11:27 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
930 0 0

Kimin nə qədər qənimət əldə etdiyi aydınlaşacaq

BAKI, 26 may — Sputnik. Yaxın Şərq ətrafında baş verənlərin region dövlətlərinə, xüsusən də Azərbaycana təsiri böyükdür. Azərbaycan "ayaq altında" qalmamaq üçün, öz siyasətini yüz ölçüb, bir biçir. Aydın məsələdir ki, Amerika hazırkı qlobal siyasətini yürüdən zaman kiçik dövlətlərin maraqlarını nəzərə almır. Əgər ABŞ İsrailin maraqlarını nəzərə almırsa, deməli Azərbaycana da güzəştə gedəsi deyil.

Azərbaycan bölgə ölkələri, xüsusən də İran və Türkiyə ilə sıx əlaqələr yaratmalıdır. Rusiya amilini də xüsusi nəzərə almaq lazımdır. Vurğulayaq ki, 2000-ci ilin ikinci yarısına qədər ABŞ və Avropa Rusiyanı elə də ciddi əngəl hesab etmirdi və düşünürdülər ki, Rusiya rəqabətə davam gətirməyib, bir beynəlxalq güc faktoru kimi sakitcə sönüb gedəcək.

Bu sxem dünyanın digər yerlərində də fəsad verməyə başladı. NATO-nu qlobal polisə çevirmək cəhdi qısamüddətli oldu. 1990-cı illərin sonlarında Yuqoslaviyadan sonra Əfqanıstan və İraq müharibəsinə qədər artıq alyansda ciddi problemlər meydana çıxdı.

Digər tərəfdən, demokratiyanı yaymaq ideyası Yaxın Şərqin yenidən qurulması ilə bağlı məsələni nəinki kəskinləşdirdi, həmçinin Rusiya və Çin tərəfindən qəzəblə qarşılandı. "Yeni dünya düzəni" ilə bağlı artan böhran kataklizmlərin səbəbinə çevrildi.

Hazırda NATO-nun vəziyyətinin ağırlığı, onun əsas üzvlərindən olan Türkiyənin hərəkətlərindən aydın görünür. Prezident Ərdoğan NATO amilini ümumiyyətlə nəzərə almır. Alyansın Rusiya ilə rəqib olduğu bir zamanda Ankara Moskva ilə təhlükəsizlik sahəsində hərbi-texniki əlaqələrini gücləndirir.

Moskvanın 15 iyul çevriliş cəhdi ilə bağlı Türkiyəni xəbərdar etməsi barədə informasiyaların nə qədər həqiqət olduğu barədə mühakimə yürütmək çətindir, amma bir şey məlumdur: Türkiyənin tərəfdaşı olan Amerika Ərdoğan qarşısında etimadını itirdi.

Onu da unutmaq olmaz ki, Vaşinqton Avropa ölkələrindən də narazıdır. ABŞ-ın Avropadakı tərəfdaşlarının passivliyindən narazı olması ilk dəfə deyil. Bu barədə ən müxtəlif səviyyələrdə danışılıb. Tramp sadəcə bunu kəskin formada ortaya qoydu.

Avropa İttifaqı da zərbələr alıb. Böyük Britaniyanın birliyi tərk etməsi barədə qərarı tarixi əhəmiyyət daşıyır. Tarixdə ilk dəfə olaraq birlik genişlənmək əvəzinə sıxılır. Türkiyə ilə münaqişə, Rusiya ilə qarmaqarışıq münasibətlər, Britaniyanın getməsi – bütün bu təzahürlərin müxtəlif səbəbləri var, lakin bir məsələni ortaya qoyur: Brüsselin mərkəz olduğu Böyük Avropa ideyası cazibədarlığını itirir. Halbuki bu mərkəzi 1990-cı illərdə "yeni düzənin" prototipi kimi görürdülər.

İki baş tutmamış çevriliş cəhdi (SSRİ-də 1991-ci ilin avqust qiyamı və Türkiyədə 15 iyul 2016-cı il hadisəsi) arasındakı 25 illik zaman ərzində keçmiş dizaynı yenilməyə cəhd olundu. Bu isə qanunauyğun nəticəyə gətirib çıxartdı və "soyuq müharibə" yenidən başlandı. Artıq Çinin, Rusiyanın və digər regional güclərin təşəbbüsü ilə yeni mərkəzlər yaranır.

Yaxın Şərq regionunda yeni düzənin qurulması dünyanın qalan hissəsinin siyasi xəritəsinə təsir göstərməyə bilməz. Çünki bu region üzərində əksər supergüclərin maraqları fokuslaşmış vəziyyətdədir. Və əgər köhnə düzən dağıdılırsa, deməli, bunun məntiqi davamı olaraq bəzi supergüclərin Yaxın Şərq regionundakı maraqlarının mütləq təhlükə altında qala biləcəyi şübhə doğurmur.

