13:22 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9300
Şuşa şəhəri

Rusiya Dağlıq Qarabağ üçün daha möhkəm status təklif edir

© AFP 2019 / MICHAEL MAINVILLE
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
1499 0 0

"Möhkəm status" - müstəqillik vəd edən anlamda işlədilirsə, Bakı buna razılaşa bilməz

BAKI, 24 noyabr — Sputnik. "Dağlıq Qarabağ problemini ancaq Rusiya həll edə bilər, Soçidə Vladimir Putinlə görüş zamanı bu məsələni yenidən gündəmə gətirəcəyəm".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı jurnalistin sualını cavablandırarkən deyib: "Putinlə ötən görüşümüzdə də Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. O, mənə dedi ki, "Rusiya problemin həlli üçün əlindən gələn hər şeyi edir". Mən bir daha Rusiya prezidentini beş rayonun qaytarılması məsələsinə həssas olmağa çağırdım".

Hamburqda Ərdoğan-Putin görüşü
© Photo : Kayhan Ozer/Presidential Palace/Handout via REUTERS

"Artıq münaqişə 30-ilə yaxındır ki, davam edir. Bölgədə bu problemi həll edə biləcək yeganə güc Rusiyadır. Bu gün prezidentlərlə görüş zamanı imkan olan kimi problemi gündəmə gətirəcəyəm. Dağlıq Qarabağ bizim üçün də vacib məsələdir. Bunu kənara ata bilmərik" — Ərdoğan qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra Bakıda keçirilmiş brifinqdə deyib ki, "Dağlıq Qarabağ probleminin mövcudluğu heç kimi razı salmır, bu münaqişənin həlli yollarını axtarmalıyıq".

O bildirib ki, Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədri kimi son görüşlərdə əldə olunmuş və hamını razı salan razılaşmalar əsasında həll istiqamətində çalışacaq: "Diplomatiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır".

Nazirin sözlərinə görə, nizamlama prosesində irəliləyişə nail olmaq üçün tələb edilən bütün addımlar, tədbirlər, razılaşmalar dəsti masa üzərindədir: "Bu dəst 1997-ci ildən etibarən, sonra 1999-cu ildə dəfələrlə həmsədrlər tərəfindən ümumiləşdirilib, ardından 2011-ci ildəki sənədlər olub. Onlardan çoxu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının arxivindədir".

Lavrov oxşar yanaşmaların dəfələrlə həmsədr ölkələrin — Rusiya, ABŞ və Fransanın həm nazirləri, həm də prezidentləri səviyyəsində bəyanat şəklində təqdim edildiyini xatırladıb. XİN başçısının sözlərinə görə, bütün bu sənədlər paket kimi təqdim olunub və bu və ya digər tərəfi razı salan hansısa elementi aradan qaldırmaq üçün yol tapmaq çox çətindir, çünki qarşı tərəf dərhal balansın pozulduğunu bildirir.

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas tələbi olan atəşkəsin elan edilməsinin ardından ATƏT-in Minsk Qrupu yaradıldı. Azərbaycan torpaqlarının azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə bağlı bütün məsələlər danışıqlar yolu ilə həll edilməli olan vəzifə kimi qarşıya məqsəd qoyulub. Biz də məhz bu işlərlə məşğul oluruq" — nazir vurğulayıb.

Beləliklə, danışıqlar "ölü nöqtə"dən çıxmaqdadır. Hazırda proseslər işğal olunmuş 5 rayonun qaytarılması istiqamətində davam etdirilir. Belə olan təqdirdə, Azərbaycan da hansısa kompromisə gedə bilərmi?

Müşahidələr onu deməyə əsas verir ki, Rusiya Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq istəyir. Moskvanın Cənubi Qafqazda mövqeyinin möhkəm olması ilk növbədə Azərbaycan və Rusiya münasibətlərindən asılıdır. Bu münasibətlərin möhkəmlənməsi yolunda ən ciddi maneə isə Dağlıq Qarabağ problemidir. Ona görə də tərəflər bu problemin həlli edilməsini, müsbət nəticələr əldə olunmasını, işğal edilmiş rayonların qaytarılmasını həqiqətən də istəyirlər.

Əslində, "Lavrov planı"nda bir yenilik yoxdur. "Lavrov planı" "Kazan razılaşması"nın davamıdır. Xatırladaq ki, 2010-cu ildə Kazan şəhərində prezidentlər İlham Əliyev və Serj Sarkisyan sazişə imza atıblar. Bu sazişin Azərbaycan və Ermənistan arasında əldə edilmiş digər razılaşmalardan elə də böyük fərqi yox idi. Sadəcə, bu planda ilk dəfə olaraq 5 rayonun qaytarılması üçün prinsipial olaraq iki ölkənin prezidentləri razılıq əldə etmişdi.

