21:22 23 Avqust 2017
Canlı yayım
Pxenyan şəhərindəki Kim İr Sen meydanının görünüşü

Koreya böhranı: Məsələdən qan iyi gəlsə də...

© Sputnik / Ilya Pitalev
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
16401

ABŞ Şimali Koreya məsələsində öz mövqeyini çətinləşdirib

Həftə ərzində ABŞ və Şimali Koreya rəsmiləri bir-birlərinin ünvanına təhdid dolu mesajlar ünvanladılar. ABŞ-ın Müdafiə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının 20-yə yaxın hərbi obyektinə qabaqlayıcı zərbələrin endirilməsi ilə bağlı planı olduğunu mətbuata sızdırdı. Qeyd olunur ki, Amerika hərbçiləri mümkün bombardmanda B-1B Lancer təyyarələrindən istifadə etməyi nəzərdə tutur. Quam adasındakı Andersen hərbi bazasında 6 belə təyyarə var. Mayın sonlarından etibarən hücumun imitasiyası məqsədilə 11 dəfə təlim uçuşları aparılıb. Hərbçilər telekanala bildiriblər ki, əgər həqiqətən ABŞ KXDR-ə zərbə endirməli olsa, əməliyyatda kosmik peyklər, pilotsuz uçuş aparatları, qırıcı və kəşfiyyatçı təyyarələrdən istifadə olunacaq. Əsasən raketlərin buraxılması üçün istifadə olunan meydançalar, sınaq kompleksləri və köməkçi binalar hədəf olaraq seçiləcək. Amerika kəşfiyyatı obyektlərin dəqiq yerləri haqqında məlumatlara malik olduğunu qeyd edib.

Pxenyanda hərbi parad
© Sputnik / Ilya Pitalev
Koreya müharibəsinin başa çatmasının 60-cı ildönümünə həsr olunmuş paradda hərbi texnika. Pxenyan, Şimali Koreya, 27 iyul 2013-cü il

KXDR rəhbərliyi isə öz növbəsində ABŞ-ın Quam adasındakı hərbi obyektinə ağır zərbə endirəcəyini bəyan edib. Şimali Koreyanın KCNA agentliyinin məlumatına görə, Koreya Xalq Ordusunun komandanlığı avqustun ortalarında Quam adasına endiriləcək zərbənin planı üzərində işi başa çatdıracaq. Plana görə, Şimali Koreya hərbçiləri ABŞ hərbi bazasına orta mənzilli dörd "Hwasong-12" ballistik raketini buraxmaq niyyətindədir. Qeyd olunur ki, raketlər Yaponiya üzərindən keçərək Quam adasının 30-40 km yaxınlığında suya düşməlidir. Rəsmi Pxenyan bu addımın ABŞ ordusunun Asiya və Sakit Okean regionunda qarşısının alınmasına yönəldiyini vurğulayıb. Şimali Koreya hərbiçilərinin sözlərinə görə, "Hwasong-12" model 4 ədəd uzaqmənzilli ballistik raket eyni anda havaya qalxacaq və Yaponiyanın üstündən keçərək Quama doğru hərəkət edəcək. Raketlər 3.356 km məsafəni 17 dəqiqə 45 saniyəyə qət etdikdən sonra Quam adasına düşəcək..

Bəzi araşdırmaçılar Cənubi və Şimali Koreya arasında yeni savaşın başlaya biləcəyini də istisna etmirlər. Qeyd edək ki, Şimal və Cənub arasında ilk savaş 25 iyun 1950-ci ildə başlayıb və 27 iyul 1953-cü ildə yekunlaşıb. İki ölkə arasında ziddiyyətlər hələ də davam edir. 1947-ci ilin mayında Cənubi Koreyanın Milli Məclisinə demokratik seçkilər keçirildi, keçid hökuməti yaradıldı. Cənubi Koreyada dövlət quruculuğu sahəsində ən mühüm tədbir 1948-ci ilin avqustunda Koreya respublikası yaradılmasının elan edilməsi oldu. Liberal partiyasının lideri Li Sın Man Koreya Respublikasının ilk prezidenti seçildi. Buna cavab olaraq Şimalda da 1948-ci ilin 25 avqustunda Koreya Ali Xalq Məclisi yaradıldı. Məclis 1948-ci ilin 9 sentyabrında Koreya Xalq Demokratik Respublikasının yaradıldığını elan etdi. Nazirlər Kabinetinə başçılıq Kim İr Senə tapşırıldı. O, eyni zamanda Koreya Əmək partiyasının sədri də seçildi. Beləliklə də Koreyanın iki yerə bölünməsi hüquqi baxımdan da təsbit olundu.

