03:23 20 Yanvar 2017
Canlı yayım
Türk ordusu Suriyada

Türk ordusu Suriyaya girməklə kimlərin planını alt-üst etdi?

© REUTERS/ Revolutionary Forces of Syria Media Office/Handout
TƏHLİL
Qısa URL
Güngör GÖKDAĞ
37360

Türkiyə yeni dünya sisteminin üzə çıxartdığı şərtlərə qarşı Yaxın Şərqin formalaşmasında öz rolunu oynayır

BAKI, 30 avq — Sputnik. Türk ordusu Suriyanın şimalındakı Cerablus bölgəsinə "Fərat Qalxanı" (Fırat Kalkanı) adı ilə hərbi əməliyyat başlatdı. Əməliyyatın məqsədi ölkə ilə sərhədin Suriya tərəfindəki İŞİD və YPG terrorçularını o bölgədən təmizləməkdir. Həmçinin YPG silahlılarını Fərat çayının şərqinə çəkərək, Suriyanın ərazi bütövlüyünü mühafizə etməkdir.

İndiyədək nə Amerika, nə Rusiya, nə də koalisiya qüvvələri İŞİD-ə qarşı quru əməliyyatında Türkiyə qədər cəsur ola bilmədi. Suriyaya girdikləri gündən bu yana hava əməliyyatları ilə nəticə almağa çalışdılar. Lakin zərəri daha çox sivillər gördü, minlərlə günahsız insan dünyasını dəyişdi. Türkiyə Silahlı Qüvvələri isə quru əməliyyatına girişərək öz cəsarətini göstərdi və məqsədinə çatmaq üçün qarşısına çıxa biləcək maneənin ordunun hədəfində olacağını bildirdi.

PKK-PYD-YPG-nin məqsədi isə, Suriyadakı qarışıqlıqdan istifadə edib ABŞ himayəsində "Böyük Kürdüstan" yaratmaq və iqtisadi baxımdan sabitliyi təmin edə bilmək üçün Aralıq dənizinə açılan bir kürd dəhlizi qurmaqdır. Bu isə Türkiyə üçün birbaşa təhdiddir. Çünki Suriya ilə olan 911 km-lik sərhədin kürd silahlılar tərəfindən idarə edilməsi, gələcəkdə Türkiyənin cənub-şərq bölgəsində separatçı meyllərin artmasına səbəb ola bilər.

Bundan başqa, ABŞ-ın himayəsindəki PYD-YPG silahlıları Suriyanın şimalını nəzarətə alaraq Ərəb və Türkmən bölgələrində qırğınlar törətdi. Bölgənin demoqrafik quruluşunu dəyişdirərək xalqı köçməyə məcbur etdi. Hazırda Suriyanın şimalında çox geniş bölgədə nəzarət PYD-PKK-nın əlindədir. Və addım-addım öz hədəflərinə doğru irəliləyirlər. Hadisələr rəsmi Ankaranın əleyhinə və heç istəmədiyi istiqamətdə inkişaf etməkdədir.

Türkiyədə üç milyondan çox qaçqın məskunlaşıb. Sərhədin qarşı tərəfində terror təşkilatlarının bombalar partlatması, dincliyə və daxili siyasətə də dərindən təsir edir. Ölkənin terror hücumlarına sıx məruz qalması, mövcud olan bir çox problemin Suriyadan qaynaqlandığını göstərir. Polisin asayişi qorumaqla bu təhlükələrin qarşısını ala bilməsi o qədər də mümkün görünmür.

Eyni mərkəzdən yönləndirilən terror təşkilatları vasitəsilə Türkiyəni dörd bir tərəfdən mühasirəyə alaraq bir çox həyati məsələlərdə geri addım atdırmağa çalışırlar. Diqqət edin, İŞİD və PKK Suriyada fərqli formatda mübarizə apardıqları halda, Türkiyədəki fəaliyyətlərində birlikdə hərəkət edirlər. Bu terror təşkilatlarının əsas beyin mərkəzi, ölkə içərisində bombalar partladıb gündəmi məşğul edərək, türk dövlətinin diqqətini sərhəddən yayındırmağı, bununla da regionda xəritələri dəyişdirə biləcəklərini düşünürlər.

Artıq Suriya məsələsini heç kim Türkiyənin daxili məsələsindən ayrı tuta bilməz. Bunu prezident Ərdoğan da dəfələrlə çıxışlarında açıq şəkildə qeyd edib. Oynanılan oyuna, hadisələrə qarşı qətiyyən səssiz qalınmayacağı barədə dəfələrlə xəbərdarlıq edilib.

Hökumət açıq şəkildə bəyan edir ki, Türkiyənin sabitliyini təhdid edən bütün ünsürlər sərhəddən təmizlənənə qədər hərbi əməliyyat davam edəcək. Çünki bu, Türkiyənin qanuni haqqıdır. 98 il əvvələ qədər öz vilayəti olan Suriyanın ərazi bütövlüyünün qorunması və sabitliyinin bərpası da Türkiyənin məsuliyyəti üzərindədir.

İslam dünyasının Türkiyədən ümidləri və gözləntiləri də böyükdür. Bura, türkmən və digər din qardaşlarımızın can və mal təhlükəsizliklərinin təmin edilməsi, müharibənin sonlandırılması kimi faktorlar daxildir.

Türk ordusu bu gün İŞİD başda olmaqla bölgədəki bütün terror təşkilatları ilə mübarizə aparmaqdadır. Bu təşkilatların bəziləri sabah Avropa üçün də təhlükə kəsb edə bilər. Ordumuzun başlatdığı bu əməliyyatın Qərb tərəfindən dəstəklənməsi, təhlükənin özlərinə yönəlməməsi baxımından əhəmiyyətlidir. Çünki Türkiyədə qeyri-sabitliyin baş qaldırması Avropanın təhlükəsizliyinin risk altında olduğu mənasını verər.

Türkiyə fiziki olaraq Suriyaya nə qədər girdisə, Avropa və Amerikanın oyun və planlarının içinə də o qədər girmişdir. Gələcəklə bağlı, orta və uzun vədəli plan və proqramlarını alt üst etmişdir. Türkiyə isə öz mövqeyində tam qətidir. Yeni dünya sisteminin üzə çıxartdığı şərtlərə qarşı Yaxın şərqin formalaşmasında öz rolunu oynamaqdadır. Artıq bundan sonra kimlə, hansı formada razılaşacağına baxacaq. Suriyada hərbi varlığını artıraraq risk etsə də, regionda söz sahibi olaraq qalacaq.

Əlaqədar

Türkiyə Silahlı Qüvvələrinin II Ordu komandanı Suriyaya gedib
Daha 10 türk tankı Suriyaya daxil oldu
Suriyanın Cerablus şəhərı İŞID-dən azad edilib
Türkiyə Suriyaya niyə girib?
Suriya hökuməti Türkiyəni qınadı
Ərdoğan Suriya əməliyyatlarından danışdı: "Artıq yetər!"
Türk ordusu Suriyada bir kəndi İŞİD-dən təmizlədi
Teqlər:
"Fərat Qalxanı", Cerablus, Türk ordusu, Suriya, Türkiyə

Əsas mövzular