Ona görə də, Yaxın Şərq regionunda cərəyan edən proseslərin həm də bütün dünyada mövcud düzənin sarsılmasına apara biləcək olaylar olduğu da inkaredilməz reallıqdır. Bu isə o deməkdir ki, Yaxın Şərq regionunda cərəyan edən proseslər bütün dünya üçün yeni düzənin qurulması baxımından kifayət qədər təsirli ola bilər.

Hazırda Yaxın Şərqdə bir neçə supergücün maraqları kəskin şəkildə toqquşmaqdadır. Belə ki, bu regionda əsas maraq sahibi rolunda hələlik ABŞ çıxış edir. Bu superdövlət Yaxın Şərq regionda ən ciddi istinad nöqtələri olan ölkədir. Ən azından ona görə ki, Yaxın Şərq regionunun indiyə qədər mövcud olmuş siyasi-iqtisadi düzəninin əsas memarı da məhz ABŞ sayılır.

Hər halda, son dövrlərdə bir-birinin ardınca devrilən ərəb hakimiyyətlərinin əksəriyyəti Ağ Evin ssenariləri əsasında formalaşdırılmışdı. Ağ Ev uzun onilliklər ərzində Yaxın Şərq regionuna, ərəb hakimiyyətlərini dəstəkləməklə nəzarət edə bilirdi. Ancaq son dövrlərdə baş verənlərdən belə anlaşılır ki, həmin iqtidarlar artıq ABŞ-a lazım deyil. Ona görə də, ABŞ və Qərb bloku indi həmin iqtidarların dəyişdirilərək siyasi səhnədən çıxarılması prosesinə start verib.

Düzdür, hakimiyyətləri devrilmiş ərəb ölkələrində ortaya çıxan yeni siyasi liderlərin növbəti diktatura rejimlərinin əsasını qoyub-qoymayacaqları barədə hələlik qəti fikir irəli sürmək çox tezdir. Halbuki yerli şəraiti və siyasi münasibətlər sistemini nəzərə aldıqda, belə bir ehtimalın da kifayət qədər ciddi olduğu reallıq təsiri bağışlayır. Ancaq bununla belə, Ağ Evin Yaxın Şərq regionuna yeni nəfəs gətirməkdə maraqlı olduğu da açıq-aşkar nəzərə çarpır.

Təbii ki, burada Ağ Evin siyasi və hərbi maraqları ön plandadır. Çünki Yaxın Şərq regionu ABŞ hərbi bazalarının ən sıx yerləşdirildiyi məkanlardan sayılır. Həmin hərbi bazalar Ağ Evin bu regionla bağlı siyasi və strateji maraqlarının təmin olunmasına xidmət edir. Belə vəziyyətdə isə, dünyada enerji resurslarına olan perspektiv ehtiyacların ifrat şəkildə artması heç şübhəsiz ki, situasiyanın rəngini dəyişmiş olur. Ən azından ona görə ki, hazırda Yaxın Şərq regionunda cərəyan edən siyasi-ictimai proseslərin arxasında superdövlətlərin enerji maraqlarının dayandığına yönəlik ehtimallar daha inandırıcıdır.

Hər halda, nəzərə almaq lazımdır ki, Yaxın Şərq dünyanın ən önəmli enerji qaynağı məkanıdır. Bu "alov" həm də dünyanın mövcud düzənini "yandırmağa" başlayıb. Böyük ehtimalla, yaxın gələcəkdə Yaxın Şərq regionunda başladılmış bu prosesin davamı olaraq bütün dünya yeni şərtlər və yeni siyasi-iqtisadi münasibətlər sistemi altında yaşamalı olacaq.

Sadəcə, bu ehtimalın doğrulması üçün Yaxın Şərq regionunda cərəyan edən siyasi-ictimai dəyişikliklər prosesinin sona çatmasına ehtiyac var. Yalnız o zaman hansı superdövlətin nə qədər "qənimət" əldə edə bildiyi aydınlaşmağa başlayacaq.

Onu da qeyd etməliyik ki, dünya güclərinin bölgə uğrunda savaşına qatılmaq Azərbaycanın maraqlarına cavab vermir. Proseslərdən bir qədər məsafə saxlamaq lazım gəlir…

Əlaqədar

ABŞ-ın Yaxın Şərqdəki gizli-açıq məqsədi
Ekspert: "Azərbaycan Yaxın Şərqdəki qeyri-sabitliyin mərkəzindədir"
Yaxın Şərqin yeni xəritəsi masa üstündə
Yaxın Şərqdə yeni dövlət yaradırlar
Jirinovskinin “Yaxın Şərqi Ərdoğana əmanət etməliyik” çıxışının pərdə arxası
Politoloq: Yaxın Şərqdə məzhəb qarşıdurması yaratmağa çalışırlar
ABŞ-dan Yaxın Şərqlə bağlı qorxulu ssenarinin siqnalı gəldi
Teqlər:
region, Ərdoğan, NATO, Avropa İttifaqı, Çin, Amerika, Rusiya, Vaşinqton, Yaxın Şərq, Türkiyə, Azərbaycan, ABŞ

Əsas mövzular