11:32 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
TƏHLİL
Qısa URL
52 0 0

Politoloq: Ankara Bakının maraqlarını nəzərə almasa, Bakı da manevr siyasətinə yenidən baxmalı olacaq.

Rusiya, İran və Azərbaycan prezidentləri Bakıda görüşdülər. Bir gün sonra isə Türkiyə prezidenti Ərdoğan Rusiyaya səfər etdi və prezident Putinlə görüşdü. “Təyyarə qalmaqalı”ndan və hərbi çevrilişə cəhddən sonra Ərdoğanın Rusiyaya səfəri düşündürücü idi. Hərbi çevrilişə cəhddən sonra Qərblə münasibətlərində gərginlik yaşayan Ankaraya yeni müttəfiqlər lazımdır. Bu baxımdan, Türkiyə diplomatiyası Rusiyaya yaxınlaşmaq barədə düşünür. Bəzi araşdırmaçılar hesab edirlər ki, Türkiyə Rusiyanın Cənubi Qafqaza qayıtmasına yardımçı ola bilər. Ortaya çıxan iddialara görə, Ermənistan Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları 6 rayonu mərhələ-mərhələ Azərbaycana qaytarmağa razıdır. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı və Zəngilanın Azərbaycana qaytarılacağı barədə zondaj xarakterli məlumatlar yayılmaqdadır.  Bu məlumatlara inansaq, növbəti mərhələdə Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək məsələsi ətrafında müzakirələr başlanılacaq. Status müəyyən edildikdən sonra Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarılacaq. Buna qarşılıq olaraq Azərbaycan Ermənistanın şosse və dəmiryolunu açacaq. Nəhayət, Ermənistan və Dağlıq Qarabağ arasındakı sərhəd bölgəsinə beynəlxalq sülhməramlılar yerləşdiriləcək. Bu qüvvələrin tərkibində Türkiyə və Rusiya da  yer almağa çalışır. 

İndi bu sual aktualdır — Qarabağ danışıqlarıyla bağlı ziddiyyətli məlumatlar haradan qaynaqlanır? Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, bu, əlbəttə ki, Bakı-Ankara münasibətlərinə mənfi təsir göstərəcək. Ona görə də Türkiyə bu və ya digər dərəcədə Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin baş verməsində maraqlıdır ki, Ankara-İrəvan münasibətlərinin yaxşılaşması Bakı-Ankara əlaqələrinə mənfi təsir göstərməsin. Bu gün Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması yönündəki addımlarla müqayisədə Azərbaycan üçün daha çox maraq doğuran Ankara və Moskva arasındakı yaxınlaşmadır. Ankaranın Kremlə yönəlik reveransları və Rusiyanın Qafqazdakı pozitiv rolu haqqında türk diplomatlarının bəyanatları yeni gedişlərin xəbərçisidir. 

Hərbi çevriliş cəhdindən sonra Ankaranın  Qərbdən uzaqlaşması ehtimal edilən idi. Bunun obyektiv səbəbləri də var. Qərbdən uzaqlaşan Türkiyə  İran və Rusiya ilə yaxınlaşa bilər. Ankaranın İslam dünyasının liderinə çevrilmək cəhdləri də mövcuddur. Hər iki vektorda dəyişmələr Azərbaycan üçün ciddi suallar ortaya çıxarır.  Bu baxımdan, Ankara – Moskva yaxınlaşmasında Bakının maraqları nəzərə alınmalıdır. Görünən budur ki, Qərbdən incik düşən Ankara Moskvaya əl uzadır. Rusiya isə artıq Türkiyəni də öz təsir dairəsində görməyə başlayıb. 

Türkiyə prezidentinin Rusiya səfərinin yalnız taktiki deyil, həm də strateji əhəmiyyəti vardır.  Hər iki prezident bəyan etdi ki, İki ölkə uzunmüddətli əməkdaşlıq modeli üzərində işləyirlər. Moskvanın Türkiyədən keçən və Yunanıstan sərhədinə qədər uzanan qaz boru xətti çəkmək planı, əlavə olaraq, orada ehtiyat anbarı quraşdırmaq niyyəti həmin kontekstdə bir çox məqamlardan xəbər verir. Lakin bunlar hələlik Rusiya-Türkiyə münasibətlərinin Avrasiya məkanında həlledici geosiyasi faktor olacağı anlamına gəlmir. Bu ssenarinin reallaşması mümkündür. Lakin reallıq bundadır ki, hazırkı mərhələdə geosiyasi müstəvidə müxtəlif amillər mövcuddur. Bu baxımdan, Ankara-Moskva xəttində yaxınlaşmanın sürətlə inkişaf edəcəyini proqnozlaşdırmaq yanlış olardı. Lakin  Rusiya ilə Türkiyə arasındakı əlaqələrdən region dövlətlərinin də faydalana biləcəyini istisna etmək olmaz. Burada real vəziyyət mürəkkəb olsa da, ümumən Cənub Qafqaz üçün səmərəli proseslər start götürə bilər. Digər tərəfdən, yeni Suriya qurulmasında Türkiyə şansını itirir.  Bu məsələdə Azərbaycanın rolu nə ola bilər sualı yaranır. Digər tərəfdən, Ankara Bakının maraqlarını nəzərə almasa, Bakı da manevr siyasətinə yenidən baxmalı olacaq. Bakı Moskva və Vaşinqtonla Ankaranın yardımı olmadan da münasibət qura bilər…

Əsas mövzular