Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İranda azərbaycanlıların oğurlanmış haqları geri qaytarılır

© Photo : PUBLIC DOMAINTehranda tələbələr. Arxiv şəkli
Tehranda tələbələr. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan dili və ədəbiyyatının qonşu ölkənin ali məktəblərində tədrisinə başlanması böyük hadisə kimi dəyərləndirilir

BAKI, 16 avq — Sputnik. İran universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədrisə başlanılır. İranın Təhsil və Qiymətləndirmə Təşkilatı universitetlərin gələn il qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib.

Azərbaycan-İran sənədlərinin imzalanma mərasimi - Sputnik Azərbaycan
Azərbaycanla İran arasında 6 mühüm sənəd imzalanıb

Humanitar fənlər üzrə tələbə qız və oğlanlar 2016-2017-ci il tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcəklər. İranın Elm, Təhqiqat və Texnologiya Nazirliyinin icazəsi ilə Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq. Bu fənn ilk dəfə olaraq qəbul imtahanlarında ərəb, fars fənləri ilə yan-yana göstəriləcək.

İran Konstitusiyasının 15 və 19-cu maddələrində ana dilində tədris məsələsi göstərilib, lakin bu iki maddə uzun illər idi ki, icra olunmurdu. Prezident Həsən Ruhaninin hökuməti bu maddələrin icrasına başlayıb. Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, "İran xalqının rəsmi yazı və danışıq dili fars dilidir. Sənədlər, yazışmalar, rəsmi sənədlər və dərsliklər bu dildə olmalıdır. Lakin yerli danışıq dillərindən mətbuatda istifadə, məktəblərdə və universitetlərdə fars dili ilə yanaşı həmin dillərin tədrisi azaddır".

Prezident Ruhani hakimiyyətə gəldikdən sonra məktəb və universitetlərdə yerli dillərdə (Azərbaycan, kürd, bəluç və türkmən) tədrisə icazə verib.

© Photo : APANizami Cəfərov - deputat, filoloq, alim
Nizami Cəfərov - deputat, filoloq, alim - Sputnik Azərbaycan
Nizami Cəfərov - deputat, filoloq, alim

"Məsələnin əhəmiyyəti ondan ibarətdir ki…"

Məsələ ilə əlaqədar millət vəkili Nizami Cəfərov Sputnik-ə açıqlamasında deyib ki, bu məsələ İran inqilabının ilk illərində qalxmışdı və bəzi universitetlərdə də xüsusi kurs kimi, yəni ürəyi istəyənlərin öyrənməsi üçün şərait yaratmışdılar: "Təbii ki, peşəkarlıq səviyyəsi o qədər güclü deyildi. Azərbaycandan da müəllimlər dəvət etmişdilər. Bununla yanaşı, o, lazımi səviyyəyə qalxmadı".

"Həsən Ruhani hakimiyyətə gələndən sonra, İran müəyyən qədər dünyaya açılıb. Bu, İran universitetləri üçün bir intellektual hadisədir ki, burada müxtəlif dillər öyrənilsin, müxtəlif xalqların ədəbiyyatı, mədəniyyəti öyrənilsin. Və buna xüsusi siyasi, ideoloji bir məzmun verilməsin. Çünki, dünyanın hər yerində, dünyanın inkişaf etmiş universitetlərində müxtəlif dillər, ədəbiyyatlar, mədəniyyətlər müxtəlif formalarda öyrənilir. Bu, ola bilər ki, birbaşa tədris formasında olsun, ola bilər, dərnəklər səviyyəsində olsun, amma bütün hallarda bu proses gedir", — deputat bildirib.

N. Cəfərovun sözlərinə görə, İran universitetlərində Azərbaycan dilinin və ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi çox vacibdir: "Ona görə ki, burada xalqın böyük əksəriyyəti azərbaycanlıdır. İstər-istəməz çox böyük maraq var. Yəni, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlərin normallaşması, hətta istiləşməsi müxtəlif sahələrdə bu əlaqələrin güclənməsi buna imkan yaradır".

"İstəməzdim, İranda düşünsünlər ki, hansısa səviyyədə bu, təhlükəli bir məsələdir. Yəni müəyyən dövrlərdə belə də düşünülüb. Burada heç bir təhlükə yoxdur. Çünki, İrandakı azərbaycanlılar, Azərbaycan türkləri özlərini İran İslam Respublikasının vətəndaşları hesab edirlər. Burada hər hansı bir başqa məsələ ortaya çıxa bilməz. Əksinə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti hansısa münasibətlər əsasında öyrənilmirsə, bunun problemi ola bilər. Bu, ictimai səviyyədə problem yarada bilər", — millət vəkili vurğulayıb.

O, sözügedən yeniliyin iki istiqamətdən əhəmiyyətini qeyd edib: "Birincisi, yerli xalq, vətəndaşlar, Azərbaycan türkləri öz ədəbiyyatlarını, dillərini, tarixlərini öyrənirlər və heç bir xalqın dili, ədəbiyyatı, tarixi də başqa bir xalqın dilinin, ədəbiyyatının, tarixinin öyrənilməsinə mane olmur. Bu, normal bir mühit yaradır. Başqa bir tərəfdən də sırf bir elmi, intellektual, akademik tələbdir ki, inkişaf etmiş universitetlərdə yerli əhalinin, yerli cəmiyyətin, qonşu cəmiyyətlərin, beynəlxalq xüsusi nüfuzu olan cəmiyyətlərin dili, ədəbiyyatı, tarixi öyrənilir. Bu, artıq universitetlərin özünə hörmət gətirən məsələdir. İndi gələcəkdə tam Azərbaycan dilində universitetlər olacaq, ya olmayacaq, bu, ayrı bir məsələdir. Bu, yeni bir mərhələ olardı".

"Bu addım çoxdan atılmalıydı"

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Fazil Mustafa

Millət vəkili Fazil Mustafa isə Sputnik-ə açıqlamasında deyib ki, İran hakimiyyəti bu addımı çoxdan atmalı idi: "Bu, elementar insan hüquqlarına aid olan bir məsələdir. Xüsusilə də İslam dövləti adına iddia edən bir siyasi rejim mütləq insanların haqlarına hörmətlə yanaşmağa borclu idi. Bu məsələdə də hesab edirəm ki, belə bir addımın atılması hər halda müsbət qarşılanmalıdır".

"Çünki, indiki şərtlərdə İranın özünə də lazımdır ki, daxildə ayrı-ayrı xalqların elementar insan haqlarına aid problemlərin həllinə özü birbaşa müdaxilə etsin, özü bu istiqamətdə müsbət addımlar atsın", — deputat qeyd edib.

O, hər bir halda bu addımı müsbət hesab edir: "Fikrimcə, bu proses davamlı olar, digər mədəni haqların təmin olunmasına yardımçı olar. Hər halda biz bunu gözləyək. Ümid edirik ki, İranda bu, müəyyən islahatlar istiqamətində müəyyən ilk və son addım olmayacaq, davamlı bir addım olacaq".

Xəbər lenti
0