04:19 24 Oktyabr 2017
Canlı yayım
Kipr üzrə danışıqların aparıldığı bina – BMT-nin Jenevadakı mənzil-qərargahı

Yarım əsrlik münaqişənin həllində yeni dönəm

© REUTERS/ Denis Balibouse
TƏHLİL
Qısa URL
36810

Gündəmə gələn yeni varianta əsasən, türklər yaşayan ərazilərə geniş muxtariyyət veriləcək. Dövlət isə vahid mərkəzdən idarə olunacaq.

BAKI, 12 yan — Sputnik. BMT-nin İsveçrədəki Cenevrə Ofisində Kipr probleminin həlli ilə bağlı danışıqların növbəti mərhələsi başlayıb. BMT-nin nəzarəti altında davam etdirilən müzakirələrdə türk və yunan kiprlərinin liderləri Mustafa Akıncı və Nikos Anastasiadis iştirak edir. Tərəflər torpaq məsələsi ilə bağlı artıq öz xəritələrini BMT-nin Kipr üzrə xüsusi nümayəndəsi Espen Barfa təqdim ediblər. Sözügedən xəritənin BMT-nin xüsusi kassasında saxlanılacağı açıqlanıb.

Siyasi şərhçi Güngör Gökdağ
© Foto: Güngör Gökdağ şəxsi arxivindən
Siyasi şərhçi Güngör Gökdağ

Sputnik-in diplomatik qaynaqlara istinadən yaydığı məlumata görə, Şimali Kiprin lideri Mustafa Akıncı və Kipr prezidenti Nikos Anastasiadisin təqdim etdiyi xəritəni, yalnız 5 adam görə biləcək. BMT-nin Cenevrə ofisində başlayan müzakirələrdə mühüm məsələlər masaya yatırılıb.

Mövzunu Sputnik-ə şərh edən türkiyəli politoloq Güngör Gökdağ, Cenevrədəki müzakirələrdən yekun nəticə gözləmədiyini deyib: "Mən Cenevrədəki görüşdən müsbət nəticə çıxacağını gözləmirəm. Çünki bundan əvvəl də Türkiyənin lehinə olan hansısa müsbət nəticəni görmədik. Bu vəziyyət nə Rauf Denktaş zamanında, nə də sonrakı liderlərin hakimiyyəti dövründə dəyişdi. Türkiyə Avropa İttifaqının tələb elədiyi demokratik standartların hamısını yerinə yetirməsinə rəğmən, Kipr məsələsində İttifaq heç vaxt Ankaranın yanında durmadı. Demokratikləşmə, insan haqları və azadlıqlar mövzusunda Türkiyə üzərinə düşən hər şeyi etdi, lakin qarşılığını ala bilmədi".

"Halbuki bu gün çox rahat deyə bilərik ki, Türkiyə bölgəsində və dünyada ən demokratik ölkələrdən biridir. Öz bölgəsində isə bu sahədə lider ölkədir. Təbii ki, buna Avropa İttifaqının töhfəsi çox böyükdür. Bunu dana bilmərik. Ancaq Kipr məsələsi hər iki tərəf üçün də çox həssasdır. Bu məsələ Türkiyənin milli təhlükəsizliyi üçün olduqca önəmlidir. Qarşı tərəfdə isə Avropa İttifaqının ərköyün uşağı olan yunanlar var. Onlar nə etsələr də, Avropa həmişə onlara dəstək verir. Avropa öz mədəniyyətini yunanlardan aldığı üçün hər zaman Yunanıstanın arxasında duracaq" — Gökdağ bildirib.

Politoloq İlqar Vəlizadə isə hesab edir ki, Kipr məsələsinin həllində bir neçə vacib məqam var. "Artıq Cənubi Kipr tərəfi də problemin həlli ilə bağlı Türkiyənin mövqeyinə yaxınlaşmaq üzrədir. Çünki artıq vahid Kiprdən söhbət gedə bilməz" — o, Sputnik-ə açıqlamasında deyib.

Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orujov
Politoloq İlqar Vəlizadə

Politoloqun sözlərinə görə, Kofi Annan planına yunanlar müsbət yanaşmadılar, çünki orada konfederasiyadan bəhs olunurdu: "Yəni iki ayrı icma, iki ayrı quruluş bir dövlət yaradacaqdı. Buna türk tərəfi razı olsa da, yunanlar razı olmadılar. İndi isə Federasiya modeli gündəmə gəlib. Bu nə deməkdir? Bu o deməkdir ki, türklər yaşayan ərazilərə geniş muxtariyyət veriləcək. Dövlət isə vahid mərkəzdən idarə olunacaq. Həmçinin, dövlət idarəçiliyində türklər də təmsil olunacaqlar. Artıq yunanlar bu plana nisbətən yumşaq yanaşırlar".

Bununla belə İ. Vəlizadə bəzi vacib məsələlərin həllini gözlədiyini bildirib: "Birinci əsas məsələ türklər və yunanlar üçün hansı ölçüdə torpaqların ayrılacağıdır. Bu, masadakı əsas müzakirə predmetidir. İkinci məsələ paytaxt Lefkoşanın taleyidir. Əgər federativ quruluş qəbul edilsə, bu şəhərin statusu necə olacaq? Çünki həm yunanlar, həm də türklər Lefkoşanı özləri üçün paytaxt hesab edirlər".

"Üçüncü ciddi məsələ, türk əhalisinin sayı məsələsidir. Yunan tərəfi istəyir ki, 1974-cü il müharibəsindən sonra Türkiyədən adaya gələnlər geri qayıtsınlar. Və əhali sayı ona görə hesablansın. Bu sadalananlar həll olunacaq, ya yox? Danışıqların yekununda bunu öyrənmiş olacağıq" — siyasi şərhçi qeyd edib.

Əlaqədar

Kiprdə tarixi görüş keçirilib
Kipr probleminin həllində sona az qalıb?
Sergey Lavrov Kiprdə Türkiyədən danışdı
Kiprin müsəlman və xristian din adamları sülh istəyirlər
Teqlər:
Güngör Gökdağ, Cenevrə, yunan, İlqar Vəlizadə, lider, Kipr, BMT, politoloq, müzakirə, türk

Əsas mövzular