04:02 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
2713 0 0

Ekspertlər ölkədəki mövcud sosial-iqtisadi vəziyyəti və gələn ildən gözləntiləri müzakirə ediblər

BAKI, 15 dek — Sputnik. "Bu gün Azərbaycanda iqtisadi vəziyyət, insanların birbaşa sosial vəziyyətinə təsir göstərdiyi üçün çox aktualdır. 2014-cü ilin payızından başlayaraq neftin qiyməti düşməyə başladı və bu, Azərbaycanın makroiqtisadi sabitliyinə çox ciddi problemlər yaratdı. Bunun nəticəsi olaraq, 2015-ci ildə manat iki dəfə devalvasiyaya uğradı və dəyərini dollara münasibətdə iki dəfə itirdi. 2016-cı ildə isə 2015-ci ildə başlayan proseslərin davamı oldu".

Bu gün, Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Başa çatmaqda olan ildə iqtisadi problemlər və onların həlli yolları" mövzusunda keçirilən "dəyirmi masa"da, iqtisadçı-ekspert Samir Əliyev belə deyib. Onun sözlərinə görə, 2016-cı ildə biz, atılmış addımların nəticələrini görməyə başladıq.

"Nəticə ondan ibarət oldu ki, ölkədə fəaliyyət göstərən bankların 30 faizi bağlandı. Bankların sayı 45-dən 32-yə düşdü və yenə də bu gün bağlanmaq riski ilə üzləşən banklar var. Bundan başqa, hökumət 2015-ci ildə banklara dəstək olmaq və insanlarda bank sektoruna inamın artırılması məqsədilə bir sıra addımlar atdı ki, bunlardan da ən əsası əmanətlərin sığortalanması sistemi ilə bağlı oldu. Lakin devalvasiya nəticəsində məlum oldu ki, bu mövcud sistem dollar əmanətçiləri üçün sərf etmir. Oxşar proses kreditlərdə də baş verdi", — S. Əliyev bildirib.

Onun sözlərinə görə, nəticədə ölkə iqtisadiyyatı kiçilməyə başladı: "ÜDM hər 3 rübdə azaldı. Bundan başqa, inflyasiya səviyyəsinin iki rəqəmli olması əhalinin real gəlirlərinin də azalmasına səbəb oldu. Ölkə iqtisadiyyatı kiçilməyə başladı — dövlət büdcəsi, təxminən 2011-ci il səviyyəsinə qədər düşdü və gəlirlərə adekvat olaraq xərclərin azalması müşahidə olundu".

"Kommunal xərclərin qalxması gözlənilən idi, çünki 2016-cı ilin dövlət büdcəsi müzakirə olunanda, kommunal sektorda qiymətlərin maya dəyərinə uyğunlaşdırılacağı fikri açıqlanmışdı. Kommunal sektora dövlət büdcəsindən investisiyalar azaldıqca, biz xidmətlərin qiymətinin artmasını gözləyəcəyik. Böyük ehtimal ilə, qiymət artımı digər sektorlarda da baş verəcək. Mənim gözləntim nəqliyyat sektorunda və yanacağın qiymətində artım olacağı ilə bağlıdır", — ekspert əlavə edib.

İqtisadçı-ekspert Ruslan Atakişiyevin sözlərinə görə isə, Azərbaycanda bank sektoru ilə yanaşı, qiymətli kağızlar bazarı da inkişaf etdirilməlidir: "Bir sıra sahələrdə islahatların daha da sürətlənməsinə ehtiyac var. Bu gün iqtisadiyyata investisiya qoyuluşunun həcmi 15 milyarddan bir az çoxdur ki, bunun da 1 milyard 300 milyonunu problemli kreditlər təşkil edir".

© Sputnik / Kamilla Əliyeva
İqtisadiyyat çətin dövrlərini yaşayır

Ekspert bir daha xatırladıb ki, manatın məzənnəsi dünyada Azərbaycan neftinin satılması ilə bağlıdır. "Bu gün alternativ yollarla, yəni qeyri-neft sektorunun hesabına manatın məzənnəsinin güclənməsi istiqamətində işlər aparılmalıdır. Bu il verilən qərarların bir hissəsi də buna yönəlib".

İqtisadçı-ekspert Fuad Əlizadə isə, Azərbaycan iqtisadiyyatında kiçilmənin ilk dəfə baş verdiyini bildirib: "Son 20 il ərzində Azərbaycanda ilk dəfədir ki, iqtisadiyyatda, təxminən 4 faizlik qısalma baş verir. İkirəqəmli inflyasiya da Azərbaycanda ilk dəfə müşahidə olunur. Çox güman ki, bu rəqəm 12 faiz təşkil edəcək".

"2016-cı ilin Azərbaycan üçün çətin keçdiyini deyə bilərik, lakin müəyyən nailiyyətlər də əldə olunub. Azərbaycanın əsas problemi odur ki, ölkəyə çox az vəsait gəlməyə başladı. Bu, obyektiv səbəblərlə bağlı idi", — Əlizadə qeyd edib.

Bununla belə, onun sözlərinə görə, ölkə özünün valyuta ehtiyatlarını saxlaya bildi: "Və ilin yekununa görə, onları artırdıq da. İlk növbədə, söhbət Dövlət Neft Fondunun vəsaitlərindən gedir. Ən böyük addımlar isə Azərbaycanın qeyri-neft sektoruna aid məhsulların ixracı sahəsində atılıb. Belə ki, pambıq istehsalı iki dəfə artıb, tütün istehsalı da artıb, ipəkçilik isə inkişaf edir".

Əlaqədar

Ekspert: 20%-lik xarici borc Azərbaycan iqtisadiyyatı üçün çox yüksəkdir
BVF-in Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozu şübhələrə yol açır
Vahid Əhmədov: BVF Azərbaycan iqtisadiyyatı haqda fikrini dəyişib
"Neft böhranı" iqtisadi deyil, siyasi amillərlə bağlıdır
Xarici şirkətlərin Azərbaycanı tərk etməsi iqtisadi böhranı dərinləşdirə bilər
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı
Teqlər:
Ruslan Atakişiyev, iqtisadi vəziyyət, Fuad Əlizadə, məzənnə, Samir Əliyev, sosial, Azərbaycan, bank, manat, dollar, iqtisadiyyat

Əsas mövzular