19:15 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
İran əhalisi

İrana qarşı yeni vasitələrə əl atılır

© Sputnik / Andrey Stenin
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
232701

Bölgə şiə-sünni münaqişəsinin poliqonuna çevriləcək

BAKI, 9 iyun — Sputnik. Həftənin əsas hadisəsi İran parlamentində törədilən terror aksiyası oldu. Baş vermiş hadisə son seçkilərdən məğlubiyyətlə çıxmış mühafizəkar cinahının mövqelərini və cəmiyyətə nəzarəti gücləndirmək imkanlarını artıracaq.

Araşdırmaçılar belə hesab edirlər ki, İran türk və kürd hərəkatlarının, ərəb və bəlucların artmaqda olan fəallığının qarşısını almaq üçün mühafizəkar və islahatçı qanadları arasında ciddi fikir ayrılıqları hökm sürür. İnqilab Keşikçiləri Korpusuna söykənən dini mühafizəkar tərəf, etirazları hərbi güc metodu ilə önləməyin tərəfdarıdırsa, islahatçı kəsim güzəştlərlə önləməyi düzgün hesab edir.

İrandakı son terror aktını İŞİD törədibsə, bu hadisə yeni adı çəkilən dini terror qruplaşmasının arxasında duran güclərin İranın terror dalğasına hazırlığını yoxlamaq üçün kəşfiyyat gedişi də ola bilər. Lakin araşdırmaçılar belə hesab edirlər ki, terror hadisəsinin, məhz parlamentdə və İran İslam İnqilabının banisi olan Ayətullah Xomeyninin məqbərəsində baş verməsi İrana mesaj kimi dəyərləndirilə bilər. Artıq terror əvvəllər olduğu kimi İranın əyalətlərində deyil, paytaxtında, parlamentində baş verir.

Terrorun ABŞ prezidentinin Səudiyyə Ərəbistanına 11 milyard dollarlıq silah satılmasına dair anlaşmanın əldə olunmasından və Qətər ətrafında baş verən son hadisələrdən sonra reallaşması da diqqətçəkicidir. Hələ ki, güclü olan İranın zəiflədilməsi üçün ABŞ çoxistiqamətli gedişlər edir. Bir tərəfdən İranı Suriyada, qismən Yəməndə ərəb dövlətlərindən yaratdığı ittifaqla müharibəyə çəkir, digər tərəfdən İranın tərəfdaşı olan Qətəri cəzalandırır və beləliklə, İran ətrafındakı dairəni daraltmağa çalışır.

Bu hücum bu və ya digər şəkildə Qətər böhranı ilə əlaqədar ola bilərmi və bu terror aktı əslində bölgədə çox böyük geosiyasi oyunların başladığına işarət edirmi? Xatırladaq ki, Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələri, məhz İranla əməkdaşlıq təklifi verdiyinə görə Qətər dövləti ilə diplomatik əlaqələri kəsmişdi. Buna səbəb olaraq isə Qətərin terrorizmi dəstəkləməsi göstərilir.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın əsas hədəflərindən biri İrandır. Bu olaylar Tehrana qarşı artıq digər vasitələrdən istifadə etmək deməkdir. Çünki məlum məsələdir ki, indiki şəraitdə ABŞ İran ilə açıq müharibəyə getməyəcək. Əsas vəzifə terror qruplaşmaları vasitəsilə əvvəlcə ölkədəki sabitliyi laxlatmaq, daha sonra isə növbəti məqsədlərə keçməkdir.

İranda terror
© REUTERS / Tasnim News Agency

Onu da unutmayaq ki, İran Suriyada hərbi qüvvə saxlayır. İran Suriyada demək olar ki, ən təsirli imkanlara malik olan dövlət hesab olunur. Hətta Rusiyadan da təsirlidir. Rusiyanın hərbi hava qüvvələrini çıxarsaq, İranın quru qoşunları Suriyanın ayaq üstə qalmasının əsas səbəbkarıdır.

İsrail və ABŞ belə hesab edir ki, İraq və Suriyanı əldə edən İran, Xəzər dənizindən Aralıq dənizinə qədər böyük bir əraziyə nəzarət edəcək və bu bölgədə həm İsrailin, həm də ABŞ-ın strateji maraqları üçün ciddi maneələr yaradacaq. Artıq indidən o əngəllərdən biri hiss edilməkdədir. Qətər dövləti Avropa bazarını qazla təmin etmək üçün qaz kəməri layihələndirmişdi. O qaz kəməri layihəsinin bir hissəsi Suriyadan keçməli idi. İran həmin qaz kəməri layihəsinə qəti etiraz edir, çünki özü Avropa bazarına qaz çıxarmaq niyyətindədir.