Şimali Koreyanın rəhbəri Kim Çen In Pxenyanda yeni yaşayış kompleksinin açılışında
© Sputnik / Ilya Pitalev
Şimali Koreyanın rəhbəri Kim Çen In Pxenyanda yeni yaşayış kompleksinin açılışında

Tərəflərdən hər biri özünü legitim hesab edir, digərinin varlığı fikrini yaxına buraxmırdı. Belə bir vəziyyətin yaranması regionda iki supergücün — Sovet İttifaqı və ABŞ-ın üstünlük uğrunda mübarizəsindən irəli gəlirdi və qarşıdurmanın daha da kəskinləşməsinə, silahlı münaqişənin qaçılmaz olmasına zəmin olaraq qalırdı. Doğrudur, formal olaraq sovet qoşunları 1948-ci ilin sonunda, amerika qoşunları isə 1949-cu ilin əvvəlində yarımadadan çıxmışdılar. Əslində isə hər iki tərəf müəyyən adlar altında burada yetərincə hərbi qüvvələr saxlamışdı və faktik olaraq Koreyanı ikiyə bölən 38-ci en dairəsi qarşı-qarşıya dayanmış iki dünya sistemini ayıran cəbhə xətti idi.

ABŞ-ın Cənubi Koreya və Yaponiyada hərbi qüvvələrinin mövcudluğu onun strateji baxımdan qüvvətli bir durumda olduğuna dəlalət edirdi. Sovet İttifaqı hələlik başı Çində kommunistlərin hakimiyyətə gətirilməsi uğrunda mübarizənin təşkilinə qatıldığından ABŞ-ın bu durumuna dözürdü. Elə ki, Çin 1949-cu ilin sonlarında kommunist rejimi idarəsi altına keçdi, Sovet İttifaqının Asiyada güclənməsi imkanları kifayət qədər genişləndi. Sovet rəhbərliyi belə düşünürdü ki, artıq ABŞ-ı Asiya qitəsindən atmaq zamanı çatıb. Bu işi Koreyada həyata keçirmək mümkün olardısa, onda ABŞ-ın Yaponiyadan da çıxarılması asanlaşa bilərdi.

Seulda yerləşən Hərbi memorial
© AFP / JUNG Yeon-Je
Seulda yerləşən Hərbi memorialdakı Şimali Koreyaya aid Scud-B (solda) və Cənubi Koreyaya aid Nike ballistik raketlərinin maketləri

Elə bu səbəbdən də Sovet İttifaqının təlimatı ilə KXDR rəhbərliyi Cənubi Koreyaya qarşı hərbi təcavüzə qərar verdi. 1950-ci ilin 25 iyununda səhər tezdən KXDR silahlı qüvvələri bütün sərhəd boyunca Cənuba qarşı hərbi əməliyyatlara başladılar. Şimal elan etdi ki, hərbi əməliyyatların başlanmasında Cənub günahkardır. Bu baxımdan 1990-cı ildə sovet mətbuatında Koreya müharibəsi dövründə KXDR baş qərargah rəisinin müavini olmuş, 1955-1956-cı illərdə SSRİ-də səfir işləmiş, siyasi motivlərə görə vətənə qayıtmaqdan imtina etmiş Li San Çanın dərc edilmiş məlumatı çox şeyi açıqlayır. Li San Çan bildirib ki, müharibəni Şimali Koreya başlayıb, təşəbbüs Kim İr Sen tərəfindən irəli sürülüb və Stalin tərəfindən bəyənilib. Hərbi əməliyyatların bütün sərhəd boyunca aparılması, mütəşəkkil şəkildə müəyyən edilmiş istiqamətlərdə hücumlar edilməsi və qısa bir zaman kəsiyində böyük ərazilərin ələ keçirilməsi də müharibənin əvvəlcədən yüksək səviyyədə planlaşdırıldığına dəlalət edir. Belə ki, 38-ci en dairəsi boyunca cəmləşdirilmiş Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən sonra Seulun işğalı ilə nəticələnmişdi. Cənubi Koreya olduqca ağır bir duruma gəlmişdi. Belə olduqda ABŞ məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxardı, Şimali Koreya təcavüzkar elan olundu və ona qarşı mübarizə aparmaq üçün Cənubi Koreyaya BMT silahlı qüvvələrinin göndərilməsi qərara alındı. BMT silahlı qüvvələri müxtəlif dövlətlərin əsgərlərindən ibarət olsa da, əksəriyyətini ABŞ hərbiçiləri təşkil edirdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu silahlı qüvvələrin sırasına Türkiyə də bir diviziya göndərmişdi. Milli istiqlal savaşından keçən müddət ərzində ilk dəfə idi ki, türk əsgəri hərbi əməliyyatlarda iştirak etdi və onun Koreyada göstərdiyi qəhrəmanlıq Türkiyənin NATO-ya üzv qəbul edilməsində mühüm bir rol oynadı.

