22:11 25 May 2017
Canlı yayım
Ərdoğan və Obama

"Bu dövlətin əlinin girdiyi bütün ölkələrdə bomba partlayır"

© timesofisrael
TƏHLİL
Qısa URL
32410

Politoloq: "Artıq Türkiyə ilə ABŞ arasındakı bütün iplər qopub"

BAKI, 4 yan — Sputnik. Suriya ilə bağlı yürüdülən fərqli siyasət üzündən artıq neçə ildir ki, Amerika ilə Türkiyə arasında soyuq ruzigarların əsdiyi bəllidir. Lakin NATO-nun iki mühüm dövləti arasında münasibətlər gün keçdikcə daha da korlanır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
© Foto: AA/Murat Chetinmuhurdar

Rəsmi Ankara, ABŞ-ın PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-PYD-yə silah verdiyini dəfələrlə bəyan etsə də, ABŞ hər dəfəsində bunu təkzib edir. Ağ Ev kürd separatçılara, sadəcə hərbi ləvazimatlar göndərdiyini, bu yardımı İŞİD-dən qoruna bilmələri üçün onlara verdiyini iddia edir.

ABŞ-dan verilən bu açıqlamalar isə türk rəsmiləri heç cür qane etmir. Son olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda keçirilən konfransdakı çıxışında Vaşinqtonun ünvanına sərt ifadələr səsləndirib: "Qərb dövlətlərini ayrı-seçkilik etməməyə çağırırıq. Amerika başda olmaqla, Qərb ölkələri günahsız insanların qatillərinə dəstək verir. Bizdən media vasitəsilə onlara sataşmamağımızı istəyirlər. Bəs, bunları harada danışacağıq? İkitərəfli görüşlərimizdə sizə açıq söyləmişik. Siz terror qruplaşmalarına yardım edirsiniz. Bizim də təhlükəsizlik orqanlarımız var. Terrorçularda hansı silah və sursatın olduğunu sizin qədər yaxşı bilirik".

"Biz NATO-da sizinlə birlikdəyik, ancaq siz dəstəyi bizə yox, separatçı terror qruplaşmalarına verirsiniz. Terrorçu kimi tanıdığınız qruplaşmaları necə dəstəkləyirsiniz? Bizim bunu qəbul və həzm etməyimiz mümkün deyil. Əgər strateji ortağıqsa, onların deyil, bizim yanımızda yer almalısınız. Bundan fərqli ifadələri bizdən gözləməyin. Siyasət apararkən xalqınızın sizdən bir şeylər tələb etdiyini deyirsiniz. Bizim də xalqımız var və onlar da bizdən nə isə gözləyir", — Ərdoğan bəyan edib.

ABŞ-la Türkiyə arasındakı gərgin münasibətləri Sputnik-ə dəyərləndirən türkiyəli politoloq Güngör Gökdağ, Amerikanın Türkiyəni artıq "gözdən çıxardığını" söyləyib: "Türkiyə Amerikanın müttəfiqi olan bir ölkədir. Və yaxın zamana qədər bu, belə davam etdi. Fəqət, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin mənfəətini ilk sırada düşündüyü üçün, bu adamla əməkdaşlıq etmək istəmirlər. Dolayısı ilə Ərdoğanı fərqli çevriliş planları ilə devirməyə çalışdılar. İlk olaraq Gəzi parkı hadisələri ilə bu prosesə start verdilər, daha sonra Fətullahçı hakimlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının əli ilə, "rüşvət əməliyyatı" başlatmağa çalışdılar. İqtisadiyyatı çökdürmək üçün bir neçə ildir əllərindən gələni edirlər. Və son olaraq daxildən hərbi çevriliş yolu ilə Ərdoğanı hakimiyyətdən salmaq istədilər".

Siyasi şərhçi Güngör Gökdağ
© Foto: Güngör Gökdağ şəxsi arxivindən
Siyasi şərhçi Güngör Gökdağ

"Bunların heç birinə müvəffəq ola bilmədilər. Və bu gün nəticə etibarı ilə Amerika Türkiyəni gözdən çıxarmış vəziyyətdədir. Zənnimcə, iplər artıq tamamilə qopub. Bundan sonra bu gedişatın sonunun nə olacağını söyləmək çox çətindir", — politoloq bildirib.

Gökdağ ABŞ-ın Yaxın Şərqdəki varlığının çox ciddi problem yaratdığını qeyd edib: "Bu dövlətin girmiş olduğu bütün bölgələrdə bombalar partlayır, insanlar canlarına qıyırlar, terror təşkilatları daha da güclənir. Tək Suriya və İraqda yox, anoloji problem Liviyada da yaşanır. Amerikanın müdaxiləsindən sonra liviyalılar bir-birilərini öldürməyə davam edirlər. Ancaq nəyə görə, kimə görə öldürdüklərini belə, bilmirlər. Öldürən də "Allahu-Əkbər" deyir, ölən də. Amerika İraqa girmədən öncə orada Səddam Hüseyn var idi. Mən Səddamın yaxşı lider olduğunu, demokratiyaya bağlı rəhbər olduğunu iddia etmirəm. Amma onun dövründə ölkədə birlik var idi. Nə vaxt ki, ABŞ ora müdaxilə etdi, ölkə bölünüb parçalandı. 2003-cü ildən bu yana orada hələ də bombalar susmayıb".

