilir.

Məsələ burasındadır ki, Yəmən ərəb yarımadasının yeganə respublika üsul idarəsi olan ölkəsidir. 1962-ci ildə İmamət hərbi çevriliş vasitəsilə devrilib və ölkədə respublika yaradılıb. 1990-cı ildə isə Cənubi və Şimali Yəmən birləşərək vahid respublika olub.

Ötən 100 ildən artıq bir dövrdə Yəmən qısa fasilələrlə müharibə yaşayıb. Ərəb yarımadasının Əfqanıstanına çevrilən bu torpaqlarda qanlı savaşların ardı-arası kəsilməyib və təbii ki, ciddi qəbilə-tayfa münasibətlərinin mövcud olduğu Yəməndə sürəkli müharibələr nəticəsində ağır sosial-iqtisadi vəziyyət yaranıb, işsizlik, yoxsulluq dərinləşib. 90-cı illərdən başlayaraq ölkənin cənubunda "əl-Qaidə" möhkəmlənib, şimal ərazilərdə isə zeydilərin husi hərəkatı formalaşaraq güclənməyə başlayıb.

Daha əvvəl özü də zeydi olan prezident Əli Abdullah Saleh husilərə meydan versə də, sonradan husilərin Amerika və İsrail əleyhinə çağırışlarının artması, siyasi şüarları Salehlə aralarını vurub. İndi isə durum daha dəhşətlidir. 2011-ci il "ərəb baharı" dalğasında Əli Abdullah Saleh Yəmən xalqının ardıcıl etirazlarından sonra istefa verib. Onun yerinə isə, əvvəlcə keçici olaraq keçmiş general və vitse-prezident Mansur Hadi təyin olunub.

Beləliklə, Yəmən bu gün Əfqanıstanın taleyini yaşayır. Min ildən çoxdur əhalisinin təxminən yarısı zeydi, yarısı sünni-şafii olan Yəməndə məzhəb davası olmayıb, lakin bu gün savaş məzhəb çaları alıb. Bu savaşın daha da dərinləşəcəyi ehtimalı böyükdür. Bir sözlə, Qərb strateqləri Yaxın Şərqdəki alovu yenidən qığılcımlandırmağa başlayıblar…

Əlaqədar

Yəməndə 11 qiyamçı öldürülüb, onlarla silahlı yaralanıb
ABŞ Yəmənə raket zərbələri endirib
Ərəb koalisiyasının qırıcıları Yəməni bobardıman edib
Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb
Yəmən-Səudiyyə gərginliyi neftin qiymətinə necə təsir göstərəcək?
Teqlər:
zeydi, məzhəb, husilər, Əli Abdulla Saleh, şiə, İraq, İran, Yəmən, ABŞ, partiya

Əsas mövzular