13:59 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
TƏHLİL
Qısa URL
313701

Yeni Qarabağ müharibəsinin başlanmasının özü regionda sülhün bərqərar olmasını tezləşdirə bilər

BAKI, 7 iyul — Sputnik. İyulun 4-də Ermənistanın təxribatı nəticəsində Azərbaycanın iki mülki vətəndaşı həlak oldu. Dünya mətbuatı baş verənlərə yenə səssiz qaldı. Belə təəssürat yarandı ki, elə bil supergüclər buna hazır idi.

Buna baxmayaraq, Azərbaycan Ordusu bu gün düşmənin mövqelərinə ağır zərbələr endirərək, Alxanlı hadisəsinin intiqamını aldı. Eyni zamandan, susqunluq nümayiş etdirən xarici qüvvələrə, hər an İkinci Qarabağ Müharibəsinin başlaya biləcəyi mesajını verdi.

Ümumiyyətlə, hər dəfə atəşkəs pozulanda böyük dövlətlər bir qədər gözləmə mövqeyi tutur ki, görsünlər hadisələr hansı istiqamətə inkişaf edir və onların hansı səviyyədə reaksiyasına zərurət yaranacaq. Bu dəfə belə bir təəssürat yarandı ki, ATƏT-in Mİnsk Qrupunun həmsədrləri də hadisələrin hansı istiqamətə inkişaf edəcəyini çox gözəl bilirlər.

Digər tərəfdən fikir verməliyik ki, münaqişənin bu şəkildə gedişi kimin maraqlarına cavab verir? Həm Moskvada, həm Vaşinqtonda təxminən belə fikirlər söylənilir: "Biz ancaq vasitəçiyik, əsas məsuliyyət münaqişə tərəflərinin üzərinə düşür və onlar razılaşmalıdır".

Moskva ilə Vaşinqton bəyan etdikləri kimi, doğrudan da Qarabağ münaqişəsinin həllində vahid mövqedən çıxış edə bilsəydilər, onların vahid mövqeyi olsaydı, münaqişə tərəflərini çox asanlıqla böyük sülh sazişinin imzalanmasına yumşaq desək, həvəsləndirə bilərdilər, təhrik edə bilərdilər, bəzi hallarda hətta təzyiq göstərib məcbur da edə bilərdilər.

Əsas problem ondan ibarətdir ki, hələlik böyük dövlətlərin regionda maraq dairələrinin bölünməsi ilə bağlı heç bir razılığı yoxdur. Məhz bu, sülhün yaradılmasına kifayət qədər ciddi maneçilik göstərir.

Son hadisə də sübuta yetirdi ki, cəbhədə aktiv əməliyyatların yenidən bərpası mümkündür. Yenə də problem ondan ibarətdir ki, regionda hərbi-siyasi təmsilçilikdə balans yoxdur. Regionda, Cənubi Qafqazda Rusiyanın güclü hərbi-siyasi təmsilçiliyi var. Qərbin, o cümlədən ABŞ-ın ona balans yarada biləcək təmsilçiliyi yoxdur.

Artilleriya qurğusu, arxiv şəkli
© Photo : AR Müdafiə Nazirliyinin mətbuat xidməti

Ona görə bəzən, kimlərsə deyəndə ki, "Qərb regionda Rusiyanın maraqlarına zərbə endirmək üçün münaqişənin hərbi, yaxud da qaynar bir mərhələyə keçməsində maraqlıdır və ya idarə olunan hansısa bir xaos yaratmaq istəyir", bu, ən azından qeyri-ciddi səslənir. Çünki Qərbin burada situasiyanı idarə edə biləcək qüvvəsi yoxdur.

Beləliklə, yeni Qarabağ müharibəsinin başlanmasının özü regionda sülhün bərqərar olmasını tezləşdirə bilər. Bu, heç də Azərbaycanın və yaxud da Ermənistanın üstünlük əldə etməsi ilə bağlı olmaya bilər. Bu, onunla əlaqədar ola bilər ki, hazırkı danışıqlar nəticə vermədiyi üçün həmin beynəlxalq güc mərkəzləri tərəflərdən birini münaqişəyə sövq edir, sonra isə sülhə məcburetmə prosesi başlaya bilər.

Digər tərəfdən, danışıqların dalana dirənməsi gərginliyi və hərbi əməliyyatların bərpası riskini artırır. Lakin indiki şəraitdə genişmiqyaslı döyüşlərin başlanması regionda maraqları olan böyük güclərin maraqlarından asılı ola bilər. Əgər həmin qüvvələr öz maraqlarını gerçəkləşdirmək üçün hərbi əməliyyatların bərpasını istəsələr, bu, baş verəcək.

İndiki şəraitdə regionda əsas marağı olan tərəflərdən biri kimi Rusiya, çətin ki, Ukrayna və Suriyada yaşananlardan, habelə üzləşdiyi sanksiyalardan dolayı, Cənubi Qafqazda üçüncü bir münaqişə zonasının yaranmasına razı olsun. Əks təqdirdə Cənubi Qafqaz Rusiya ilə ABŞ arasında üçüncü münaqişə zonasına çevrilə bilər. Bu da Rusiyanın maraqları ilə ziddiyyət təşkil edir…

Əlaqədar

Dövlət Departamenti də Zəhranın ölümünə münasibət bildirdi
Xarici attaşe və jurnalistlər Zəhranın öldürüldüyü yerdə olublar
ABŞ səfirliyi Zəhra Quliyevanın qətlinə reaksiya verdi
Mehriban Əliyeva balaca Zəhranın ölümünə münasibət bildirdi
Teqlər:
maraq, region, Qarabağ, müharibə, ABŞ, Rusiya, Vaşinqton, Moskva, Azərbaycan, təxribat, Ermənistan

Əsas mövzular