QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İşğal altındakı torpaqlarımızın geri qaytarılması reallaşır

© Sputnik / Alexey Drujinin / Mediabanka keçidPutin, Ərdoğan və Əliyev
Putin, Ərdoğan və Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərə görə, Rusiya-Türkiyə-Azərbaycan müttəfiqliyi regionda yeni situasiya yaradacaq

BAKI, 13 okt — Sputnik. "Bir çox siyasətçilər, ekspertlər öz yazılarında, açıqlamalarında Rusiya, Türkiyə və Azərbaycanın yaxınlaşmasının Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcəyinə işarə vururlar, bu haqda nikbin fikirlər söyləyirlər. Bu 3 dövlətin münasibətlərinin daha yüksək səviyyədə qurulması və "Üçlük" deyilən bir ittifaqın yaradılması Rusiya və Türkiyənin olduğu kimi, Azərbaycanın da maraqlarına tamamilə uyğundur".

© Photo : TRENDFəzail Ağamalı, millət vəkili
Fəzail Ağamalı, millət vəkili  - Sputnik Azərbaycan
Fəzail Ağamalı, millət vəkili

Bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Sputnik-ə açıqlamasında deyib. "Bu, regionda əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında, müxtəlif təhdidlərin aradan qalxmasında, iqtisadi və s. əlaqələrin yüksək templə inkişafında mühüm rol oynaya bilər", — o bildirib.

Millət vəkili Azərbaycanın müstəqil siyasət yeridən, heç bir ölkədən asılılığı olmayan dövlət olduğunu qeyd edib: "Azərbaycan kimsənin təsiri altında olmadığı müddətdə Qarabağ probleminin ədalətsiz həllinə imkan verməyəcək. Prezidentimizin siyasəti tamamilə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına, müstəqil siyasətimizin həyata keçirilməsinə hədəflənən bir siyasətdir. Bu baxımdan biz münasibətlərin bundan sonra da inkişafında maraqlı olmalıyıq. Çalışmalıyıq ki, Rusiya ilə münasibətlərimiz yaxşı olsun. Ki, Azərbaycan ordusu Ali Baş Komandanın tapşırığı ilə işğal olunmuş torpaqlarımızı azad etmək əmrini alanda, Rusiya ən azı 1 həftə — 10 gün müdaxilə etməsin".

Politoloq İlqar Vəlizadə də o qənaətdədir ki, sözügedən 3 ölkənin yaxınlaşması, münasibətlərinin sıxlaşması regionda mövcud olan bütün problemlərin, o cümlədən Qarabağ probleminin həllinə təsirsiz qalmayacaq. "Çünki, regionda müxtəlif irimiqyaslı layihələr həyata keçirilmək üzrədir. Bunların həyata keçirilməsi həm iqtisadi, həm siyasi mühitin formalaşmasından bilavasitə asılıdır", — o, Sputnik-ə açıqlamasında bildirib.

Ekspertin fikrincə, hazırda regiondakı vəziyyət Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli formatda hər hansı bir irimiqyaslı, davamlı layihələrin keçirilməsinə geniş imkanlar yaratmır: "Çünki, Qarabağ problemi regionda ticari və nəqliyyat əlaqələrini blokadada saxlayır. Nəticədə bir sıra layihələr təxirə salınır. Məsələn, "Akkuyu" Atom Elektrik Stansiyası layihəsi. Bu, irimiqyaslı layihədir. Stansiya üçün müəyyən hissələr, texniki komponentlər Türkiyəyə nəql olunmalıdır. Bu nəql prosesi çox mürəkkəb bir məsələdir. Təcrübə göstərir ki, bunları nəql etmək üçün təkcə gəmilərdən, təyyarələrdən istifadə etmək kifayət etmir. Bunlar maliyyə baxımından sərf etmir. Rusiya Türkiyəyə Gürcüstan vasitəsilə də çıxa bilər, amma Rusiya-Gürcüstan münasibətləri də ürəkaçan deyil, çətinliklər var. Konfliktin əngəl yaratmasına bu, bir nümunədir".

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə  - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

"Belə vəziyyətdə Rusiya maraqlıdır ki, münaqişəni bu və ya digər şəkildə həll etsin. Heç olmazsa, qismən. Yəni, Ermənistan blokadadan çıxsın və Azərbaycana müəyyən rayonları qaytarsın. Amma Ermənistan bunu istəmir", — politoloq vurğulayıb.

O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun son açıqlamasında da toxunub: "Bu çıxış onu göstərir ki, tərəflər Dağlıq Qarabağ problemini konkret şəkildə müzakirə edirlər".

Qeyd edək ki, M. Çavuşoğlu AŞPA-da çıxışında, millət vəkili Qənirə Paşayevanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualına cavab olaraq deyib: "Bu gün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından, ən azından 5 rayondan çəkilməsi məsələsi gündəmdədir. Rusiya bununla bağlı öz mövqeyini bizimlə bölüşdü və biz də dəstəklədik. Əgər bu, baş tutarsa, Azərbaycanın qəbul etdiyi hər növ həll yolunu biz də dəstəkləyəcəyik".

Xəbər lenti
0