Lakin aprel döyüşlərindən sonra Lavrov İrəvanla Bakı arasında müəyyən görüşlər keçirdi, problemin həllinə müəyyən cəhdlər etdi. Bu zaman 5 rayonun qaytarılmasını yenidən təklif etdi.

Bu gün də Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlərin lazımi səviyyədə alınmaması mövcud status-kvonun ATƏT-in Minsk Qrupunu qane etməsi ilə bağlıdır. Onu da vurğulayaq ki, 5 rayonun qaytarılması məsələsinə Azərbaycan bir şərtlə razı ola bilər ki, ermənilər Dağlıq Qarabağa keçici status verilməsi ilə bağlı öz israrlarından vaz keçsinlər.

Bu planın həyata keçirilməsində Azərbaycan üçün ən çətin məqam Dağlıq Qarabağa ermənilərin tələb etdiyi statusun verilməsi ilə bağlıdır. Çünki Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi gələcəkdə onun statusunu daha da yüksəltmək deməkdir. Bu da Dağlıq Qarabağın gələcəkdə Azərbaycanın tərkibində qalıb-qalmayacağını sual altında qoyur.

Qeyd edək ki, "Lavrov planı" iki əsas paketdən ibarətdir: Birinci, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan erməni qoşunlarının çıxarılması; İkinci, bunun ardınca Dağlıq Qarabağa aralıq statusun verilməsi.

Burada bir nüansı xatırlatmaq da vacibdir. Belə ki, "Madrid prinsipləri" və "Kazan razılaşması"ndan fərqli olaraq, hazırkı planda Dağlıq Qarabağda referendumun keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır. Azərbaycan ərazilərin qaytarılması müqabilində statusun müəyyən edilməsi formuluna razıdır, ancaq bunda israr edir ki, Qarabağ formal da olsa, Azərbaycanın tərkibində olmalıdır. Çünki Konstitusiyanın dəyişdirilməsi mümkün deyil.

Ermənistan isə Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını nəzərdə tutan hansısa variantla razı deyil. Bu səbəbdən Rusiya tərəfi yeni yanaşma təklif edir: 5 rayon əvəzində "Madrid prinsipləri"ndə təklif olunan aralıq statusdan daha möhkəm status. Bundan əlavə, "Lavrov planı"nda Kəlbəcər və Laçının qaytarılması barədə heç nə deyilmir.

Araşdırmaçılar hesab edirlər ki, Kəlbəcər və Laçının qaytarılmasının planda nəzərdə tutulmaması, yaxud sonraya saxlanılması Azərbaycan üçün məqbul variant deyil. Əgər söhbət Qarabağətrafı rayonların işğaldan azad olunmasından gedirsə, onda bu prinsip bütün 7 rayonun hamısına şamil edilməli və birdəfəlik işğal faktı aradan qaldırılmalıdır ki, gələcəkdə savaş təhlükəsi və gərginlik aradan qalxsın.

"Madrid prinsipləri"ndə nəzərdə tutulan aralıq statusdan fərqli bir statusun təklif olunması da Azərbaycan üçün böyük təhlükə yarada bilər. "Möhkəm status" — müstəqillik vəd edən anlamda işlədilirsə, Bakı buna razılaşa bilməz.

"Madrid prinsiprləri"ndə nəzərdə tutulan aralıq statusda bəzi özünüidarəetmə hüquqları var ki, bunların arasında, hətta beynəlxalq təşkilatlarda müşahidəçi sifətilə təmsilçilik hüququ, yerli idarəetmə və məhkəmə orqanlarının təşkili nəzərdə tutulur. Möhkəm status isə Qarabağı faktiki olaraq Azərbaycandan uzaqlaşdırır.

Sözsüz ki, işğal edilmiş 5 rayonun qaytarılması təklifi cəlbedicidir. Lakin sonrakı proseslər Bakının ziyanına işləyə bilər. Bu baxımdan, "Möhkəm status" məsələsini ayrıca və dərindən müzakirə etməyə ehtiyac var…

Əlaqədar

Fransa "Dağlıq Qarabağ" mübahisəsinə nöqtə qoydu
Nazir: "Dağlıq Qarabağ probleminin həlli planı masadadır"
Dağlıq Qarabağ mövzusunun üstündən sükutla keçildi
Türkiyə dövlət başçısından Dağlıq Qarabağ sözü
Şahinoğlu: “Dağlıq Qarabağ münaqişənin həlli üçün plan mövcuddur”
Şahinoğlu: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişənin həllində fəal iştirak etmir”
Teqlər:
aralıq status, "Möhkəm status", "Madrid prinsipləri", Dağlıq Qarabağ problemi, "Lavrov planı", həmsədr, münaqişə, rayon, Vladimir Putin, Ermənistan, ATƏT-in Minsk qrupu, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, nazir

Əsas mövzular