Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Donald Tramp bu inadından əl çəkməsə, fəlakət baş verəcək"

© REUTERS / Mike SegarDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, yeni ABŞ prezidenti İranla əldə olunan nüvə razılaşmasını pozarsa, arzuolunmaz proseslər başlayacaq

BAKI, 26 yan — Sputnik. İki il əvvəl Tehranla "altılıq ölkələri" arasında Vyanada İranın nüvə proqramına dair saziş imzalandı. Və ümid yarandı ki, İranın nüvə proqramı ətrafındakı gərginlik azalacaq. Lakin Donald Trampın ABŞ prezident seçilməsindən sonra vəziyyət yenidən gərginləşməyə doğru gedir.

Çünki respublikaçı prezident seçki kampaniyası ərəfəsində dəfələrlə bildirib ki, bu sazişin ləğvinə çalışacaq. "Bu, mənim indiyədək gördüyüm ən axmaq sazişdir. Ona görə də, əgər mən seçilsəm, bu razılaşmanı ləğv edəcəm. Bu razılığın nəticəsində İran iri neft ehtiyatlarına malik İraqa nəzarəti ələ keçirəcək" — Tramp seçki kampaniyası ərəfəsində bildirmişdi.

İranın atom energetikası naziri Əli Əkbər Salehi isə bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp nüvə sövdələşməsinə əməl etməzsə, İran öz nüvə fəaliyyətini bərpa edəcək. "Trampın birgə əhatəli fəaliyyət planına əməl etməyəcəyi təqdirdə, biz öz nüvə fəaliyyətimizi çox sürətlə bərpa etməyə hazırıq və bunu bacaracağıq. Biz nəinki əvvəlki vəziyyətə qayıda bilərik, hətta əvvəlkindən də böyük nüvə fəaliyyətinə başlamaq iqtidarındayıq" — Salehi qeyd edib.

© Photo : PUBLIC DOMAINSiyasi şərhçi Elçin Mirzəbəyli
Siyasi şərhçi Elçin Mirzəbəyli - Sputnik Azərbaycan
Siyasi şərhçi Elçin Mirzəbəyli

Hazırda bütün diqqətlər Donald Trampın üzərindədir. Sual yaranır: O həqiqətənmi verdiyi vədə əməl edərək İranla əldə olunan sazişi ləğv edəcək? Və belə olan halda rəsmi Tehranın cavabı nə olar?

Siyasi şərhçi Elçin Mirzəbəyli Sputnik Azərbaycan-a şərhində deyib ki, Tramp nüvə sazişini ləğv etsə belə, Amerika ilə İran arasında açıq qarşıdurma yaranmayacaq: "Əgər bu saziş Birləşmiş Ştatlar tərəfdən birtərəfli qaydada dayandırılsa, təbii olaraq nə iləsə əsaslandırılacaq. Çox güman ki, Amerikanın bu yanaşması İranın Suriyadakı fəaliyyətlərindən qaynaqlanır. Yaxud da, ABŞ-da İranın nüvə proqramına dair hansısa kəşfiyyat məlumatları var".

"Əgər Tramp həqiqətən sazişi ləğv etsə, regionda yeni bir qarşıdurma ocağı yaranacaq. Vaşinqtonla Tehran arasındakı ənənəvi ritorikanın davamının şahidi ola bilərik. ABŞ tərəfdən İrana qarşı sanksiyalar davam etdirilsə, bu, Tehranın mövqelərinə ciddi təsir göstərəcək. Bu, həm də neft bazarında olan vəziyyətin dəyişməsinə zəmin yarada bilər. İran böyük neft ixracatçısıdır. Yenidən ona qarşı sanksiyalar tətbiq olunsa, qara qızılın qiymətində müəyyən sıçrayışlar baş verər. Biz yaxın dövrdə maraqlı proseslərin şahidi olacağıq. Lakin bütün hallarda, bu, ABŞ-la İran arasında açıq qarşıdurmaya gətirib çıxarmayacaq" — ekspert bildirib.

Mirzəbəylinin sözlərinə görə, bir çox hallarda ABŞ və İranın yürütdüyü siyasət, hər iki ölkənin maraqlarına xidmət edib: "Tarixdə İran-Amerika münasibətlərində məqsədyönlü şəkildə yaradılan qarşıdurmanın da şahidi olmuşuq. Bir çox hallarda ziddiyyətlər nə qədər dərin olsa da, bütövlükdə hər iki ölkənin yürütdüyü siyasətin bir-birinin maraqlarına xidmət etdiyini görə bilərik".

© Sputnik / STRQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Qabil Hüseynli, politoloq

Politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli isə Trampın nüvə müqaviləsi haqda açıqlamalarını qeyri-adekvat hesab edir. "Yeni ABŞ prezidentinin çıxışına müsbət baxmıram. Çünki İranın nüvə proqramı ilə bağlı razılaşma uzunmüddətli danışıqların nəticəsində mümkün olub" — o, Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

Politoloqun fikrincə, indiki şəraitdə Tehranın nüvə proqramından əl çəkməsi bəşəriyyətin qazancı kimi qəbul edilməlidir: "Çünki, az qala yeni bir nüvə ölkəsi meydana çıxacaqdı. Özü də teokratik rejimin idarəçiliyində. Mən Donald Trampın bu sazişi ləğv edəcəyini gözləmirəm. Onu hansısa bir məsafədə durduracaqlar. Yox əgər dediyini eləməyə çalışsa, bunun nəticələri ürəkaçan olmayacaq".

"İran nüvə proqramında mühüm nəticə əldə etmişdi. Az qala finala yaxınlaşırdı. Bütün bunlar Yaxın Şərqi çox ciddi gərginlik mənbəyinə çevirmişdi. İran o dövlətlərdəndir ki, onun ballistik raketləri də var. Nüvə silahı sahəsindəki tədqiqatları çox ciddi mərhələyə daxil olub" — Hüseynli vurğulayıb.

O, hesab edir ki, Donald Trampın əsas arqumentləri arasında İranın terrorçuluğu dəstəkləməsi dursa da, bütün bunlardan daha təhlükəlisi nüvə proqramıdır: "Ona görə də, inanıram ki, Amerikada kimlərsə Trampa bu faktı başa salacaq və onu fikrindən daşındıracaq".

Xəbər lenti
0