10:15 28 Mart 2017
Canlı yayım
Çıxışçı

Patriarxın payızını yaşayan liderlər

© Foto: PUBLIC DOMAIN
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
70 0 0

Hər kəs başqasından əxlaqlı olmağı tələb edir, özü isə bu prinsiplərə boyun əymək istəmir

BAKI, 12 okt — Sputnik. Niyə bu ölkədə siyasi lider olmaq çətindir? Bu sual ən çox müzakirə olunan məsələlərdəndir. Tarixə müraciət etsək, bu problemlə bağlı bir çox nümunələri örnək göstərə bilərik.

Məsələn, Hindistan azadlıq hərəkatının ən önəmli siması olan Mahatma Qandi 18 yaşında ingilis məktəbində təhsil alıb və Qərb mühitinin təsiri altına düşüb. Şəxsi yaşam tərzi tam qərbli gənclərə bənzəyib. Sevimli məşğuliyyəti skripkada Avropa bəstəkarlarının əsərlərini ifa etmək, Qərb rəqslərini oynamaq olub. İngilis dilində danışması, ingilis həyat tərzi ona Hindistan azadlıqsevərlərinin ən önəmli lideri olmasına mane olmayıb. M. Qandi azadlıq hərəkatının fəlsəfi köklərini yarada bilib və tarixdə də elə buna görə qalıb.

İslam respublikasının ideya-siyasi proqramının müəllifi olan Ayətullah Xomeyni də uzun illər Parisdə yaşayıb, lakin bu, onu inqilab lideri olmaqdan məhrum etməyib.

Deməli, ən əsası harada yaşamaq deyil, fərdi keyfiyyətlər və ideya daşıyıcısı olmaqdır. Azərbaycan müxalifət liderlərinin harada yaşamasından asılı olmayaraq — vətəndə, yaxud qürbətdə — çatışmayan başlıca səbəb ideya generatoru olmamalarıdır. Get-gedə daralan çevrəni itirmək qorxusu hər an var. Xarici təzyiqlərin olması hələ çevrəni tam qapamağa imkan vermir.

Lakin limit bitmək üzrə olduqda, hətta kənar təsirlər də birləşdirici amil rolunu oynaya bilmir. Proseslərin bütün yükünü, sayı get-gedə azalmaqda olan fədakar gənc müxalifətçilərin çiyinlərinə yükləmək də yanlışdır. Bir qrup insanın daşıya biləcəyi çəki var. Artıq çəkini daşımaq hələ heç kəsə nəsib olmayıb.

Demokratiya uğrunda mübarizə aparan düşərgənin özündə "qara piar", qarşılıqlı nifrət, çirkaba bulamaq, dayaz düşünmək, günahkar axtarışı, ən önəmli məsələ olan vəziyyətdən çıxış yolunu tapmağa imkan vermir. Digər tərəfdən, insanlar liderləri uğrunda sona qədər yalnız o zamana qədər dayanırlar ki, onlar prinsip və dəyərlər daşıyıcısı olurlar. Təbliğ etdikləri etik normalara ilk növbədə özləri əməl edirlər.

Bu normalar pozulduqda, hətta ən qatı tərəfdarlar ordusunun da liderlərdən üz çevirmə prosesi başlayır. Ən əsası isə odur ki, cəmiyyət kənardan müşahidə edir və siyasi rəqiblərə qarşı eyni əcaib üsullarla mübarizə aparanların fəaliyyətini yumşaq desək, qınayır və öz passivliyi ilə əslində buna etirazını bildirir.

Bu, belə də olmalıdır. Şəxsinə atılan çamuru lənətləyənlər özləri də çamur atan birisinə çevrilməməlidirlər. Əks təqdirdə, meydanda yalnız qalacaqlar.

"Dəli Kür" romanının müzakirəsi zamanı əsərin müəllifi, xalq yazıçısı İsmayıl Şıxlıya belə bir sual ünvanlandı: "Əsərinizin baş qəhrəmanı Cahandar ağa başqasının xanımını qaçırır. Bu, əxlaqa zidd deyildimi?".

İ. Şıxlının cavabı düşündürücü idi: "Cahandar ağa öz kəndində bir əxlaq norması təyin etmişdi və heç kəsə imkan vermirdi ki, bu prinsipləri pozsun. Bu dəyərlərin yaşamasında bütün kənd maraqlı idi. Lakin Cahandar ağa özünün yaratdığı dəyərlər sistemini elə özü də pozdu və bu, onun məhvinə səbəb oldu".

Bu gün cəmiyyətin başlıca problemi odur ki, hər kəs başqasından əxlaqlı olmağı tələb edir, özü isə bu prinsiplərə boyun əymək istəmir. Bu isə Cahandar ağa taleyini yaşamaq perspektivini yaradır.

Azərbaycanda fərqli xüsusiyyətlərin daşıyıcısı olan siyasi xadimlər fəaliyyət göstərirlər. Lakin onların əksəriyyəti formaca fərqli, məzmunca eynidir. Cəmiyyət isə fərqləri ayırd eləmək istəyir. Hər hansı bir liderin şəxsi keyfiyyətləri hələ onun yaxşı rəhbər olacağının göstəricisi deyil. Fidel Kastro vaxtilə Kuba xalqının sevimlisi idi. Lakin özünə məftun olması və təbliğ etdiyi dəyərləri elə özünün pozması onu zalım bir diktatora çevirdi.

Əjdahanı öldürüb, özü əjdahaya çevrilənlər tarixdə az olmayıb. Əjdaha içimizdədir. Onun nə vaxt bizi udacağı da bəlli deyil. Zülmət və nur, xeyir və şər də insanın daxilindədir. Hansı qalib çıxacaq, söyləmək olduqca çətindir.

Təbii ki, uzun illər müxalifətdə olmaq asan deyil. Lakin müxalifətçi obrazı bir dəyər, prinsip daşıyıcısı olmaqdan çıxırsa, bu, artıq müxalifətçilik hesab olunmur.

Həzrət Əlinin (ə.s.) ən böyük sınağı Həzrəti Məhəmmədin (ə.s.) dünyasını dəyişməsindən sonra başladı. Peyğəmbərə verdiyi sözü tutan mərdlərin şahı olan Həzrət Əli (ə.s.) xəlifə olana qədər Zülfüqarı qınından çıxartmadı. Çıxartsaydı, çox qanlar töküləcəkdi. Əli (ə.s.) hakimiyyət məsələsini həll edə bilərdi. Lakin o halda könüllər padşahı olan Əli olmayacaqdı…

Əlaqədar

İsrailin əfsanəvi lideri vəfat edib
Türkiyənin ana müxalifət lideri ölümdən döndü
Yeni siyasi eskiz layihə
Klassik siyasətin iflası
Dəniz gəzmişlərin yoxluğu
Siyasi müstəvini inhisara almaq cəhdləri
Teqlər:
Mahatma Qandi, Ayətullah Xomeyni, lider, iqtidar, müxalifət, siyasət, demokratiya

Əsas mövzular