Koreya müharibəsi
© AP Photo
Cənubi Koreyalı hərbi polis Şimali Koreyadan olan əsiri həbsxanaya aparır. Koreya müharibəsi, 21 iyul 1950-ci il

Hərbi əməliyyatların getdiyi bir zamanda 1951-ci ilin iyun ayından atəşin kəsilməsi və sülh danışıqlarına başlamaq haqqında razılaşma əldə edildi. Danışıqlar təklifi Şimali Koreyadan, təbiidir ki, Sovet İttifaqının təşəbbüsü və razılığı ilə gəlmişdi. Danışıqların getdiyi dövrdə hərbi əməliyyatlar hələ də davam etdirilirdi. Nəhayət, Stalinin 1953-cü ilin martında ölməsi, bunun ardınca ali siyasi hakimiyyət daxilində mübarizənin güclənməsi və kəskinləşməsi səbəbindən Sovet İttifaqı təqdim olunan şərtlərə razı oldu. 1953-cü ilin iyulunda Phanmuncom kəndində tərəflər arasında barışıq haqqında saziş imzalandı.

Qeyd edək ki, istər danışıqlarda, istərsə də barışıq haqqında sazişin imzalanması prosesində Çin də "könüllülər" adından iştirak edirdi. Sazişin şərtlərinə görə Şimali Koreya və Cənubi Koreya arasındakı sərhəd yenə də 38-ci en dairəsindən keçirdi. İki Koreyanın durumunda heç bir dəyişiklik olmadı. Yalnız Sovet İttifaqı və ABŞ-ın Koreyadan çıxmayacaqları gerçəkləşdi. Halbuki, sazişin şərtlərinə görə xarici qoşunlar 90 gün ərzində Koreyadan çıxmalı idi. Koreyanın birləşdirilməsi və bərpası üzrə BMT-nin Komissiyası ölkənin gələcəyi haqqında tədbirlər hazırlamalı və həyata keçirməli idi.

Şimali Koreyada ABŞ-a qarşı mitinq
© AP Photo/ Jon Chol Jin
Minlərlə Şimali Koreyalı Kim İr Sen meydanındakı mitinqdə iştirak edir. İştirakçılar əllərində üzərinə "ABŞ-ı nüvə raketləri ilə vurmaq lazımdır!", "Bizə toxunan hər kəs ölümü dadacaq" və s. şüarlar yazılmış plakatlar tutublar. Pxenyan, 9 avqust 2017-ci il.

1953-cü ilin 1 oktyabrında ABŞ ilə Cənubi Koreya arasında bağlanan müqavilənin şərtləri ilə ölkədə ABŞ hərbi qüvvələrinin saxlanılmasına hüquqi əsas verilmiş oldu.

Bu müharibə Koreya xalqına böyük bəlalar gətirdi. Çox böyük əksəriyyəti Şimaldan olmaqla milyonlarla dinc əhali və əsgər məhv edildi və yaralandı. 1 milyona yaxın çinli əsgər öldürüldü və şikəst edildi. BMT qoşunlarının itkisi 54 min nəfər oldu, ölkənin iqtisadiyyatına güclü zərər dəydi.

