23:36 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
1483704

Əgər fors-major hal baş verməzsə, Mərkəzi Bank mövcud məzənnəni qarşıdakı aylarda qoruyub saxlayacaq

BAKI, 12 yan — Sputnik. Bu il yanvarın 10-da Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında Fərman imzalayıb. Fərmanla ARDNF-in 2017-ci il büdcəsinin gəlirləri 8 mlrd. 370 mln. 589,8 min manat, xərcləri isə 14 mlrd. 483 mln. 856 min manat məbləğində təsdiq edilib. Beləliklə, ARDNF-nin gələn il üzrə büdcəsi 6,1 mlrd. manatlıq kəsirlə təsdiqlənib. Bu il ARDNF Mərkəzi Banka 7,5 mlrd. manatadək transfert həyata keçirəcək. Bu, makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi daşıyır.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Məsələni Sputnik-ə şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda valyuta bazarlarının tək təklifçisi olaraq dövlət çıxış edir: "Bu da Mərkəzi Bank və Dövlət Neft Fondudur. Çünki, sahibkarlıq subyektlərinin və qeyri-neft sektorunun faktiki olaraq bazarlarda iştirakçılıq həddi minimumdur. İdxalın səviyyəsi kifayət qədər məhduddur. Digər tərəfdən, azərbaycanlı miqrantlar əsasən Türkiyə, Rusiya və Ukraynada yaşayırlar ki, bu dövlətlərdə də vəziyyətin çətinləşməsi miqrantların ölkəyə göndərdikləri vəsaitin həcmini azaldır. Bu prizmadan yanaşdıqda, faktiki olaraq istənilən adı qoymasından asılı olmayaraq, valyuta bazarlarında təklifçi tərəf dövlət sayılır".

"Hökumət son transferti həyata keçirməklə Mərkəzi Bankın bazarlara yenidən qatılmasına, liberal məzənnə rejiminə keçidə qədər olan dövrdə valyuta bazarlarında stabilliyə nail olunmasına, psixoloji faktorların aradan qaldırılmasına, manat kütləsinin azaldılmasına və məzənnədə müəyyən sabitliyin təmin olunmasına cəhd göstərir. Beləliklə də, məzənnə sabitliyindən qaynaqlanan digər iqtisadi məqsədlərə (investisiya axınının, iqtisadi aktivliyin artırılması və s.) nail olunması cəhdi göstərilir" — iqtisadçı vurğulayıb.

Transfertin ölkədə dolların ucuzlaşmasına səbəb olacağı ehtimalına gəlincə, Həsənov hazırkı vəziyyətdə dolların ucuzlaşmasına ehtiyac olduğunu düşünmür: "Psixoloji təsirlər olacaq. Eyni zamanda, vətəndaşlar müvəqqəti dövrdə daha aşağı məzənnə ilə satış həyata keçirə bilər və eyni zamanda, alışı dayandıra bilər. Bu isə müəyyən qədər manatın möhkəmlənməsinə təsir göstərə bilər. Amma düşünmürəm ki, hökumətin hədəfi budur. Çünki, hazırki səviyyə daha optimaldır".

Ekspertin sözlərinə görə, 2017-ci il ərzində neftin bir barelinin qiyməti 52-60 dollar arasında olacaq: "Bu, müxtəlif maliyyə institutları tərəfindən hesablanmış orta qiymətdir. Biz də hesab edirik ki, 2017-ci ildə, təxminən 55 dollar neft üçün orta qiymət olacaq. Bu isə Neft Fondunun büdcəsinə əlavə olaraq 2,2 milyard ABŞ dollarının daxil olması və yaxud manatla ifadədə 4 milyarda yaxın əlavə vəsaitin daxil olması deməkdir. Bu da qeyd olunan 6 milyardlıq kəsirin, təxminən üçdə ikisini və yaxud 65 faizini kompensasiya edə bilər".

Vüqar Bayramov
Vüqar Bayramov

"Ola bilsin ki, neft qiymətləri daha yüksək olsun. Bu zaman, böyük ehtimalla büdcə kəsiri tamamilə bağlana bilər. Hətta 2017-ci ildə Neft Fondunun büdcəsində profisit də yarana bilər" — R. Həsənov əlavə edib.

İqtisadçı-ekspert Vüqar Bayramov isə Sputnik-ə məsələnin digər aspektinə toxunub: "Transfertin əsas səbəbi bazarda stabilliyin qorunmasıdır. 7,5 milyard manat indiki məzənnə ilə təxminən 4,2 milyard dollardan artıq vəsait deməkdir. Nəzərə alaq ki, Dövlət Neft Fondunun xərcləmələri 14 milyard 483 milyon manat olacaq. Bunun, təxminən 13,8 milyard manatı birbaşa manata çevriləcək. Digər 700 milyon manatı dollar ifadəsində ödəniləcək. O baxımdan Mərkəzi Banka transfertlər, əgər hərraclar vasitəsilə həyata keçirilsə, nəticə etibarı ilə bu, bazara ARDNF tərəfindən 7 milyard 750 milyon dollar vəsaitin daxil olmasına imkan yarada bilər".

"Bu, bazarda tarazlığa təsir göstərə biləcək rəqəmdir. Məqsəd manatın mövcud məzənnəsini qoruyub saxlamaq və növbəti mərhələdə liberal məzənnə siyasətinə keçidi təmin etməkdir" — Bayramov qeyd edib.

O, "bu transfert manatın möhkəmlənməsinə səbəb olacaqmı" sualına birmənalı cavab verməyin çətin olduğunu düşünür: "Çünki, bir tərəfdən Mərkəzi Bankın bazardakı inzibati mövqeyi qorunub saxlanır. Digər tərəfdən manata digər xarici faktorlar da təsir göstərir. Əgər fors-major hallar baş verməzsə, Neft Fondu tam olaraq ödənişlərini həyata keçirə bilərsə, o zaman Mərkəzi Bank mövcud məzənnəni ilin növbəti aylarında qoruyub saxlamaq imkanına malik olacaq".

"Bu, daha sonra isə liberal məzənnəyə keçid üçün əsas yarada bilər. Ona görə də məzənnənin necə dəyişəcəyini, inzibati metodlar çox olduğu üçün proqnozlaşdırmaq mümkün deyil. Amma hədəf manatın mövcud məzənnəsini qoruyub saxlamağa nail olmaqdır" — mütəxəssis vurğulayıb.

Əlaqədar

Sabahkı məzənnə bəlli oldu
Dolların məzənnəsi 1,78-i keçdi
Dollar alqı-satqısının qaydaları dəyişdi
Dolların real məzənnəsi bankların ixtiyarına buraxılır
Dolların qabağını aldılar
Dollar sürətini azaltdı
Sabaha manat-dollar nisbəti açıqlandı
Teqlər:
Rəşad Həsənov, ARDNF, ekspert, iqtisadçı, Vüqar Bayramov, Mərkəzi Bank, İlham Əliyev, prezident, manat, dollar

Əsas mövzular