15:38 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
TƏHLİL
Qısa URL
1000 0 0

Ankara ilə Moskvanın Suriyadakı əməkdaşlığının başa çatdığını demək mümkündür

BAKI, 8 apr — Sputnik. ABŞ hərbi-dəniz qüvvələri aprelin 7-də, Suriya saatı ilə 04:40-da Aralıq dənizinin şərqində yerləşən gəmilərdən Suriya ordusuna məxsus hərbi hava bazasını vurub. Pentaqonun yaydığı rəsmi açıqlamada "əş-Şayrat" bazasına 59 "Tomohavk" raketi atıldığı bildirilir.

ABŞ-ın Suriyadakı hərbi bazaya zərbəsi
© Photo : Ford Williams/Courtesy U.S. Navy/Handout via REUTERS

Bazanın yerləşdiyi Hums əyalətinin valisi yerli mediaya açıqlamasında hava zərbələri nəticəsində, biri general olmaqla 5 hərbçinin öldüyünü, 7 nəfərin isə yaralandığını bildirib. Baza dağıdılıb. Lakin itkilərin az olmasının səbəbi hava zərbələrindən öncə Pentaqonun Rusiyanı xəbərdar etməsi, rusların isə suriyalılara xəbər ötürməsi olub. Vaxtında xəbərdar edilən Suriya ordusunun komandanlığı təyyarələrin bir qismini bazadan çıxarmağa nail olub.

Araşdırmaçılar əmindirlər ki, ABŞ-ın hərbi əməliyyatları davam etdirməsi ehtimalı hələlik azdır. Çünki hava zərbələrinin elan olunmuş məqsədi İdlibi bombalayan Suriya hərbi təyyarələrinin və kimyəvi silahların yerləşdirildiyi bazanın məhv edilməsi idi. Hazırda faktiki olaraq Pentaqon bu məqsədinə çatıb. Bundan sonra əməliyyatı davam etdirmək üçün əsaslandırılmış dəlillər lazım olacaq.

Digər tərəfdən, Suriyaya hərbi müdaxilə ABŞ ordusu üçün ciddi problem yarada bilər. Amerikalılar Suriyada quru əməliyyatı keçirmək istəmirlər, çünki bu zaman itkilər daha da arta bilər, hətta İraq və Əfqanıstandan da çox ola bilər. Çünki Suriyada amerikalıların düşmənlərinin sayı çoxdur, amerikalılardan qisas almaq istəyən qüvvələr var.

Hava zərbələri də indiki vaxtda risklidir, ən azı ona görə, Rusiyanın Suriyada S-400 raketləti var və aviasiyaya qarşı istifadə oluna bilər. İndiki zamanda Pentaqon üçün ən əlverişli variant dənizdən raketlə Suriya hədəflərinin vurulmasıdır. Görünən budur ki, ABŞ prezidenti Tramp Moskva ilə "soyuq savaş"da maraqlıdır. Bu, ona Rusiya ilə əməkdaşlıq etməsi haqda ittihamların qarşısını almaq üçün lazımdır.

İstənilən halda, Vaşinqtonun raket zərbələri ABŞ-ın Suriyada planlaşdırdığı mümkün hərbi əməliyyatlar ssenarisinin konturları da sayıla bilər. Bir zamanlar İraqda olduğu kimi, Suriyada da amerikalılar "uçuşa yasaq zonalar" elan edilə bilər. Həmin zonaları qorumaq üçün ABŞ hazırda Aralıq dənizində olan "Aegis" sistemli və qanadlı raketlərlə təchiz olunmuş iki gəmisindən istifadə edə bilər. ABŞ-ın Türkiyə, Qətər və İordaniyadakı aviabazalarındakı hərbi təyyarələrin isə uçuşa yasaq zonalarda patrul uçuşlarına göndərilməsi mümkündür.

