06:30 27 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
37420

Ekspertlərin fikrincə, qonşu ölkənin Avropa İttifaqı ilə sərbəst gediş-gəliş imkanı qazanması Azərbaycana da təsirsiz ötüşməyəcək

BAKI, 7 fev — Sputnik. Xəbər verdiyimiz kimi, Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qərar qəbul edib. Qərarın lehinə 553, əleyhinə 66 parlamentar səs verib, 28 nəfər bitərəf qalıb. Avropa İttifaqı (Aİ) Şurasının yekun qərarından sonra Gürcüstan vətəndaşları Şengen zonasına vizasız səfər etmək hüququ qazanacaqlar.

Fazil Mustafa
© Photo : APA
Fazil Mustafa

Məsələ ilə əlaqədar millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, Gürcüstan vətəndaşları üçün çox əlverişli bir şərait yaradır: "Gürcüstanın Avropa dəyərlərinə daha çox bağlı bir ölkə kimi həm də imicini artırır. Avropa ilə daha da yaxınlaşma siyasətini izləmə imkanı artacaq".

Onun sözlərinə görə, bu qərar bütün hallarda Gürcüstan əhalisinin faydasına olan bir addımdır: "Viza məsələsinin ən böyük əziyyətini vətəndaşlar çəkirlər. Vətəndaşların rahatlıqla hərəkət etməsi iqtisadi əlaqələri də xeyli gücləndirəcək. Çünki iş adamlarının, digər kateqoriyadan olan insanların gediş-gəlişinin artması biznes mühitinin daha da inkişafına şərait yaradacaq".

"Vizanın ləğvi gürcüstanlıların Avropaya axınına təsir edə bilərmi" sualına cavab verən millət vəkili burada bir nəzarət mexanizminin olacağını deyib: "Müəyyən dərəcədə məskunlaşma, qalma imkanları məhdudlaşdırılacaq. Belə olmasa, onda bütün Gürcüstan əhalisi köçüb Avropada yaşamağa üstünlük verər. Bu da Avropa üçün indiki şəraitdə heç də məqbul deyil. Onsuz da miqrant axını ilə problem yaşayan bir məkanda bu, yeni problemlər ortaya çıxara bilər. Bu məsələdə nəzarət mexanizmi olacaq. Əks halda müəyyən narahatçılıq yarana bilər".

F. Mustafa Avropanın eyni addımı Türkiyəyə qarşı atmadığına da diqqət çətib: "Guya, başqa ölkələrdən gələn insanların Türkiyədən tranzit yolu kimi istifadə etməsi riskini nəzərə alırlar. Əslində, bu, Gürcüstanda da belədir. Bu həm də bir az doğma və uzaq ölkələr prinsipini ortaya qoyur. Yəni, kimə daha doğma baxırıq, kimə yad. Çünki bundan əvvəl Türkiyənin dəfələrlə bu addımın atılmasını istəməsi Avropa tərəfindən isti qarşılanmamışdı".

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında Gürcüstanın bu yolu çoxdan seçdiyini deyib: "Həm Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb, həm də vizasız gediş-gəliş üçün tələbləri yerinə yetirib. Nəhayət, Gürcüstan çoxdan istədiyinə nail olub".

Onun fikrincə, bu addım Gürcüstan iqtisadiyyatına müsbət təsir göstərəcək: "Çünki Avropa İttifaqı ilə sıx əlaqələri olan ölkələr nə qədər çox olsa, bu, ittifaqa daxil olmayan digər dövlətlər üçün də müsbət siqnaldır. Bu addım həm də Gürcüstan məhsullarının birbaşa Avropa bazarına çıxarılması, səfərlərin intensivliyinin artırılması üçün çox yaxşıdır".

Azərbaycana iqtisadi təsirlərinə gəlincə, ekspert deyib ki, Gürcüstan Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından və ümumiyyətlə, yaxşı münasibəti olan ölkələrdən biridir: "Gürcüstan Azərbaycanın Qərb yolunda bir körpüdür və bütün iqtisadi əlaqələr Gürcüstan üzərindən qurulur. Ümid edək ki, bundan sonra gürcüstanlıların Avropa İttifaqına vizasız gediş-gəliş icazəsi gələcəkdə azərbaycanlıların Gürcüstana bugünkü kimi sərbəst gediş-gəlişinə mane olmayacaq. Ola bilər ki, bir müddət sonra Avropa İttifaqı vizasız gediş-gəlişi olan ölkələrin timsalında Gürcüstana müəyyən tələblər irəli sürsün".

"Azərbaycan da assosiasiya sazişinin imzalanmasında, Aİ ilə əlaqələrin genişlənməsində daha çox maraqlı olmalıdır. Bu addımın gələcəkdə Azərbaycan iqtisadiyyatına müsbət təsirləri olacaq" — deyə o qeyd edib.

Əlaqədar

Gürcüstan azərbaycanlılarının geriyə axını başlayacaq
Gürcüstanın baş naziri Azərbaycan səfirini qəbul edib
Avroparlament Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib
Gürcü nazir: “Hər şey strateji tərəfdaşımız Azərbaycandan asılıdır”
Bu gündən etibarən gürcülər və ukraynalılar Avropaya vizasız gedəcəklər
Gürcüstan Rusiyanın münasibətləri normallaşdırmaq istəyinə müsbət baxır
38 yaşlı professor Gürcüstan parlamentinin sədri oldu
Teqlər:
Avropa Parlamenti, viza, Natiq Cəfərli, Fazil Mustafa, Gürcüstan, Azərbaycan, rejim

Əsas mövzular