15:03 23 Noyabr 2017
Canlı yayım
Putin və Ərdoğan

Dağlıq Qarabağ mövzusunun üstündən sükutla keçildi

© Sputnik / Sergey Guneyev
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
339 0 0

Liderlər Dağlıq Qarabağ mövzusunun üstündən niyə sükutla keçdilər?

BAKI, 14 noyabr — Sputnik. Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatdı. Tərəflər birgə mətbuat konfransı keçirdilər. Bəzi yerli müşahidəçilərin ehtimalları özünü doğrultmadı. Belə ki, iki liderin danışıqlarında Qarabağ problemi ümumiyyətlə müzakirə edilmədi.

Əslində, Türkiyə siyasi elitasına yaxın şərhçilər, görüş ərəfəsində "Qarabağ münaqişəsinin həlli yolları Rusiyadan asılıdır" bəyanatları ilə problemin çözülməsində əsas söz sahibinin Kreml olduğunu nümayiş etdirmiş oldular.

Qeyd etdiyim kimi, Soçidə Azərbaycan — Ermənistan münasibətləri müzakirəyə çıxarılmadı. Bu gün Ərdoğanın rusiyalı həmkarı ilə müzakirə edəcəyi daha prioritet məsələlər mövcuddur və odur ki, Qarabağ münaqişəsinin müzakirəsini gözləmək də yersiz idi.

Hazırda Suriya münaqişəsi, "Türk axını", Rusiya ilə ticarət əlaqələrinin genişlənməsi Ankara üçün daha önəmlidir. Regionda kürd dövlətinin yaradılması, ABŞ-la gələcək münasibətlərin prinsipləri, digər iqtisadi-siyasi maraq doğuran problemlər olan yerdə Ərdoğanın Qarabağ problemini qaldıracağını ehtimal etmək sadəlövhlük olardı.

Moskva və Ankara münasibətlərini normallaşdırmaq niyyətindədir. Lakin həm Türkiyədə, həm də Rusiyada belə fikirləşirlər ki, Ankaranın Moskva ilə münasibətləri heç bir sahədə rahat şəkildə inkişafda olmayacaq. Hər iki ölkə bölgənin liderliyi uğrunda mübarizə aparır.

Qərbdə də anlayırlar ki, Türkiyə ilə Rusiyanın arasında müşahidə edilən yaxınlaşma daha çox müvəqqəti və zorən ittifaqdır. Strateji olaraq Türkiyə və Rusiyanın çox ciddi toqquşan maraqları var. Heç bir tərəf bu maraqlardan asanlıqla imtina edə bilməz.

Bununla yanaşı, Türkiyə qaz ehtiyatının 58 faizini Rusiyadan alır, hər il çoxsaylı rusiyalı turist Türkiyə kurortlarında dincəlir. Aparıcı dünya dövlətləri Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdikdə, Türkiyə bunlara qoşulmadı, əksinə bu ölkə ilə daha da yaxınlaşdı. Bütün bu amillər Moskva və Ankaranı aralıq meddətə olsa belə, müttəfiqə çevirir.

Hazırda Suriyadakı münaqişənin sülh və ya müharibə yolu ilə həllini tapması, məhz Rusiya və Türkiyədən asılıdır. Bu baxımdan, Ankara Qarabağ münaqişəsini müzakirə etməyə hazır deyil. Əlavə qıcıq yaratmaq Ərdoğana sərf etmir.

Digər tərəfdən, dondurulmuş konflikt Ermənistan üçün təhlükədir və istəməsə belə, Rusiyaya sığınmalıdır. Azərbaycan da bu halda Rusiyanın mövqeyini nəzərə alır. Azərbaycan problemi həll etmək istəyir, Ermənistan isə hazırkı status-kvonu qorumaqda israrlıdır. Erməni cəmiyyət isə Sarkisyanı güzəştə getməkdə ittiham edir.

Sülh müqaviləsi olmayan bir şəraitdə atəşkəsin tez-tez pozulması normaldır. 20 illik atəşkəsin qorunması belə fikir yaradırdı ki, tərəflər münaqişənin dondurulmasından öz mənafeləri üçün istifadə etmək istəyirlər. Lakin "nə hərb, nə sülh" vəziyyəti uzun müddət davam edə bilməz. Savaş başlayarsa, bölgə ölkələri də qoşula bilər.

Qarabağda hərbi əməliyyatlara Türkiyəyənin qarışması çox çətindir. ABŞ Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verib və elə bu amil də Ankaranı tələsməməyə vadar edir. Rusiyanın ən çox ehtiyyat etdiyi Türkiyə — Azərbaycan — Gürcüstan hərbi sazişidir ki, bununla Azərbaycan NATO-nun da dəstəyini qazana bilər.

Lakin Moskva Ankara ilə yaxınlaşmaqla bunun qarşısını almış olur. Kreml Moskva — Tehran — Bakı — Ankara ittifaqının yaradılması ilə bağlı da təşəbbüslə çıxış edir. Lakin artıq poliqona çevrilmiş bir bölgədə buna nail olmaq olduqca çətindir. Bu baxımdan, bölgədə daha qaynar proseslərin cərəyan edəcəyini ehtimal edə bilərik…

Əlaqədar

Ərdoğanla Putin NATO-nu qıcıqlandıran addımı atdı
Ərdoğan-Putin görüşü başladı
Putin və Ərdoğan üçün riskli seçim
Putin Ərdoğana söz verdi
Kreml: Putin Ərdoğanı təbrik edib
Putin və Ərdoğan Suriyadakı atəşkəs razılaşmasını müzakirə ediblər
Teqlər:
Soçi, Vladimir Putin, Dağlıq Qarabağ, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, Azərbaycan, görüş, prezident

Əsas mövzular