Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Bundan sonra baş verəcəklərə görə ABŞ məsuliyyət daşıyacaq"

© Photo : AA/ Kayhan ÖzerBarak Obama və Rəcəb Tayyip Ərdoğan
Barak Obama və Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər günü-gündən gərginləşən Ankara-Vaşinqton münasibətlərinin siyasi böhran həddinə çatacağını düşünürlər

BAKI, 12 okt — Sputnik. "ABŞ və Türkiyə strateji müttəfiq dövlətlərdir. Ən azından NATO üzrə müttəfiqdirlər. Lakin, son dövrlər bu iki müttəfiq dövlətin münasibətlərində ciddi bir soyuqluq elementləri özünü göstərməkdədir. Hələ ki bunu elementlər hesab etmək olar".

© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan
Millət vəkili Elman Nəsirov

Bunu millət vəkili, politoloq Elman Nəsirov Sputnik-ə açıqlamasında deyib. "Son zamanlar ABŞ öz müttəfiqi Türkiyə ilə davranışında elə addımlar, jestlər edir ki, artıq bu, müttəfiqlik münasibətlərinin özünə kölgə salan cəhətlərdir", — deputat bildirib.

O, xüsusilə indiki halda ABŞ-ın PKK-nın Suriya qanadı olan qüvvələri dəstəkləməsini düzgün hesab etmir: "Arqument gətirirlər ki, həmin qüvvələr İŞİD-ə qarşı döyüşürlər. Amma eyni zamanda, həmin qüvvələr PKK-nın tərkib hissəsidir. PKK-nın özü ABŞ-da məhz terrorçu təşkilat kimi tanınıb. Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısında yer alıb. Belə olan vəziyyətdə doğrudanmı ABŞ İŞİD-ə qarşı mübarizə prosesində, yəni bir terror təşkilatına mübarizə prosesində digər bir terror təşkilatına mənsub olan bir qolu, qrupu müdafiə edir? Yəni, doğrudanmı "düşmənimin düşməni mənim dostumdur" prinsipi ilə çıxış edir? Bu, anlaşılmaz məqamdır. Rəsmi Ankara heç bir halda ABŞ-ın bu davranışını qəbul edə bilmir".

E. Nəsirovun fikrincə, İraqdakı Türkiyə silahlı qüvvələrinin orada fəaliyyət göstərən beynəlxalq koalisiyanın tərkib hissəsi sayılmaması da Ankara-Vaşinqton münasibətlərinin anlaşılmaz məqamlarından biri kimi qiymətləndirilə bilər: "Türkiyə də artıq ABŞ-ın bu davranışına adekvat reaksiya verməkdədir. Xüsusilə də son zamanlar Rusiya ilə Türkiyənin münasibətlərinin istiləşməsi bu baxımdan təsadüfi sayılmamalıdır. Məhz Suriya konfliktinə münasibətdə ABŞ və Rusiyanın mövqeləri 180 dərəcə fərqli olduğu təqdirdə, Türkiyə artıq bu məsələlərdə daha "Bəşər Əsəd hakimiyyətdən getsin" kimi israrlı tələblərini hallandırmır".

"Faktiki olaraq bu gün həm Türkiyə, həm də Rusiya Qərbə müxalifət mövqeyində dayanıb. Hesab edirəm ki, daha çox Qərbin davranışı bu vəziyyəti şərtləndirib. Ona görə də Türkiyəyə qarşı belə addımlar, nəticə etibarı ilə Türkiyənin, məhz vəziyyətin diqtəsi altında bir sıra gedişlər etməsini şərtləndirir. Həmin gedişlər ilk növbədə Rusiya vektorunun güclənməsinə gətirib çıxardır", — millət vəkili vurğulayıb.

© Sputnik / STRQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Qabil Hüseynli, politoloq

Onun qənaətincə, hadisələrin bundan sonrakı axarına, gedişatına görə də məsuliyyət daha çox ABŞ və onun müttəfiqlərinin üzərinə düşəcək: "Çünki, müttəfiqlərinin bir-biri ilə davranışı başqa cür olur. Ona görə də Türkiyənin indiki vəziyyətdə atdığı addımlar anlaşılandır. Münasibətlərin gərginləşməsinə görə rəsmi Ankara haqlı olaraq qarşı tərəfi günahlandırır".