İran bölgədə xüsusi söz sahibinə çevrilib. Gündəmdə olan başlıca məsələ İranın Suriya və İraqdan çıxarılması məsələsidir. Bu baxımdan, Qətərlə digər ərəb ölkələri arasındakı gərginliyin əsas səbəbi Qətər-İran qaz sahəsi olub. Qətərin yenidən İranla bu istiqamətdə çalışmağa başlaması digər ərəb ölkələrinin etirazlarına səbəb olub.

Qətər dünyanın ən böyük maye qaz ixracatçılarından biridir. Belə ki, rəsmi Doha 2005-ci ildən bu yana İranla ortaq olduğu qaz sahəsinin özünə aid olan Şimali Günbəz hissəsində fəaliyyətlərini dayandırıb. Lakin aprel ayında Qətər özünə tətbiq etdiyi bu sanksiyaları ortadan qaldırdı. Maraqlı məqam odur ki, Qətərin bu istiqamətdə əsas rəqibləri ABŞ, Avstraliya və Rusiya sayılır.

İran-Qətər qaz sahəsinə Pars yatağı aiddir. Bu yataqlar Fars körfəzinin ortasında yerləşir. İran tərəfi Pars yatağının öz sahəsinə düşən hissəsini Cənubi Pars, Qətər tərəfi isə Şimali Günbəz adlandırır. Yataqda ümumilikdə 28 trilyon kub metr qaz və 7 milyard ton neft var. Ayrı-ayrılıqda isə Şimali Günbəzdə 13,8 trilyon kub metr qaz və 4,3 milyard ton neft var. Cənubi Parsda isə 14,2 trilyon kub metr qaz və 2,7 milyard ton neft mövcuddur.

Onu da vurğulamaq lazım gəlir ki, Ər-Riyad bölgənin müstəqil oyunçusu deyil. Səudiyyə Ərəbistanı bölgədə ABŞ və İsrailin maraqlarına xidmət edir və "Sem dayı"nın dəyənəyi rolunu oynayır. Səudiyyə və bir sıra ərəb ölkələri, məsələn, Bəhreyn, BƏƏ Vaşinqtonun nəzarətində olan islam ölkələri kimi səciyyələndirilir və Qərblə qarşıdurma yaşayan Tehrana təzyiq vasitəsi kimi nəzərdə tutulur.

Burada məqsəd neftin qiymətinə nəzarəti əldən verməməkdir. Yəni, savaş neft gəlirləri uğrunda gedir, söhbət radikal şiələrdən və sünnilərdən getmir. Məzhəb qarşıdurması sadəcə bir görüntüdür. Baş verənlər birbaşa neft diplomatiyasına xidmət edir. Bu siyasəti uğurla həyata keçirə bilmək üçün məzhəb savaşı alovlandırılır.

İstisna deyil ki, Yaxın Şərq yaxın illər ərzində şiə və sünnilərin münaqişəsi poliqonuna çevriləcək. Baş verənlərin idarəolunan xaos nəzəriyyəsinin tərkib hissəsi olduğunu əlavə şərh etməyə də ehtiyac qalmır…

Əlaqədar

İŞİD bu ölkələri terrorla hədələdi
Terrorun budəfəki hədəfi ABŞ səfirliyi oldu
İranda növbəti terror: 18 nəfər yaralandı
İranda terror törədənlərin kimliyi bilindi
Tehranda terror nəticəsində ölənlərin sayı artır
Qanlı terrorun yekunu: qurbanların dəqiq sayı açıqlandı
Terror barədə məlumat verən jurnalist həbs olundu
Tehran terrorunun ilkin təfərrüatları məlum oldu
İranda terror kütləvi hal alır, canlı görüntülər yayıldı
Teqlər:
sünni, Ayətullah Xomeyni, şiə, qaz, Tehran, İran, Səudiyyə Ərəbistanı, Qətər, Suriya, Yaxın Şərq, parlament, ABŞ, terror, İŞİD, neft

Əsas mövzular