Bu gün də Şimali Koreya ABŞ üçün böyük təhlükədir. Şimali Koreya ətrafında gedən proseslər də Rusiya üçün təhlükə yaradır. Bu məsələ ABŞ ilə Rusiyanı birləşdirə bilərdi. Nə Obama hökuməti bundan istifadə etmədi, nə də Tramp hakimiyyəti bu mövzuda Rusiyaya güvənmədi. ABŞ Şimali Koreya məsələsində də öz mövqeyini çətinləşdirib. Son günlər ABŞ-ın Şimali Koreyaya təhdidləri də o qədər effekt vermir. Əksinə Şimali Koreya vəziyyəti bir az da gərginləşdirir. Amerika Şimali Koreyada müharibə etsə, özü üçün daha gərgin vəziyyət yarada bilər. Ola bilər ki, ABŞ Şimali Koreyaya bir neçə raket zərbəsi endirsin, amma onların lazımi obyektlərini vura biləcəklər, ya yox, bu sual altındadır. Şimali Koreya ordusu güclü hesab edilir. Koreya xalq ordusu 1939-cu ildə yaradılıb və heyrətləndirici əsgər sayına malikdir – bir milyondan artıq. Müharibə olarsa hərbi xidmətə çağırılacaq ehtiyatda olan əsgərlərin sayı 7 milyona yaxındır.

Pxenyan metropoliteninin sərnişinləri
© Sputnik / Ilya Pitalev
Pxenyan metropoliteninin sərnişinləri

Çinin də bu oyunda həm geopolitik, həm də iqtisadi maraqları var. Əgər Şimali Koreyanın yeganə real müttəfiqi olan Çin Pxenyanın arxasında durmasa, Kimi müharibə ilə devirmək olar. Şimali Koreya rəsmilərinin də bu faktoru göz önündə tutduğu deyilir. Baxmayaraq ki, Pxenyan raket sınaqları həyata keçirir, onlar da düşmənlərindən hər hansı hərbi cavab gəlməsinin marağında deyillər. Çünki Şimali Koreyanın ən başlıca qayğısı rejimin təhlükəsizliyini qorumaqdır. Bu səbəbdən də rəsmi Pxenyan hərəkətlərində Amerikanın qırmızı xəttini keçməməyə diqqət edir. Digər tərəfdən Kimin devrilməsindən sonrakı vəziyyət də mürəkkəbdir. Pxenyanın nüvə materiallarının təhlükəsiz olduğundan heç kim əmin deyil və bu arsenal yanlış əllərə düşə bilər. Konflikt mühacir böhranını yarada bilər. Hakimiyyətin idarə olunması da digər problemlərdən biridir. Yəni regionda hakimiyyət balansının pozulması qeyri-stabilliyə səbəb ola bilər. Siyasi araşdırmaçılar əmindirlər ki, Şimali Koreya rejiminin dağılması faciəvi nətəcələrə gətirib çıxaracaq. Bu, Çin və ABŞ-Koreya qüvvələri arasında strateji əhəmiyyət daşıyan Pxenyan və Younqbun nüvə təsisatının olduğu strateji yerlərə nəzarət etmək üçün qarşıdurmaya səbəb ola bilər. Çin üçün Pxenyan xüsusi əhəmiyyət daşıyır. Belə ki, Pxenyan Çin üçün ABŞ-nin müttəfiqi Cənubi Koreya ilə arasındakı strateji bufer rolunu oynayır. Əgər Şimali Koreya rejimi devrilsə və Koreya birləşsə, birləşmiş Koreya qüvvələri ilə bərabər müttəfiq ABŞ-nin silahlı qüvvələri də Çinin sərhəddində yerləşəcəklər. Bu, Çinin marağında olmayan sonluq olardı. Əslində elə bu plan Rusiya və Çinə qarşıdır və odur ki, savaş ehtimalı azalır. Buna baxmayaraq, savaş başlayarsa, dünya qan içində boğula bilər…

Əlaqədar

Şimali Koreya ABŞ-ı vuracağı tarixi açıqladı
Şimali Koreya dünyanı növbəti dəfə təhdid etdi
Şimali Koreya Ağ Evi bombaladı
Koreya yarımadasında gərginlik pik həddə çatıb
Şimali Koreya sülhə ən böyük təhlükədir
Teqlər:
Koreya böhranı, Cənubi Koreya, Rusiya, Pxenyan, Çin, Şimali Koreya, ABŞ

Əsas mövzular