İlkin məlumatlara görə, ABŞ Suriyada yeni hədəfləri vurmaq üçün 120 qanadlı raketdən istifadə edə bilər. Həmin hədəflər operativ-taktiki rabitə qovşaqları və idarəetmə mərkəzləri, qərargahlar, dövlət qurumlarının binaları, hərbi bazalar və aerodromlardır.

ABŞ-ın Suriyaya hava hücumu
© Photo : Ford Williams/Courtesy U.S. Navy/Handout via REUTERS

Onu da qeyd edək ki, Suriyaya raket zərbələri endirilən anda ABŞ ən ciddi və təhlükəli geosiyasi rəqibi Çini "oyundan" uzaqlaşdırdı. Belə ki, Birləşmiş Ştatların Sakit Okeandakı "üzən aviabazası" adlandırılan Filippin qəflətən Cənubi Çin dənizindəki mübahisəli adalardan birinə qoşun çıxarıb. Sitşa arxipelaqı, Nanşa (Spratli) və Huanyan (Skarboro) adaları onillərdən bəri Vyetnam, Çin, Bruney, Malayziya, Filippin və Çin arasında fasiləsiz mübahisə mənbəyidir. Bununla Çinin başı öz ətrafındakı münaqişəyə qarışmış oldu.

ABŞ-ın Suriyaya endirdiyi son zərbələr Bəşər Əsədin devrilməsi üçün kifayət etməsə də, müharibəni daha da alovlandıra bilər. Artıq Suriya ordusunun Xan Şeyxun şəhərinə yenidən hücum etdiyi ilə bağlı xəbərlər var. Beləliklə, nəticə olaraq ABŞ İraq müharibəsində olduğu kimi, beynəlxalq birliyin qərarı, təsdiqlənmiş beynəlxlaq araşdırma olmadan birtərəfli hərbi əməliyyat həyata keçirdi.

Məsələ ondadır ki, Rusiya və Suriya tərəfi Dəməşqin əlində kimyəvi silah olmadığı, 2013-cü ildə hamısının müsadirə edildiyini bildirir. Eyni zamanda, Xan Şeyxunda baş verən zəhərlənmənin, Suriya aviasiyasının bombardmanı zamanı bombalardan birinin müxaliflərin əlində olan kimyəvi maddə anbarına düşməsi nəticəsində baş verdiyi də bildirilir.

Lakin bu iddianı Qərb ölkələri qəbul etmir. Nəticə etibarı ilə dinc insanların kimyəvi qazlardan zəhərləndiyi faktı var. Bu qazın Suriya ordusu tərəfindən atıldığı, yoxsa bombalanan ərazidə olduğu hələlik dəqiqləşməmiş iddiadır. Amma ortada bir fakt var ki, müharibə davam edir və hər gün dinc insanlar ölür.

Son hava zərbələri ABŞ və Rusiya arasında, eləcə də zərbələrdən daha əvvəl hərbi müdaxiləyə dəstək verməyə hazır olduğunu bəyan edən Türkiyə dövləti ilə Rusiya arasında münasibətləri pisləşdirə bilər. Rusiya Suriyada ABŞ-la hərbi əməkdaşlığı dayandırdığını bəyan edib. Türkiyə hökumətinin mövqeyindən sonra yəqin ki, Ankara ilə Moskvanın Suriyadakı əməkdaşlığının başa çatdığını demək mümkün olacaq. Bu isə bölgədəki vəziyyəti daha da gərginləşdirə bilər…

Əlaqədar

"Türkiyənin Suriya məsələsində aydın və ardıcıl siyasəti yoxdur"
Suriyadakı kimyəvi hücumla bağlı yeni açıqlama yayıldı
Amerika raketləri Suriyanı belə bombardman etdi
“Əgər BMT Suriya üçün addım atmasa, bu addımı Amerika atacaq”
“Əgər biz qalib gəlməsək, Suriya xəritədən silinəcək”
Vaşinqtondan Suriya və İrana sərt mesaj
Teqlər:
"əş-Şayrat", raket, Aralıq dənizi, Suriya, Çin, Rusiya, Türkiyə, ABŞ

Əsas mövzular