QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"ATƏT münaqişənin müharibəyə çevrilməsinin qarşısını ala bilmədi"

© Photo : OSCE/Mikhail EvstafievATƏT
ATƏT - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislərin yekdil rəyi ondan ibarətdir ki, ötən 25 il ərzində ATƏT işğal faktının aradan qaldırılması istiqamətində heç bir ciddi uğura nail olmayıb.

BAKI, 31 yan — Sputnik. Azərbaycanın ATƏT-ə üzv qəbul olunmasından 25 il ötür. Bu ötən dövrdə ATƏT-ə üzvlük Azərbaycana nə verib?

© REPORTAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Asim Mollazadə

"Təəssüflə qeyd etməliyik ki, ATƏT bir sıra istiqamətlərdə üzərinə düşən missiyanı həyata keçirə bilməyib. İlk növbədə münaqişələrin həlli ilə bağlı BMT tərəfindən ATƏT-ə verilmiş mandat və yaradılmış Minsk Qrupu sadəcə olaraq münaqişənin dondurulması istiqamətində fəaliyyət göstərib".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, ATƏT öz təməl sənədlərinə, BMT qətnamələrinə və beynəlxalq hüquq normalarına tam əməl etmədiyi üçün bu münaqişənin həllində hər hansı bir nailiyyət əldə edilməyib: "Münaqişə və onun ağır nəticələri hazırda davam edir. Etnik təmizləmələrin qurbanları, hərbi cinayətlərlə bağlı ATƏT heç bir fəaliyyət göstərə bilməyib".

"Təəssüflə qeyd etməliyik ki, ATƏT digər istiqamətlərdə də bəyan edilmiş dəyərlərin bərqərar olunmasına nail ola bilməyib" — deyə millət vəkili bildirib.

Millət vəkili Elman Nəsirov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar sırasında ATƏT-in öz yeri var. Onun sözlərinə görə, ATƏT-lə əməkdaşlığın bizim üçün ən mühüm məqamı odur ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa məşğuldur.

© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan
Millət vəkili Elman Nəsirov

"Bu münaqişə onun cavabdehlik sferasındadır. 1992-ci ilin mart ayının 24-də Minsk Qrupu formalşadırıldı. Yəni, ATƏT-in Minsk Qrupu bu münaqişənin həlli missiyasını üzərinə götürüb" — deputat bildirib.

Nəsirov ümid edir ki, ATƏT-in vasitəçilik missiyası çox mürəkkəb bir münaqişənin həllinə nail ola biləcək: "Ancaq təəssüf ki, hələ bunun şahidi ola bilməmişik. Minsk Qrupunun yaranmasından artıq 25 il ötür. Fəaliyyəti dövründə münaqişənin həlli ilə bağlı onların öyünə biləcəyi bir məsələ var. Bu da odur ki, əgər ATƏT, onun Minsk Qrupu olmasaydı, bu münaqişə çoxdan irimiqyaslı müharibəyə çevrilmişdi. Yəni, münaqişənin dondurulmasını, müharibəyə çevrilməməsini özlərinin ən böyük nailiyyəti hesab edirlər".

"Lakin aprel döyüşləri göstərdi ki, bu düşüncə tərzinin özü də yanlışdır. Və öyünməyə elə də ciddi bir əsas yoxdur. İstənilən vaxt münaqişə müharibəyə çevrilə bilər. Minsk Qrupu, ümumiyyətlə ATƏT bu münaqişənin müharibəyə çevrilməsinin qarşısını ala bilmədi" — millət vəkili vurğulayıb.

Onun fikrincə, bir çox hallarda ATƏT işğalçı və işğala məruz qalan arasında bərabərlik işarəsi qoyur: "Bir çox hallarda ATƏT, münaqişənin həllinin fundamental məsələləri bir kənarda qalır, daha çox atəşkəsin pozulması, insidentlərin araşdırılması ilə bağlı mexanizmin yaradılmasından, Minsk Qrupunun müşahidəçilərinin sayının artmasından bəhs edir. Amma torpaqların işğal altında qalması və Ermənistanın bu işğala son qoymaması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirməməsi, yəni, beynəlxalq hüququn prinsiplərinə həqarətli yanaşması ilə bağlı ATƏT heç bir əməli addımlar atmır".

E. Nəsirovun sözlərinə görə, Azərbaycan ictimaiyyətində haqlı olaraq belə bir düşüncə hakimdir ki, bu münaqişəni beynəlxalq təşkilatlar, o cümlədən ATƏT həll edəsi deyil: "Cəmiyyətimiz münaqişəni özümüz həll edə biləcəyimizə əmindir. Təəssüf ki, ATƏT-in münaqişənin həlli ilə bağlı hər hansı bir irəliləyiş əldə etməsindən bəhs edə bilmirik. Bu, acı reallıqdır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Sputnik Azərbaycan-a açıqlamasında məsələni belə şərh edib: "Azərbaycan müstəqil olduqdan sonra onlarla beynəlxalq təşkilatın üzvü olub. Həmin təşkilatlar Azərbaycana nə veribsə, ATƏT də onu verib — nə az, nə çox. Azərbaycan Avropa strukturlarının fəal üzvüdür və öz mövqeyini bu təşkilatlarda diqqətə çatdırır. Çox təəssüf ki, ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsini hələ də həll etmək olmur. ATƏT-ə də diqqəti ona görə yönəltmişik ki, münaqişənin həlli ilə bu təşkilat məşğul olmalıdır. Baxmayaraq ki, BMT-nin işğal faktı ilə bağlı 4 qətnaməsi var və bu da yerinə yetirilmir. BMT-dən də çox böyük gözləntilərimiz var".

© Sputnik / Murad OrujovElxan Şahinoğlu, politoloq
Elxan Şahinoğlu, politoloq  - Sputnik Azərbaycan
Elxan Şahinoğlu, politoloq

"Amma nə ATƏT, nə də ATƏT-in təyin etdiyi həmsədrlər bu prosesi sürətləndirə bilmir. Çox təəssüf ki, işğal da davam edir. ATƏT-dən indiki səviyyədə razı qala bilmərik. Amma o başqa məsələdir ki, ATƏT bir müstəvidir, siyasi platformadır və bu çərçivədə biz öz mövqeyimizi dünya güclərinin və böyük dövlətlərin diqqətinə çatdırırıq" — politoloq bildirib.

Şahinoğlu daha sonra deyib: "Artıq bizə də dərs olub ki, 25 ildə ATƏT münaqişənin həllini sürətləndirə bilməyib və gələcəkdə bu təşkilatdan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox da böyük gözləntilərimiz olmamalıdır".

Qeyd edək ki, 25 il bundan qabaq yanvarın 30-da Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə qəbul olunub. ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olub. 1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrilib. Bu məqsədlə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda olub.

Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr aparılıb. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapıb.

Xəbər lenti
0