10:14 28 Mart 2017
Canlı yayım
Avropa İttifaqı və Türkiyə bayraqları

Qərbin türk düşmənçiliyi

© REUTERS/ Murad Sezer/File Photo
TƏHLİL
Qısa URL
Güngör GÖKDAĞ
24540

Nə Avropa, nə də Amerika yeni Türkiyənin, artıq köhnə Türkiyə olmadığını qəbul etmək istəyir. Bu səbəbdən Ərdoğanı düşmən kimi görür, onunla çalışmaq istəmirlər.

BAKI, 23 avq — Sputnik. Demokratiya, azadlıqlar, insan hüquqları kimi anlayışlar Qərb cəmiyyətləri üçün əhəmiyyətlidir. Xüsusilə demokratiyanın beşiyi sayılan Avropa dövlətləri davamlı olaraq başqa ölkələrin demokratiyalarını sərt tənqid edir, hər zaman daha irəli demokratiya tələb edirlər. Bəhs etdiyim bu dəyərlər şübhəsiz, Türkiyə üçün də əhəmiyyət kəsb edir.

Çünki Türkiyə hərbi çevrilişlərdən daim əziyyət çəkən bir ölkə kimi, demokratiyanı idarəetmə tərzi kimi mənimsəmiş bir dövlətdir. Türkiyə silahlı qüvvələri 1960, 1980-ci illərdə birbaşa hərbi çevrilişlə, 1971, 1997-ci illərdə isə hökuməti zorla istefaya göndərərək hakimiyyətə əl qoyub.

Millətin iradəsinə qarşı edilən bu hərəkətlər təkcə haqq və azadlıqları deyil, ölkə iqtisadiyyatını də əzərək, gəlir bölgüsünü pozur. Ölkə mədəni və ictimai olaraq məhvə uğrayır. Bir çox insan, ziyalı və alim təbəqələr düşüncə azadlığından məhrum buraxılır. Və qadağalar həyatın bütün sahələrinə qısa zamanda təsir göstərir.

Məhz vaxtilə bu problemləri təcrübə edən milyonlarla insan prezident Ərdoğanın "meydanlara çıxın" mesajına laqeyd qalmadı və 15 iyul gecəsi küçələrə çıxaraq çevrilişə ən layiqli reaksiyanı göstərdi.

Xülasə, Türkiyə Qərbin müdafiə etdiyi dəyərləri, çevrilişə imkan verməyərək qoruyub. Demokratiya və insan haqları uğurunda 240 insanın canından keçməsinə baxmayaraq, özlərini demokratiyanın beşiyi sayan ABŞ və Avropadan heç kim Türkiyəyə səfərə gəlmədi. Tam əksinə, çevrilişə cəhd edib, insanları öldürənlərin haqlarını müdafiə etməyə çalışdılar.

Universal dəyərləri müdafiə edən ABŞ və Avropa dövlətləri məsələ Türkiyə olunca, çevrilişə səssiz qalaraq, mövqelərini açıq şəkildə ortaya qoydular. Qərb mətbuatı da uğursuz imtahan verdi. Bu cür demokratiya mübarizəsindən sonra Avropa KİV-ləri hadisəni qınamaq belə, istəmədilər. Onsuz da uzun zamandır birtərəfli və şüuraltı məqsəd güdən məqalələrlə Türkiyə və prezident Ərdoğan əleyhinə kampaniya yürüdürdülər.

Almaniyada, Belçikada, Danimarkada və s. Avropa ölkələrində PKK terrorçularının sərbəst dolaşması, fəaliyyət göstərməsi üçün bütün şərait yaradılıb. Radio və televiziyalarda PKK haqqında "qadağan olunmuş Kürd partiyası" deyə bəhs edilir.

İri şəhərlərin əsas meydanlarında PKK tərəfdarları davamlı olaraq nümayişlər keçirə bilirlər. Ancaq mənfur çevriliş cəhdinin uğursuz olmasına sevinən yüz minlərlə türkün Almaniyada bunu qeyd etməsinə hər cür əngəl yaradılırdı. Prezident Ərdoğanın bu mitinqə tele-konfransla qoşulmasına imkan vermədilər.

Belçikanın paytaxtı Brüsseldə isə, ümumiyyətlə mitinq keçirilməsinə icazə verilmədi. Lakin PKK tərəfdarları nəinki Brüssel şəhər meydanında, hətta Avropa Şurası Parlamentinin düz qarşısında açıq şəkildə Türkiyə əleyhinə etiraz aksiyası keçirə bilir.

Bundan başqa, Belçikada PKK-nın televiziya kanalı və mətbu orqanları sərbəst formada fəaliyyət göstərir. Avstriyada da həmçinin. Bu ölkədə də türklərə ciddi təzyiqlər davam edir.

Təkcə Vyana hava limanındakı reklam lövhəsini misal çəkmək kifayətdir. "Schwechat" Beynəlxalq Hava limanındakı elan çarxında, iki gün aralıqlarla "Tətil üçün Türkiyəyə getməyin. Bununla siz, Ərdoğana dəstək vermiş olursunuz" və "Türkiyə hökuməti 15 yaş altı uşaqlarla cinsi əlaqəyə icazə verir" kimi iyrənc yazılar yerləşdirilmişdi. Üstəlik, bu yazılara İsveç xarici işlər nazirinin dəstək verməsi Avropanın hansı dəyərlərə qulluq etdiyini tam sübut edir.

Nə Avropa, nə də Amerika yeni Türkiyənin, artıq köhnə Türkiyə olmadığını qəbul etmək istəyir. Bu səbəbdən Ərdoğanı düşmən kimi görür, onunla çalışmaq istəmirlər. Çünki bu liderlə Türkiyə böyüyür, güclənir, qarşısına hədəflər qoyur. Milli silah sənayesini yaradır, tankını, topunu, təyyarəsini, gəmisini özü istehsal etməyə başlayır. Milyard dollarlıq investisiyalar, meqa layihələr reallaşdırılır. Türkiyə bölgəsində müstəqil siyasət yürüdür, istədiyi ittifaqı qurur.

Qərbin Türkiyə düşmənçiliyinin altında məhz bu səbəblər durur. Türk milləti də bunu çox yaxşı başa düşür və liderinin arxasında durur.

Əlaqədar

Misir Prezidentindən mühüm Türkiyə açıqlaması
Rusiya-Türkiyə yaxınlaşması Suriyaya nə vəd edir?
Türkiyədən ABŞ-a sərt ismarıc
Türkiyədəki reklam çarxı İsveçdə qalmaqal yaratdı
Türkiyə İncirlik aviabazasını rusların ixtiyarına verərsə...
Teqlər:
ABŞ, Ərdoğan, Türkiyə, Avropa, Qərb, demokratiya

Əsas mövzular