Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Avropa Amerika asılılığından xilas olmağa çalışır"

© AFP 2023 / FREDERICK FLORINAvropa Komissiyasının rəhbəri Jan-Klod Yunker
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqının vahid ordusunun yaradılması ideyasını ekspertlər belə dəyərləndirirlər

BAKI, 15 sen — Sputnik. "Avropa İttifaqı ölkələri hərbi cəhətdən güclü olmalıdır, bunun üçün də vahid ordu yaratmalıdır". Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker parlamentdəki çıxışı zamanı deyib. 

© Photo : Ahmet Akaydının şəxsi arxivindənTürk politoloq Ahmet Akaydın. Arxiv foto
Türk politoloq Ahmet Akaydın. Arxiv foto - Sputnik Azərbaycan
Türk politoloq Ahmet Akaydın. Arxiv foto

Brüsseldə bir araya gələn İttifaq ölkələrinin liderləri qarşısında çıxış edən Yunker, müdafiə sahəsində sıx əməkdaşlığa ehtiyac olduğunu bildirib. Onun bu bəyanatı bir çox çevrələrdə ciddi şübhə doğurub. Ekspertlər hesab edirlər ki, komissiya rəhbəri verdiyi açıqlama ilə birbaşa NATO və ABŞ-a mesaj göndərir.

Komissiya sədrinin son bəyanatını Sputnik-ə dəyərləndirən türkiyəli politoloq Ahmet Akaydının fikrincə, ABŞ-ın liderliyindəki NATO-nun Avropanı qorumağa gücü çatmır: "NATO nə qədər ümumi təşkilat hesab olunsa da, bu təşkilatı əsas idarə edənin ABŞ olduğunu hər kəs bilir. Qurumu Amerikanın idarə etməsi Avropa üçün problem deyil. Əsas problem, ABŞ liderliyindəki NATO-nun Avropanı nə qədər qoruya bildiyidir".

"Ukrayna böhranı bir daha göstərdi ki, Vaşinqton avropalı dostlarını Rusiyaya qarşı qorumaqda acizdir. Məhz bu təhlükəni nəzərə alan Aİ, özü hərbi ittifaq yaratmağa çalışır. Çünki ani bir savaş çıxsa, Amerikanın köhnə qitəni qoruya bilməsi ciddi sual doğurur", — siyasi şərhçi qeyd edib.

Maraqlıdır ki, Jan-Klod Yunker Avropa Komissiyasına rəhbərlik edən gündən İttifaqın öz ordusunu yaratmasının vacibliyini bildirir və bu məsələdə israr edir. Yunkerin parlamentdəki rəqibləri isə, NATO kimi hərbi-siyasi blok olduğu yerdə Aİ-nin ordusunun nə işə yarayacağını anlamadıqlarını söyləyirlər. Yunkerə müxalif olanlar, bu işin böyük maliyyə tələb etdiyini deyərək, komissiya rəhbərini sərt tənqid edirlər.

Yunkerin "vahid ordu" ideyasını şərh edən politoloq Zərdüşt Əlizadə, komissiya sədrinin dediklərinin yeni bir şey olmadığını bildirib: "Bu ideya artıq 40 ildir ki, səslənir. Yəni, yeni bir şey deyil. Siyasi dairələr vaxtaşırı bunu müzakirə edirlər. Ekspertlər onun büdcəsini hesablayır, hərbi strateqlər istiqamətini müəyyənləşdirirlər, ancaq yekunda heç nə baş vermir. "Vahid ordu" ideyası hələlik nəzəri söhbətdir".

© Photo : STRZərdüşt Əlizadə, politoloq
Zərdüşt Əlizadə, politoloq - Sputnik Azərbaycan
Zərdüşt Əlizadə, politoloq

Z. Əlizadə ideyanın əsas mahiyyətini bu cür izah edir: "NATO İkinci Dünya Müharibəsindən sonra Sovetlər İttifaqına qarşı yaradılmış hərbi blokdur. Və bu blok SSRİ ordusunun nə qədər güclü olduğunu və neçə günə Lamanş boğazına çıxa biləcəyini çox yaxşı bilirdi. Yəni, o vaxt vəziyyət başqa idi. İndi isə Sovet təhlükəsi yoxdur. NATO-nun dünya miqyasında rəqibi qalmayıb. Buna baxmayaraq NATO qalıb. Nəyə görə? Amerika özünün liderlik edəcəyi Paks-Amerikana, yəni təkqütblü dünya nizamını qurmaq üçün öz müttəfiqlərindən istifadə edir. Və bunu da açıq şəkildə etiraf edirlər".

"Hətta öz siyasi doktrinalarında da qeyd olunub ki, Amerika məqsədlərinə çatmaq üçün bəzi hallarda öz ordusundan yox, başqa ölkələrin ordusundan istifadə etməlidir. Bu, həm ucuzdur, həm də ABŞ-a az zərər gətirər. Liviya məsələsində, Amerika əsas oyunçu deyildi. Əsas işi görənlər Fransa, Almaniya, İngiltərə və İtaliya idi. Və döyüş ərəfəsində onların mərmiləri qurtaran zaman Amerikaya ağız açdılar və yardım aldılar. Ancaq sonda, əsas siyasi xeyri məhz Vaşinqton götürdü", — politoloq qeyd edib.

Z. Əlizadə, İkinci Dünya Müharibəsindən sonra Avropanın hərbi cəhətdən daim Amerikadan asılı olduğunu, lakin iqtisadi cəhətdən hazırda köhnə qitənin ABŞ-ı geridə qoyduğunu deyib: "Hazırda Avropa öz siyasi ambisiyalarını həyata keçirmək istəyir. Bunun üçün isə hərbi asılılıqdan xilas olmaq lazımdır. Yunker qeyd etmək istəyir ki, madam ki, Avropa iqtisadi cəhətdən çox güclüdür, vahid bank, vahid maliyyə mərkəzi qura bilib, niyə də vahid ordu yaratmasın?".

Bununla belə, siyasi şərhçi hesab edir ki, Jan Klod Yunkerin ideyasının həyata keçməsi olduqca çətindir: "Çünki Avropada bəzi dövlətlər var ki, özünü Amerikadan asılı hesab edir. Bu, Ruminiya, Polşa, Baltikyanı kimi Şərqi Avropa ölkələridir".

Qeyd edək ki, Jan Klod Yunkerin təşəbbüsü təsdiqlənəcəyi təqdirdə Avropanın birləşmiş hərbi bloku artıq 2018-ci ilədək yaradıla bilər.

Xəbər lenti
0