"Amerikanın Suriyada nə işi olduğunu anlamaq hələ də mümkün deyil. Suriyada da eyni vəziyyətdir. Amerikanın bu ölkədə nə işi olduğunu biz hələ də anlamış deyilik. Heç kim o dövləti orada görmək istəmədiyi halda, ABŞ bölgəyə demokratiyanı gətirəcəyini iddia edərək, nizam yaradacağını söyləyir. Ancaq görürük ki, Suriya da bölünüb parçalanmış vəziyyətdədir. Hazırda Suriya beynəlxalq güclərin rəqabət apardığı ərazi mövqeyindədir. Bütün söz sahibi dövlətlər orada öz gücünü göstərir. Fərqli ittifaqlar qurulur", — ekspert vurğulayıb.

Güngör Gökdağa görə, Amerika Birləşmiş Ştatlarının əsas məqsədi "Böyük Yaxın Şərq" layihəsini reallaşdırmaqdır: "Amerikanın illərdir həyata keçirməyə çalışdığı "Böyük Yaxın Şərq" layihəsi var. Həmin layihəyə görə, Türkiyə, İran, Suriya, İraq və hətta Səudiyyə Ərəbistanı bölünüb parçalanmalıdır. Türkiyə hazırda müsəlmanların böyük qardaşı rolunu oynayır. Əgər ölkə bölünüb parçalansa, bütün İslam dünyası parçalanacaq. Və bütün müsəlman dövlətlər Suriya kimi olacaq. Bu, Amerikanın planıdır. Lakin unutmaq olmaz ki, bizlərin bilmədiyi ilahi bir plan da var. Yəni "Amerikanın planı mütləq baş tutacaq" deyə bir anlayış doğru deyil".

Politoloq Fikrət Sadıxov
© Sputnik / Murad Orujov
Politoloq Fikrət Sadıxov

Mövzunu Sputnik-ə politoloq Fikrət Sadıxov da şərh edib: "ABŞ — Türkiyə əlaqələrinin gərginləşməsinə səbəb Vaşinqtonun Ankaraya olan münasibətidir. Bu iki dövlət arasında münasibətlərin gərginləşməsinin əsas səbəbi ABŞ-ın son dövrdə Türkiyəyə olan xoşagəlməz münasibətidir. Faktiki olaraq, Ankaranın maraqları tapdalanır. Nəzərə alınmır. Suriya və İraqda biz bunu görürük".

"Türkiyənin daxilindəki proseslərdə də artıq Amerikanın barmağı olduğu aydınlaşmağa başlayır. 15 iyul hərbi çevrilişə cəhddə təqsirli bilinən Fətullah Gülən Türkiyəyə verilmir. Bu da türk rəsmiləri qıcıqlandırır. Ümumilikdə götürəndə, son illərdə Vaşinqton və Ankaranın bölgədəki maraqları üst-üstə düşmür", — siyasi şərhçi qeyd edib.

Fikrət Sadıxov, Ərdoğan hakimiyyətinin türk ordusunda apardığı təmizlik işlərinin də ABŞ-ı qıcıqlandırdığını deyib: "Türk ordusundakı təmizlənmə işləri ABŞ-ı narahat edir. Çünki vəzifədən kənarlaşdırılan zabitlərin çoxu Amerikada ali məktəblərdə oxuyub, Türkiyədə yüksək hərbi vəzifələrdə oturmuşdular. Bu, amerikalıların maraqlarına uyğun idi. İndi isə həmin hərbçilərin Fətullah Gülənə yaxınlığı şübhəsi ilə vəzifələrindən kənarlaşdırılması Ağ Evi narahat edir".

Əlaqədar

ABŞ-dan maraqlı açıqlama: "Türkiyəni itirdik"
"ABŞ imkan verməz ki, Rusiya-Türkiyə-İran üçlüyü onun planını pozsun"
Türkiyəli siyasətçi: "ABŞ bizi təhdid edir"
ABŞ Türkiyədəki bütün diplomatik nümayəndəliklərini bağladı
Türkiyə ABŞ-dakı vətəndaşlarına xəbərdarlıq etdi
Ankara merindən sensasiyalı açıqlama: ABŞ və İsrail Türkiyəni yox etməyə hazırlaşır
ABŞ Türkiyəni Mosul əməliyyatına cəlb etmək istəyir
Elman Nəsirov: Türkiyə artıq ABŞ-ın davranışına adekvat reaksiya verməkdədir
Teqlər:
ölkə, Ərdoğan, NATO, Suriya, Ankara, Amerika, Vaşinqton, Türkiyə, ABŞ, terror

Əsas mövzular