22:06 25 May 2017
Canlı yayım
Suriya

"ABŞ imkan verməz ki, Rusiya-Türkiyə-İran üçlüyü onun planını pozsun"

© REUTERS/ Rodi Said
TƏHLİL
Qısa URL
869 0 0

Suriyada müharibənin hələ uzun zaman davam edəcəyinə dair Vaşinqtondan gələn açıqlama regionda əlavə narahatlıqlar yaradıb

BAKI, 27 dek — Sputnik. Rusiya-Türkiyə-İran üçlüyünün birgə fəaliyyəti nəticəsində, Suriyanın əksər bölgələrində atəşkəs rejimi davam edir. Son olaraq Hələb şəhərində müharibənin dayanması bu ölkədə sülhün bərqərar olması ümidlərini də artırıb. Lakin ABŞ-dan gələn son açıqlamalar Suriyada müharibənin bitəcəyi gözləntilərini şübhə altında qoyub.

ABŞ Dövlət Departamenti
© AFP / Paul J. Richards

Belə ki, bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib ki, hazırkı atəşkəs Suriyada müharibənin sona çatdığı anlamına gəlmir: "Suriyanın Hələb şəhərində döyüşlərin bitməsi, bu ölkədə müharibənin başa çatdığı anlamına gəlmir. Radikal qrupların Suriya ilə əlaqəsi olduğu kimi qalacaq. Hər halda qaçqınların sayı da artacaq".

Amerikadan edilən və diqqət çəkən bu bəyanatı Sputnik-ə dəyərləndirən politoloq Zərdüşt Əlizadənin fikrincə, ABŞ heç vaxt imkan verməz ki, hansısa Rusiya-Türkiyə-İran üçlüyü onun uzunmüddətli məqsədlərinin reallaşmasına mane olsun: "Amerikanın məqsədi göz qabağındadır. Əgər Vaşinqton deyirsə ki, "atəşkəs uzunmüddətli deyil, bu, təkcə yeni il, milad bayramı ilə bağlıdır və müharibə sonra davam edəcək", deməli bu, Amerikanın niyyətinin nə olduğunu göstərir".

"Həm özü, həm də ondan asılı olan Səudiyyə Ərəbistanı, Qətər və s. ərəb dövlətləri ilə birgə müxaliflərə maliyyə, hərbi və siyasi dəstək verərək müharibəni davam etdirəcək. Amerika müharibənin davamı üçün əlindən gələn hər şeyi etməyə hazırdır. Son ərəb dollarına, son ərəb mücahidinə qədər savaşa dəstək verəcək", — Əlizadə bildirib.

Politoloq Elxan Şahinoğlu isə, hazırki ABŞ administrasiyasının verdiyi bəyanatlara ciddi yanaşmır. "Hazırda ABŞ rəsmiləri tərəfindən verilən açıqlamaları o qədər də ciddiyə almamaq lazımdır. Çünki indiki administrasiyanın vaxtına 1 aydan da az vaxt qalıb. Donald Tramp yanvarın 20-dəki andiçmədən sonra öz administrasiyasına istədiyi kadrları yerləşdirə biləcək. Və bu kadrlar Barak Obamanın komandasından fərqli siyasət yürüdəcək", — siyasi şərhçi Sputnik-ə açıqlamasında bildirib.

"O da faktdır ki, Obama Trampa problemlər yaratmaqla məşğuldur. Məsələn, Tramp beynəlxalq terrorçuluqla mübarizədə Rusiya ilə birgə çalışma hədəfini qarşısına qoyarkən, Obama administrasiyası Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirir. Və bu, yeni prezident Trampın işini çətinləşdirir. Çünki hakimiyyətə gələndən sonra bu sanksiyaları yumşaltmaq çətin olacaq. Suriya ilə bağlı nələrin baş verəcəyini bilmək üçün ABŞ-ın yeni administrasiyasını gözləmək lazımdır" — Şahinoğlu vurğulayıb.

Bununla belə, politoloq qeyd edib ki, Suriyada İŞİD hələ güclüdür və ola bilsin ki, spiker Con Kirbi bu faktoru nəzərdə tutduğu üçün "Suriyada savaş hələ bitməyib" deyib: "Ortada İŞİD terroru var. Unutmaq olmaz ki, İŞİD hələ zəif deyil. Bu terror təşkilatından istənilən zərbəni gözləmək olar. Ola bilsin, amerikanlar İŞİD-i nəzərdə tutduqları üçün müharibənin hələ sona çatmadığını deyirlər".

Əlaqədar

Suriyada şəhid olan türk əsgərinin sayı 16-ya çatıb
Suriya böhranına dair ortaq bəyannamə qəbul edildi
"Suriya zirvəsi"nin vaxtı dəyişdi
Ankara Rusiya ilə Suriya müxalifəti arasında vasitəçilik edir
Rusiyalı deputatdan mühüm açıqlama: "İraq və Suriyanın şimalı türk torpaqlarıdır"
Teqlər:
müharibə, ərəb, Con Kirbi, Suriya, ABŞ, İran, Türkiyə, Rusiya

Əsas mövzular