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Türkiyənin Suriya siyasəti anlaşılmaz məcraya yönəlib. "Çünki, əvvəl başqa mövqe tuturdu və o mövqedə ABŞ ilə ittifaq ön planda idi. İndi isə bir başqa mövqe tutmağa başlayıb. Vaşinqton istəyir ki, Türkiyə Rusiyanın sözü ilə oturub-durmasın və Vaşinqtonla səmimi əməkdaşlıq həyata keçirsin. Demirəm ki, Türkiyə qeyri-səmimi hərəkətlər edir, amma hər halda ABŞ-a belə görünür ki, onun Rusiya ilə yaxınlaşması Suriyada şübhəli əlaqələrə yol aça bilər", — o, Sputnik-ə açıqlamasında deyib..

Siyasi şərhçi Türkiyənin ABŞ və NATO ilə münasibətlərinin korlanmamalı olduğu qənaətindədir: "Bu, həssas məsələdir. Eyni zamanda, Rusiya ilə münasibətlərin inkişafına da diqqət göstərməlidir. Amma Türkiyə geopolitik məsələlərdə öz çəkisinə uyğun gəlməyən böyük məsələlərə girişdikdə və bu zaman da mənsub olduğu hərbi-siyasi blokla məsləhətləşmədikdə məsələlər gərginləşir".

"Türkiyə ordusu Mosulun İŞİD-dən geri alınmasında iştirak etmək istəyir. İraq tərəfi isə şiddətlə buna qarşı çıxır. Amerika özü danışmasa da, İraqın baş nazirini danışdırır. Ərdoğanın da İraqın baş nazirinə verdiyi cavab o qədər də diplomatik cavab deyildi. Bir sözlə, Türkiyənin bölgədə İŞİD-ə qarşı əməliyyatları ilə bağlı məsələlərdə mövqelər haçalanıb. Ciddi gərginlik yaranıb. Bu gərginlikdə Türkiyə tərəfi dərinə getməməlidir. Çalışmalıdır ki, məsələnin diplomatik yolla həllinə nail olsun. Əks təqdirdə Türkiyə NATO üzrə müttəfiqlərini itirə bilər. Biz Türkiyənin bölgədə rolunun yüksəlməsinin tərəfdarıyıq. İndiki səviyyədə qarşıdurma perspektivləri görünür və bundan qaçmaq lazımdır", — Q. Hüseynli vurğulayıb.

© © Mehmet Öztarsunun şəxsi arxivindənMehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri
Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri  - Sputnik Azərbaycan
Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri

Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu da Sputnik-ə açıqlamasında ABŞ-Türkiyə münasibətlərini dəyərləndirib. Onun sözlərinə görə, ABŞ-Türkiyə münasibətlərində danışılmayan, amma media yolu ilə ifadə edilməyə çalışılan məsələlər var: "ABŞ son dövrlərdə anlaşılmaz bir yol izləyərək Türkiyə ilə münasibətlərdə mövqeyini dəqiqləşdirə bilmir. Türkiyənin Rusiya ilə yaxınlaşmasının da təsirli olduğu bu vəziyyət, ABŞ-ın bölgədəki siyasətinə təsir edəcək".

"ABŞ-ın Rusiya ilə heç bir şəkildə razılığa gələ bilməməsi və bölgədə meydana çıxan Türkiyə-Rusiya ortaqlığı siyasi böhranlara səbəb ola bilər. ABŞ-ın 15 iyul çevriliş prosesindəki naməlum mövqeyini də nəzərə alsaq, yaxın dövrdə iki ölkə arasında siyasi böhran yaşanacağını düşünə bilərik", — Öztarsu deyib.

O, Hillari Klintonun gizli e-maillərində "İsrail uğrunda Suriyanı yerlə bir etmək" lazım olduğuna dair məsələyə də toxunub: "Bu doğrudursa, PYD və ya başqa bir təşkilat fərq etməz, ABŞ hər cür dəstəyi təmin edər. Türkiyə ilə fərqli danışıb, Suriyada başqa cür iş görərək hər hansı bir nəticəyə gəlmək olmaz. Mövlud Çavuşoğlu aydın bir şəkildə ABŞ-ın istəməyərək də olsa, terroru dəstəkləyən ölkə ola biləcəyini bildirib".

Xəbər lenti
0